NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

COP29 başladı: Bəşəriyyətin xilası üçün mühüm qərarlar zamanıdır

...

Bütün dünyanın dörd gözlə gözlədiyi noyabr ayının 11-i yetişdi. 200-ə yaxın ölkənin dövlət rəhbərləri, hökumət nümayəndələri, özəl təşkilatların əməkdaşları bəşəriyyətin xilası, sağlam, etibarlı gələcək naminə Bakıya təşrif buyurub. Müxtəlif beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyini uğurla yerinə yetirən Azərbaycanın paytaxtı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da tam hazırdır. Bakı Olimpiya Stadionunda bütün lazımi şərait yaradılıb, texniki məsələlər tam şəkildə həllini tapıb. Rəsmi konfrans və danışıqlar məkanı sayılan Mavi Zona artıq noyabrın 9-dan COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) müvəffəqiyyətlə təhvil verilib. Konfrans zamanı hər gün səhər saat 7:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında xüsusi marşrut avtobusları fəaliyyət göstərəcək. COP29 sədrliyi tərəfindən təşkil və idarə olunan, eləcə də icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən "Yaşıl Zona" üzrə də biletlər satışa çıxarılıb, ödənişsiz giriş biletlərini “iTicket.az” platformasından əldə etmək mümkündür. COP29-un rəsmi saytı da istifadəyə verilib, eyni zamanda dünyanın hər yerindən gələn müxtəlif media subyektlərinin cəld, çevik fəaliyyəti, məlumatların operativ şəkildə geniş kütləyə çatdırılması üçün bütün təchizat sistemi quraşdırılıb. Təbii ki, tədbirin texniki cəhətdən hazırlığı ilə yanaşı, hər gün keçirilən sessiyalar, panel müzakirələr, irəli sürülən təşəbbüslər, səsləndirilən ideyalar, xüsusən ictimai-siyasi elitanın diqqət mərkəzinə, gündəm mövzusuna çevriləcək... 

COP29 Azərbaycanın illərdir, iqlim dəyişikliklərinə qarşı mübarizəsinə dünya ictimaiyyəti, 200-ə yaxın ölkə tərəfindən verilən qiymətin, dəyərin göstəricisidir.  Bəli,  ölkəmizdə əsası hələ 1969-1982-ci illərdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan ekoloji siyasət nəticəsində, milli fəaliyyət planı əsasında təbiətin sağlamlaşdırılması istiqamətində bu günədək mühüm addımlar atılıb. Buna həm qanunvericilik bazasının gücləndirilməsini, ətraf mühitin mühafizəsinə dair parkların, qoruqların yaradılmasını, həm də müxtəlif adlarda həyata keçirilən aksiyalarla minlərlə hektar ərazidə yaşıllıqların salınmasını, səmərəli əkinlərin, innovativ suvarma metodlarının tətbiqini aid edə bilərik. Beləliklə, Azərbaycan təbii və iqtisadi potensialını birləşdirərək ümumbəşəri məqsədə — atmosferin oksigen ehtiyatının artılmasına önəmli töhfələr verib və bu proses davam etməkdədir. Digər ən vacib addım isə məhz Prezident cənab İlham Əliyevin göstərişi ilə “yaşıl enerji”yə keçidin təminidir. Bu xüsusda Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi məqsədilə görülən işlər saf, təmiz enerji istehsalına nail olmaq, karbon qazı emissiyasının aşağı endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İşğaldan azad olunan bir sıra ərazilərdə, o cümlədən Laçında, Kəlbəcərdə su, Naxçıvanda isə əsasən külək və günəş elektrik stansiyalarının tikilməsi və gələcəkdə həmin bərpa olunan mənbələr üzərindən daha böyük layihələrin icrasının nəzərdə tutulması ölkəmizin ümumbəşəri hədəflərə çatması yönündə uğurla irəlilədiyini göstərir. Məhz qlobal iqlim dəyişiklikləri ilə mübarizədə sadalanan və sadalanmayan bütün tədbirlərin, layihələrin cəlbediciliyi, effektivliyi COP29 üçün məkan olaraq Azərbaycanın təsadüfi seçilmədiyini göstərir.

Əminik ki, noyabrın 22-dək davam edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29) ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünyanın gələcəyi naminə ümumbəşəri ideyaların gerçəkləşməsi yolunda vacib addımların atılması ilə nəticələnəcək. Beləliklə də indiyədək Azərbaycanı daha çox etibarlı neft-qaz potensialı ilə tanıyan dünya ictimaiyyəti ölkəmizin iqlim dəyişikliklərinə qarşı möhkəm mübarizə əzminə saf, təmiz enerji istehsalındakı gücünə də yaxından bələd olacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.11.2024 09:21