Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda h...
14:10 10.05.2026
0
0
0
NAXÇIVAN :
10 May 2026, Bazar
Azərbaycan dövlətinin Vətən müharibəsindən sonraki mərhələdə əsas prioritetləri sırasında işğaldan azad olunmuş torpaqların hərtərəfli bərpasının həyata keçirilməsi xüsusi yer tutur. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində ötən dövrdə həm məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, həm də müasir infrastruktur layihələrinin icrası, tarixi-mədəni dəyərlərin bərpası baxımından mühüm nailiyyətlər əldə edilib. Cəbrayıl rayonu da bu proqramın ən intensiv şəkildə icra olunduğu ərazilərdən biridir. İşğaldan azad edildikdən sonra rayonun kənd və şəhərləri mərhələli şəkildə yenidən qurulur və burada məskunlaşma prosesi həyata keçirilir. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri bu torpaqlarda yeni inkişaf mərhələsinin başlanması ilə nəticələnir. Mayın 9-da həyata keçirilən növbəti səfər də bu baxımdan mühüm və yaddaqalan hadisəyə çevrildi.
Şükürbəyli dirçəlir, kəndə yeni həyat qayıdır
“Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinin yeniden qurulması, yaşayış məntəqəsinə sakinlərin köçürülməsi yalnız sosial-mənəvi deyil, həm də iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Uzun illər dağıntılar altında qalmış bu ərazilər bu gün mərhələli şəkildə yenidən qurularaq ölkənin iqtisadi, enerji və nəqliyyat sisteminə inteqrasiya olunur. Təqdiredici haldır ki, Şükürbəyli kəndinin yenidən inşası müasir şəhərsalma standartlarına uyğun şəkildə həyata keçirilir. Burada yalnız yaşayış evlərinin tikintisi deyil, həm də sosial infrastrukturun tam kompleksi formalaşdırılır. Fərdi yaşayış evləri ilə yanaşı, məktəb, musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsinin inşası kəndin tam funksional yaşayış məkanına çevrilməsini təmin edir. İlkin mərhələdə 635 evin istifadəyə verilməsi planlaşdırılıb, geri qayıtmaq üçün müraciət edən ailələrin sayının 900-dən çox olması isə soydaşlarımızın doğma el-obada yaşamaq arzusunun real göstəricisidir.
Son 5 illik quruculuq mənzərəsi deməyə əsas verir ki, Cəbrayıl rayonunun Böyük Qayıdış prosesində xüsusi rolu var. Rayon həm coğrafi mövqeyinə, həm də strateji potensialına görə Azərbaycanın yeni inkişaf xəritəsində mühüm yer tutur. Burada həyata keçirilən tikinti işləri təkcə yaşayış məntəqələrinin qurulması ilə məhdudlaşmır, eyni zamanda iqtisadi fəaliyyətin bərpası və yeni inkişaf modellərinin tətbiqini də əhatə edir. Şükürbəyli, Soltanlı və digər kəndlərin dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər bölgənin sosial strukturunun yenidən formalaşmasına və demoqrafik tarazlığın bərpasına şərait yaradır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl səfəri rayonun Şükürbəyli kəndinin açılışı ilə əlamətdar oldu, dövlətimizin başçısı sakinlərlə görüşündə yaşayış məntəqəsinin istifadəyə verilməsini ədalətin təntənəsi günü kimi dəyərləndirdi: "Bu gün çox gözəl bir gündür, tarixi bir gündür, ədalətin təntənəsi günüdür. Biz – bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda bu torpaqları canlandırdıq".
Şükürbəyliyə qayıdış yalnız bir kəndin yenidən qurulması deyil, həm də ümumilikdə, Cəbrayılın yeni iqtisadi və sosial dirçəliş modelinin formalaşmasıdır. Enerji, logistika və kənd təsərrüfatı sahələrində yaradılan imkanlar Böyük Qayıdışın davamlı inkişaf layihəsi olduğunu bir daha nümayiş etdirir.
Cəbrayıl Azərbaycanın strateji nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilir
Bu gün Cəbrayılda həyata keçirilən müasir infrastruktur layihələri və salınan yeni yaşayış məntəqələri onun Azərbaycanın strateji nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilməsini sürətləndirir. Bu baxımdan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıla səfəri bölgənin enerji sistemində həyata keçirilən yeniliklərlə də yadda qaldı. Səfər çərçivəsində Cəbrayıl rayonunun Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyasının açılışı işğaldan azad edilmiş ərazilərin enerji sisteminə reinteqrasiyası baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu yarımstansiya “Şəfəq” Günəş Elektrik Stansiyasının istehsal etdiyi enerjinin ölkənin ümumi şəbəkəsinə inteqrasiyasını təmin edir. Layihə Cəbrayılda "yaşıl enerji" infrastrukturunun formalaşmasında strateji rol oynayır. Burada qurulan rəqəmsal idarəetmə sistemi enerji şəbəkəsinin daha çevik və səmərəli idarə olunmasına imkan verir. İnfrastrukturun “Cəbrayıl" enerji qovşağı ilə əlaqələndirilməsi regionun ölkə üzrə əsas enerji mərkəzlərindən birinə çevrilməsini təmin edir. Layihə nəticəsində bərpa olunan enerji mənbələrinin payı enerji sistemində əhəmiyyətli dərəcədə artır. Bu həm də təbii qaz istehlakının azalmasına və iqtisadi qənaətə şərait yaradır. “Şəfəq” layihəsinin Səngəçal terminalına inteqrasiyası sənaye və enerji sektorları arasında sinerji yaradır. "Yaşıl enerji" hesabına CO2 emissiyalarının illik 260-330 min ton azaltmaqla ekoloji baxımdan mühüm üstünlükdür. Bu layihə Cəbrayılın Böyük Qayıdış çərçivəsində enerji, texnologiya və iqtisadiyyat baxımından strateji mərkəzə çevrildiyini göstərir. Ümumilikdə isə rayonda inşa olunan üç günəş elektrik stansiyasının ümumi gücü 340 meqavat təşkil edəcək. Bu həcmdə enerji istehsalı təkcə Cəbrayılın deyil, bütövlükdə, Qarabağ bölgəsinin enerji təminatında mühüm rol oynaya bilər. Bununla yanaşı, artıq Zəngilan, Laçın və Kəlbəcərdə istifadəyə verilmiş su elektrik stansiyaları ilə birlikdə yaxın illərdə azad edilmiş ərazilərin ümumi "yaşıl enerji" potensialının 700 meqavata çatacağı gözlənilir. Bu, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura dair “yaşıl enerji zonası" strategiyasının mühüm hissəsidir. Dövlətimizin başçısı Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə də bu məsələyə xüsusi toxundu, rayonda inşa olunan günəş elektrik stansiyasının böyük potensiala malik olduğunu vurğuladı: "Cəbrayılda bizim ən böyük günəş elektrik stansiyaları inşa edilir – üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən, bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq".
Cəbrayıl rayonu dövlətimizin həyata keçirdiyi "Böyük Qayıdış" proqramında yalnız yaşayış məkanı kimi deyil, həm də iqtisadi inkişaf mərkəzi kimi planlaşdırılır. Bu baxımdan, “Araz Vadisi İqtisadi Zonası” xüsusi önəm daşıyır. Təxminən, 200 hektar ərazini əhatə edən sənaye zonasında hazırda 20 rezident fəaliyyət göstərir və burada müxtəlif istehsal sahələrinin qurulması regionda yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu da geri qayıdan əhalinin məşğulluğunun təmin olunmasında əsas amillərdən biridir.
Hazırda regionda hökm sürən yeni geoiqtisadi reallıqlar da göstərir ki, Cəbrayılın coğrafi yerləşməsi nəqliyyat-logistika baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, yaxın gələcəkdə rayon ərazisindən keçən və Zəngəzur dəhlizinin tərkib hissəsi olan dördzolaqlı avtomobil yolu regionun beynəlxalq nəqliyyat bağlantılarında əsas arteriyalardan birinə çevriləcək. Yeni yol infrastrukturu Cəbrayılın həm daxili iqtisadi əlaqələrini gücləndirəcək, həm də Azərbaycanın regional tranzit imkanlarını artıracaq. Bundan başqa, aqrar sektor, kənd təsərrüfatı sahəsində də Cəbrayılın geniş potensialı danılmazdır. Münbit torpaqlar və əlverişli iqlim şəraiti burada xüsusilə heyvandarlıq, taxılçılıq və bitkiçilik sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Bu mənada, “Xudafərin” və “Qız qalası” su anbarları vasitəsilə bölgənin su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının dayanıqlı inkişafına ciddi təkan verəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıla səfərini əlamətdar edən digər mühüm məqam rayonda müasir səhiyyə infrastrukturun qurulmasıdır. Hazırda inşası davam edən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası geri qayıdan əhali üçün sosial təhlükəsizlik sisteminin formalaşdırılmasında əsas rol oynayacaq. Xəstəxana kompleksinin tərkibində poliklinika, diaqnostika, laboratoriya və təcili tibbi yardım bölmələrinin yaradılması regionda tibbi xidmətlərin tam şəkildə əlçatanlığını təmin edəcək, əhalinin sağlamlığının qorunmasına, vaxtında və keyfiyyətli tibbi müdaxilələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri belə deməyə əsas verir ki, rayonda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri “Böyük Qayıdış” proqramının mahiyyətini tam şəkildə əks etdirir. Şükürbəyli kəndinin yenidən dirçəldilməsi, müasir sosial infrastrukturun qurulması, enerji və nəqliyyat layihələrinin icrası bölgənin yalnız fiziki olaraq bərpasını deyil, eyni zamanda onun iqtisadi və strateji baxımdan yenidən formalaşmasını təmin edir. Bu proses Cəbrayılı işğaldan əvvəlki vəziyyətinə qaytarmaqla kifayətlənməyəcək, onu daha inkişaf etmiş, dayanıqlı və müasir bir məkana çevirəcək. Eyni zamanda "yaşıl enerji" layihələrinin genişlənməsi, sənaye zonalarının yaradılması, səhiyyə və sosial xidmətlərin formalaşdırılması Cəbrayılın Azərbaycanın yeni inkişaf modelində mühüm rol oynadığını göstərir. Bu gün rayonda atılan hər addım gələcək nəsillər üçün möhkəm təməl yaradır və Böyük Qayıdışın təkcə məskunlaşma deyil, həm də davamlı inkişaf və milli həmrəylik strategiyası olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi: "Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, – Allah bütün şəhidlərimizə rəhmət eləsin, – parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq".
Nail ƏSGƏROV
Digər xəbərlər