Qarabağ Universitetində Ümummilli Lider Heydər Əli...
11:42 12.12.2024
0
0
0
NAXÇIVAN :
12 Dekabr 2024, Cümə axşamı
“Yaşıl dünya naminə həmrəylik ili”nə ən gözəl töhfə
Cənnət deyəndə hər kəsin ağlına yaşıllıq, gül-çiçək gəlir öncə. Müqəddəs kitabımızda da yaşıllıqlar içərisində təsvir edilib cənnət. Cənnətin rəsmini çəkən məşhur rəssamların da rəsmlərində yaşıl meşələr görürük. Məhz yaşıl dünyanın ən gözəl rəngi və xilasedicisidir. Çünki yaşıllıqlar dünyanın ağciyərləridir. Qədim çağlardan xalqımız yüzillik ağacı da, körpə fidanı da bir övlad kimi qoruyub, qayğısına qalıb, qocaman ağacların yerinə gəlsin deyə yenilərini əkib, onların böyüyüb ərsəyə çatmasına qayğı ilə yanaşıb. Xalqımız ağacı yalnız yaşıllıq rəmzi deyil, həm də xalqın varlığının vacib şərti kimi qəbul edib. Onlar toplumun birliyi ilə ölkədə ağacların qorunması, onlara qulluq edilməsi arasında daxili əlaqənin olduğunu vurğulayıb, hətta bəzi ağacları müqəddəs sayıblar. Elə ona görə də biz illərlə cənnət Qarabağımıza həsrət qalanda təkcə torpaq həsrəti ilə yanmadı ürəyimiz, qatil düşmənin əlində Topxana meşəsinin tüstüsü ərşə qalxanda qəlbimiz parçalandı. Kəlbəcərdə, Laçında, Zəngilanda meşələr düşmən baltasına tuş gələndə ağacların səssiz harayı qulağımızı batırdı.
Otuz il erməni vandalları Qarabağın flora və faunasını məhv edərək bu bölgənin biomüxtəlifliyinə və təbii sərvətlərinə böyük ziyan vuranda, əkinəyararlı əraziləri davamlı olaraq yandıranda, qiymətli ağac növlərinin kökünü kəsəndə, faydalı qazıntıları amansızcasına talan edəndə, su mənbələrinə və torpağa zəhərli tullantıları atanda, su terroru törədəndə sanki dünya da gözsüz, qulaqsız olmuşdu. Təəssüf ki, bu biabırçılığa, qanunsuz əməllərə biganə yanaşırdı beynəlxalq təşkilatlar. Mənasız bəyanatlar isə kağız üzərində qalırdı.
Ziyanın miqyası
Əvvəllər Qarabağ ərazisində meşə örtüyünün sahəsi 260 min hektardan çox olub, lakin torpaqlar azad edildikdən sonra işğal dövründə, təxminən, 54 min hektar meşə örtüyünün ermənilər tərəfindən məhv edildiyini gördük. Erməni mənbələrinin məlumatına görə, yalnız 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistana nisbətən 2,3 dəfə çox ağac kəsilib (175 300 kubmetr oduncaqla müqayisədə 404,800 kubmetr). Eldar şamı, qoz, palıd, xurma və sair daxil olmaqla qiymətli ağac növləri ciddi zərər görüb.
İllər sonra Qarabağı canımız bahasına geri alanda şahid olduqlarımız bizi dəhşətə gətirdi. Cənab Prezidentin dediyi kimi sanki vəhşi qəbilə keçmişdi oralardan. Onlar mədəni irsimizə verdikləri ziyan kimi üstündə gəzdikləri torpağa da qənim kəsilmişdilər. Yazda taxıl əkib payızda biçir, sonra zəmiləri atəşə verirdilər. Dəfələrlə şahid olsaq da, bu kimi hadisələrə səsimizi heç kimə çatdıra bilmədik. Biz dünyadan ədalət gözləmək yerinə güc toplamağı seçdik. Çünki dünya güclünü haqlı bilən dünya idi.
Əbədi qayıdışın simvolu
Döyüş meydanında və siyasi masada qələbə qazanıb torpağımızı geri aldığımız gündən keçən 4 il ərzində Müzəffər Sərkərdənin “Qarabağ cənnətə çevriləcək” ifadəsinin əməli işdə şahidi olduq. Qarabağa gedən Zəfər yolu dağların başına dolanıb, bağrı yarılıb çəkildi. Uca binalar inşa olundu, tarixi abidələr bərpa edildi, insanlar öz yurdlarına qayıtdılar. Qələbədən dərhal sonra Prezident cənab İlham Əliyevin göstərişi ilə ermənilərin Qarabağda ekoloji vəziyyətə vurduqları ziyan aradan qaldırılmağa başlanıldı. Böyük qələbənin birinci ildönümündə, Zəfər Günündə 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bununla da Topxana meşəsinin bərpasına başlanıldı. Ölkə başçısının işğaldan azad olmuş bölgələrə hər səfəri təməlqoyma, açılış mərasimləri ilə bərabər ağacəkmə aksiyaları ilə də yadda qaldı. Torpağın bağrında açılan yaralar əkilən ağaclar, boy göstərən yaşıllıqlarla sarıldı. Qarabağın 2022-2026-cı illəri əhatə edən “Meşə fondunun bərpası” proqramı çərçivəsində, ümumilikdə, 30 min hektar meşə fondu sahəsinin bərpası üçün meşəbərpa, əkin və təbii bərpa işləri aparılması da qarşıya qoyulan məqsədlərdən biri oldu. Ərazilər minalardan təmizləndikcə həmin ərazilərdə yaşıllıqların salınması həyata keçirilməyə başlandı. Bu işdə təkcə dövlət orqanları yox, sakinlər də dövlətə dayaq oldu. Biz bir olub torpağımızı azad etdiyimiz kimi onu bərpa etmək üçün də yumruğa döndük. Hər əkdiyimiz ağac bir şəhid adı ilə bərabər torpağa kökləndi. Şəhidlərlə adaş olan ağaclar, Eldarlar, Çinarlar...
Zəngilanda, Laçında, Şuşada öz ocağına qayıdan insanların hərəsi bir ağac əkdi bu yaralı torpağa. Bu ağaclar geri dönüşün işarəsi, torpağın əsl sahibi olduğumuzun sübutu oldu. Əbədi qayıdışın simvolu. Azad olunmuş torpağa əkilən ağaclarla yaşıd körpələr də göz açdı Zəngilanda, Şuşada.
İllər bir-birini əvəz etdikcə Qarabağda boy atıb, torpağa kök salan çinarın kölgəsində yüzlərlə körpə böyüyüb Vətən keşikçisi olacaq. Şəhid qanı ilə sulanan torpağın hər qarışında bitən ağaclar çiçək açıb bar verdikcə onların kölgəsində ürəyi Vətən sevgisi ilə dolu olan igidlər yetişəcək. Yaşıllığa bürünən Cıdır düzündə, çiçək açan Laçında, dağlar cənnəti Kəlbəcərdə azad Vətənin mavi səmasında pərvaz edən şəhid ruhları öz adlarını daşıyan barlı-bəhərli, ucaboylu, qamətli ağacların başı üzərindən boylanıb şad olacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər