Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2024, Bazar
Noyabrın 11-dən başlayaraq dünyanın nəbzi Bakı ilə döyünür. COP29-un ölkəmiz üçün müxtəlif istiqamətlərdə əhəmiyyəti var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə gələn bütün dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirir ki, bu da əməkdaşlıq imkanlarını genişləndirmək baxımından çox əhəmiyyətlidir. Tədbir həm də Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müsbət təsir göstərəcək. Azərbaycan təsdiq etdi ki, COP29 kimi beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edə bilir. Bunun üçün, ilk növbədə, ölkəmizin mövcud iqtisadi gücü mühüm rol oynayır. Məhz iqtisadi imkanlarımız sayəsində qısa zaman kəsiyində bu böyük tədbirə ev sahibliyi üçün hazırlıq işləri nümunə kimi görüldü.
Bu da bir həqiqətdir ki, COP tədbirləri, adətən, siyasi sabitliyi təmin etmiş ölkələrdə keçirilir. Çünki belə konfranslarda 100-dən çox dövlət və hökumət başçısı iştirak edir. Əgər siyasi sabitlik olmasa, onların bir yerdə tədbirdə iştirakı da mümkün deyil. Bu baxımdan Azərbaycanın siyasi sabitlik və təhlükəsizliyi təmin edən ölkə olduğunu dünya ictimaiyyəti artıq qəbul edib. Ölkəmizə gələn yüksəksəviyyəli qonaqlar öz gözləri ilə sabitlik ölkəsinə gəldiklərinin də şahidi olurlar.
Bu beynəlxalq tədbir ölkəmizin bərpa olunan enerji və qeyri-neft sektoruna investisiya axınının sürətlənməsinə də töhfə verəcək. Çünki sərmayədarlar iqtisadiyyatı dinamik inkişaf edən, siyasi sabitliyi təmin olunmuş ölkələrə investisiya yatırmaqda maraqlıdırlar. O cümlədən ölkəmizin iqtisadi potensialı və investisiya mühiti sərmayəçilər üçün cəlbedicidir. COP29-a gəlmiş müxtəlif sahələri əhatə edən qonaqlar ölkəmizin iqtisadi potensialı ilə tanış olmaq imkanına malik olacaq ki, bu da gələcəkdə ölkəmizə marağın daha da artmasına səbəb yaradacaq.
Konfrans həm də ölkəmizin turizm potensialının təbliği baxımından da yaxşı fürsətdir. Ölkəmizə gələn qonaqlar Azərbaycanın mədəniyyəti, tarixi məkanları, işğaldan azad olunmuş ərazilərin turizm potensialı, mətbəxi və gəzməli yerləri ilə tanış ola biləcəklər. Bu da həmin şəxslərin gələcəkdə də ölkəmizə səfər etməsinə, o cümlədən öz ölkələrinə qayıtdıqdan sonra ətrafında olan insanlara ölkəmiz haqqında məlumat vermələrinə imkan verəcək. Ölkəmizdəki sabit və təhlükəsiz mühit dünya ictimaiyyətində Azərbaycana marağın artmasına səbəb olacaq. Həm də turizm sektorunda aktivliyin artması yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorunun digər sahələrinin də inkişafına təkan verəcək.
COP29 Azərbaycanı dünyada ləyaqətli və etibarlı tərəfdaş kimi bir daha tanıdacaq. Bu da beynəlxalq arenada sözümüzün gücünün artmasına və mövqelərimizin möhkəmlənməsinə töhfə verəcək. COP29 həm də anti-Azərbaycançı və islamofob baxışlarını sərgiləyən bütün dairələr üçün ən yaxşı cavabımızdır.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər