NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Bu gün Xalq artisti Yasəmən Ramazanovanın doğum günüdür

...

Yasəmən Ramazanova 1958-ci il yanvar ayının 25-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tumbul kəndində dünyaya göz açıb. 1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Həmin ildən Naxçıvan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aparıcı aktrisası və səhnə ustasıdır. İstedadlı aktrisa komik, psixoloji və dramatik rolların məharətli ifaçısıdır.
Yasəmən Ramazanovanın Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində ifa etdiyi obrazlar hər zaman yaddaqalan olmuş və tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Belə ki, bu illər ərzində Hüseyn Cavidin “Ana” pyesində İsmət, Cəfər Cabbarlının “Aydın” əsərində Gültəkin, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasında Gülnaz,  Aleksandr Puşkinin “Qaraçılar” əsərində Zenfira,  Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” romanının Lamiyə,  Əli Əmirlinin “Ağa Məhəmməd şah Qacar” pyesində  Ceyran xanım və bir çox yaddaqalan obrazların səhnədə mahir ifaçısı olmuşdur. 
Hərtərəfli istedada malik olan aktrisa teatrda rejissor kimi fəaliyyət göstərdiyi dövrdə isə  Hüseyn Cavidin “Afət”, Georgi Xuqayevin “Mənim qaynanam” tamaşalarının rejissoru olmuşdur. 2005-ci ildən 2016-cı ilə kimi Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb. Bununla yanaşı, Yasəmən Ramazanova 1980-ci illərdən başlayaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Televiziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib.
 2008-ci ildən Azərbaycan Respublikasının Xalq artisti adına layiq  görülən aktrisa, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 25.01.2025 11:20