NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bölgələrdə açıq hava idman qurğuları quraşdırılır

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq regionlarda sadə tipli açıq hava idman qurğularının qurulması prosesi həyata keçirilir. Sentyabr ayında Şahbuz şəhərində başlanan inşaat işləri hazırda plan üzrə nəzərdə tutulan bütün əraziləri əhatə edir.

Hazırda Şahbuzla yanaşı, Şərur, Ordubad, Culfa, Babək şəhərləri, o cümlədən Sədərək rayonunun Heydərabad qəsəbəsi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi, Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində idman qurğularının inşası işləri planlı qaydada davam etdirilir.
Əhali üçün idman xidmətlərinin əlçatanlığını artırmaq, sağlam həyat tərzinin təşviqi, eyni zamanda bölgələrdə bədən tərbiyəsi və idmanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyan bu işlərin yekunu kimi noyabr ayının sonunadək 7-si şəhərlərdə, 4-ü qəsəbələrdə olmaqla, muxtar respublikanın bölgələri üzrə, ümumilikdə, 11 yerdə açıq hava idman qurğularının istifadəyə verilməsi nəzərdə tutulub.
Əlavə edək ki, Babək, Culfa və Şahbuz şəhərlərində inşası nəzərdə tutulan “Sağlam məhəllə” layihəsi də aktiv icra vəziyyətindədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə görülən işlərin davamı olaraq müvafiq tikinti şirkətinin nümayəndələri oktyabrın 8-dən etibarən müvafiq ünvanlara baxış keçirib və növbəti həftədən tikinti işlərinə başlanılması qərara alınıb.

Nəşr edilib : 10.10.2025 18:20