NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Bütün dünyanın diqqəti yenidən Azərbaycanda

...

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilən dünyanın ən mötəbər tədbirlərindən biridir.Tədbirə sədrlik BMT-nin  beş regionu arasında yerdəyişmə olunur. COP28-in 11 dekabr 2023-cü il tarixdə keçirilən plenar iclasında  Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi qərara alınmışdır.
Azərbaycanın sürətli inkişafı, müasir dünyaya inteqrasiyası, müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, müxtəlif təşkilatlara uğurlu sədrliyi, qlobal problemlərin müzakirə olunduğu platformalardakı qətiyyətli mövqeyi, ümumiyyətlə, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi bu qərarın qəbul edilməsini zəruri etmişdir". Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyev deyib.

Deputat bildirib ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm bir missiyanı öz üzərinə götürən ölkəmizdə  2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin daha da genişləndirilməsi, istixana qazlarının 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək 40 faiz azaldılması əsas hədəf olaraq müəyyənləşdirilmişdir. 
11 noyabr 2024-cü il tarixdə rəsmi açılış mərasimi keçirilən COP29 iki həftəyə yaxın müddətdə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsində əhəmiyyətli platforma olmaqla ölkəmiz bütün dünyanın diqqət mərkəzində olacaqdır. 196 ölkədən 72 000 mindən çox iştirakçının vahid amal ətrafında birləşdiyi bu möhtəşəm tədbir həm də ölkəmizin dünyada tanıdılması baxımından olduqca əhəmiyyətlidir. İki həftəlik müddətdə bütün dünyanın diqqəti Azərbaycana yönələcəkdir.
Artıq COP29-u işıqlandırmaq üçün 3500 media nümayəndəsi qeydiyyatdan keçmişdir. Ölkəmizin COP29-a uğurlu ev sahibliyindən bəhs edən yüzlərlə süjet yayımlanır. COP29 iştirakçıları tərəfindən sosial şəbəkələrdə ölkəmizlə bağlı onminlərlə foto və video paylaşılır. Həmin paylaşımlarda ölkəmizin adət-ənənələrindən, xalqımızın qonaqpərvərliyindən, milli mətbəximizdən, tariximizdən, Bakımızın gözəlliyindən geniş bəhs olunur.  Bütün maneələrə, dezinformasiyalara baxmayaraq, mühüm beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı kimi Azərbaycan bu tədbirə də uğurla ev sahibliyi edir. 
BMT-nin İqlim Dəyişimləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində cənab Prezidentin dediyi kimi: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar 2 ildir, boykota təşviq edirlər. Onlar bütün vasitələrlə Bakıdakı COP29-u boykot edirlər. Onlara pis xəbərim var: Bizim qeydiyyata alınmış 72 000 iştirakçımız var. Onlar 196 ölkədən gəlmiş nümayəndələrdir. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz”.
"Azərbaycan bütün boykot tədbirlərinə baxmayaraq, COP29-a uğurla ev sahibliyi edərək qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə öz üzərinə düşən vəzifələri yerinə yetirməklə dünyanın diqqətini yenidən ölkəmizə yönəldir", – deyə deputat Əjdər Əliyev  əlavə edib.

Nəşr edilib : 13.11.2024 00:15