NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

“Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib

...

16 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayon Kərimbəyli kəndində “Cinsi ayrı-seçkiliyə görə selektiv abortların qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə İbrahimova cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqət çəkmişdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Zərnigar Orucəliyeva tədbirdə çıxış edərək bildirib ki, cinsi ayrı-seçkilik yolu ilə abortların edilməsi müasir cəmiyyətin aktual problemidir. Ən başlıcası selektiv abort bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. O, gender stereotiplərini gücləndirir və bir cinsə, adətən, qadınlara qarşı ayrı-seçkilik yaradır. Məhz bu səbəbdən selektiv abortla mübarizə aparmaq üçün çoxşaxəli yanaşma lazımdır. Selektiv abortun mənfi nəticələri haqqında maarifləndirmə təşviq edilməlidir. Qadınları iqtisadi, sosial və siyasi cəhətdən gücləndirən təşəbbüsləri dəstəkləmək lazımdır. Həmçinin risklər barədə gəncləri yaxşı maarifləndirmək də lazımdır, bu onlara məsuliyyətli davranış aşılaya bilər.
Daha sonra “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin həkim ginekoloqu Həqiqət Adıgözəlova mövzu ətrafında çıxış etmişdir. 
Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Nəşr edilib : 16.04.2025 19:23