NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Bronxial-astmalı uşaqlar üçün Naxçıvan Duzdağ mağaraları ən effektli müalicə məkanıdır

...

Dünya inkişafın yüksək mərhələsinə çatdıqca həyatımıza qatılan  müsbət təsirlərlə bərabər, təəssüf ki, mənfi təsirlər də özünü göstərir. Demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə,  atmosferin çirkləndirilməsi və digər amillər həm təbiətimizdə, həm də sağlamlığımızda müəyyən problemlərə yol açır, bir çox xəstəliklərin yaranmasına səbəb olur. Belə xəstəliklərdən biri də ölkəmizdə, eləcə də  inkişaf etmiş bir çox  dövlətlərdə milyonlarla  insanın əziyyət çəkdiyi bronxial-astmadır.    

Bronxial-astma tənəffüs yollarının selikli qişasının xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik, əsasən, müxtəlif allergenlərə qarşı yüksək həssaslığı olan şəxslərdə təsadüf edilir. Təəssüflər olsun ki, böyüklərlə yanaşı, uşaqlarda da  bu xəstəlik özünü göstərir. Coğrafi mühit, bitki tozcuqları, yaşayış və iş şəraiti, rütubət, kəskin temperatur dəyişiklikləri və sair bronxial-astmanın əmələ gəlməsinə şərait yaradır. Nadir bitki örtüyü, füsunkar təbiəti ilə gözoxşayan, Yaradanın möcüzələrini əsirgəmədiyi müqəddəs yurdumuz belə xəstəliklərin şəfa məkanıdır desək, yanılmarıq. Muxtar respublikamızda tənəffüs orqanları xəstəliklərinin  müalicəsində ən effektiv məkan Naxçıvan Duzdağ mağaralarıdır. Naxçıvanımızın simvoluna çevrilən Duzdağ mağarasında 90 milyon ton təbii qaya duzu mövcuddur. Müalicəvi əhəmiyyətli duz mədənləri  dəniz səviyyəsindən 1173 metr hündürlükdə, girişdən cəmi 300 metr aralıda, 110 metr dərinlikdə yerləşir. Bu mövzu ilə bağlı  Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, Azərbaycan Allerqoloq və İmmunoloqlar cəmiyyətinin prezidenti, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Əməkdar həkim, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva  9-11 oktyabr tarixlərdə XI Avrasiya Uşaq Həkimlərinin “Uşaq  və cəmiyyət: Sağlamlıq, inkişaf, qidalanma problemləri” adlı beynəlxalq konqresində çıxış edib. Biz bu barədə ətraflı məlumat almaq  məqsədilə Lalə xanımla əlaqə saxladıq. 
Bronxial-astmanın müalicə üsullarından bəhs edən Lalə xanım bildirdi  ki, son illər bronxial-astmanın effektiv müalicəsinə baxmayaraq, bu qrup xəstələrin müalicəsində qeyri-medikamentoz müalicə üsullarına maraq daha da artmışdır. Onlardan biri də speleoterapiya üsuludur. Speleoterapiya üsulunun əsas müalicəvi təsiri duz mədənlərinin təbii mikroiqliminə əsaslanır. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə duz mağaralarında speleoterapiya aparılır. Bu ölkələr sırasında Avstriya, Almaniya,  Macarıstan, Polşa, Rumıniya, Rusiya, Belarusiya, Ukrayna,  Qırğızıstan və başqalarının adlarını sadalamaq olar. Yeraltı duz mağaraları Azərbaycan da daxil  olmaqla hazırda dünyanın cəmi 15 ölkəsində fəaliyyət göstərir. 
Bu xəstəliyin müalicəsində mühüm rola malik olan Duzdağ mağaralarından bəhs edən müsahibimiz qeyd edir ki, Naxçıvan Duzdağ mağaralarının digər duz mədənlərindən, yəni şaquli yerləşən karst mağaralarından üstünlüyü onların üfüqi yerləşməsindədir. Bu isə təbii ventilyasiya və xəstələrin mikroiqlimin spesifik xüsusiyyətlərinə daha yüngül adaptasiyasını göstərir. Qeyd etmək lazımdır ki, kalsium və maqnezium ionları ilə  zəngin olan karst mağaralarından fərqli olaraq Naxçıvan Duzdağ  mağaralarında təbii duz aerozolunun tərkibində əhəmiyyətli dərəcədə (90 faizə qədər) xırda dispersli  Na+ və Cl- respirabel hissəciklər var (1-5 mkm-ə qədər), hansılar ki, xüsusən kiçik, orta kalibrli  bronxlara və alveollara  bilavasitə keçərək öz yüksək terapevtik effektivliyini göstərir. Bu mağaralarda belə aerozolların və aeroionların inhalyasiyası bəlğəmin durulaşmasına və onun tənəffüs yollarından çıxarılmasına şərait yaradır, bronxların keçiriciliyini yaxşılaşdırır və onların mukosiliar klirensini və tənəffüs yollarının selikli qişasının qan axınını bərpa edir.      
Mağaraların havasının təmiz olduğundan söz açan müsahibim  diqqətimizə çatdırır ki, həmin mağaralarda havada karbon monooksid, metan və azot  qazları, allergenlər, patogen mikroorqanizmlər və kif göbələkləri praktik olaraq yoxdur. Mağarada təmiz havanın qoxusu rahat nəfəs­almaya imkan verir. Lalə xanım uzun müddət Duzdağ mağaralarında elmi-klinik tədqiqatlar apardıqlarını və bu tədqiqata 5-18 yaş arası yüngül və orta ağır atopik bronxial-astmalı 110 uşaq və yeniyetmənin cəlb  olduğunu, bütün uşaqların mərhələli şəkildə speleoterapiya kursu aldığını və müsbət nəticələr əldə olduğunu bildirir. O qeyd edir ki, bu kurs 3 mərhələdən ibarətdir: adaptasion, əsas və readaptasion rejim. Adaptasion rejimə  2 gün müddətində hər gün 1-2 saat olmaqla gündüz saatlarında xəstənin yeraltı şöbədə qalması daxildir. Əsas rejimdə isə  2-5 yaş arası uşaqlar müalicəni valideynləri ilə birgə keçirir və 1-2 saatdan çox olmamaq şərti ilə orada  qala bilirlər. 5-10 yaş arası uşaqlara 4 saat davam edən gündüz yuxusu, 10 yaş və yuxarı uşaqlara 9 saat davam edən axşam-gecə seansları təyin edilir. Readaptasion rejim xəstənin müalicəsinin qəflətən dayandırılmaması üçün son 2 gündə gündüz 1-2 saat olmaqla mağarada qalmaqdan  ibarətdir. Bu “kəsmə sindromundan” qaçınmağa imkan verir. Sonda müalicənin nəticələrinin müsbət olduğunu söyləyən müsahibim,  yüngül və orta ağır bronxial-astmalı uşaqların 70-80 faizində klinik yaxşılaşmanın müşahidə olunduğunu deyir. Naxçıvan  Duzdağ  mağaraları  konstruksiyası, müalicəvi istirahət mühitinin mövcudluğu və bu mühitin dayanmadan regenerasiya xüsusiyyətlərinə görə ölkəmizin səhiyyəsinin ən unikal müalicəvi müəssisəsidir və onun dünya speleoterapiya təcrübəsində analoqu yoxdur.
Müsahibimiz bu müalicə məkanının unikallığını həm də onunla izah edir ki, buraya təkcə ölkəmizdən deyil, bir sıra xarici ölkələrdən gələnlərin sayı da günbəgün artır. Bu, bəhs etdiyimiz müalicə məkanının böyük imkanlarını ortaya qoymaqla yanaşı, həm də muxtar respublikamızda səhiyyə turizminin inkişafına öz töhfəsini verir.

Türkanə ƏSƏDOVA   

Nəşr edilib : 27.10.2024 14:59