NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Şəhid mayor Sadiq Həsənovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

...

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində şəhid mayor Sadiq Həsənovun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin şücaətindən, gənclər arasında dövlətçilik ruhunun aşılanmasının əhəmiyyətindən danışıb. Şəhid mayor Sadiq Həsənovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyib.

Daha sonra şəhidin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid anası Gülşad Rüstəmova və Vüsal Məmmədzadə çıxış ediblər. Gülşad xanım şəhid anası olmağın qürurunu ifadə edərək vətənpərvər oğullar yetişdirdikləri üçün fəxr etdiyini bildirib və Vətənin keşiyində dayanan bütün hərbçilərimizə cansağlığı arzulayıb. Vüsal Məmmədzadə isə Ali Baş Komandanın rəhbərliyi ilə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqların danılmaz olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, şəhidin atası Əli Həsənov, şəhidin övladlarının təhsil aldığı Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin direktoru Tahirə Qasımova, Vətən müharibəsi qazisi Arif Niftəliyev və Əlahiddə Ümumqoşun Ordunun zabiti, mayor Binnət Əsədzadə çıxış ediblər.

Sonra Bahar Mehralıyevanın rəhbərliyi ilə hazırlanmış “Zəfər hekayələri” kitabı və rəssam Şəmsəddin Böyükdüzlünün müəllifi olduğu şəhid Sadiq Həsənovun portreti şəhidimizin ailəsinə təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib, şeirlər və mahnılar ifa olunub. Sonda kollecin direktoru tərəfindən şəhidin övladlarına hədiyyələr təqdim edilib və xatirə fotosu çəkilib.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 20.10.2026 17:10