Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
Gündəlik işlərimizlə əlaqədar hər gün bir qədər yol qət etməli, yaxud ünvana yetişmək üçün müəyyən nəqliyyat vasitələrindən istifadə etməli oluruq. Bu halda daha çox marşrut, taksi kimi avtomaşınlar köməyimizə çatır. Müəyyən bir qisim öz şəxsi avtomobiliylə rahat yol qət etsə də, məlumdur ki, çoxumuzun belə imkanı yoxdur və elə bu səbəbdən ən çox üz tutduğumuz nəqliyyat vasitəsi məhz avtobuslardır.
Bu günlərdə dayanacaqda avtobusun gəlməsini gözləyərkən diqqətimi orta yaşlı bir xanım cəlb etdi. Avtobusları bir-bir yola salan Əmanət Əsgərovadan neçə nömrəli avtobusu gözlədiyini soruşduqda əsəbi və bir o qədər məyus halda 2, Tumbul deyə cavab verdi. Sonra həmin xanım elə dərdləşməyə adam axtarırmışcasına sözlərinə davam etdi: – “İşimlə əlaqədar hər gün şəhərə gəlməli, avtobusdan istifadə etməli oluram. Hamı kimi mən də iş çıxışı dincəlmək, ev işlərimi vaxtında yerinə yetirə bilmək üçün evimə getməyə tələsirəm. Gəl gör ki, marşrut gəlmir ki, gəlmir. Niyə 2 nömrəli marşrutdan istifadə etmədiyini soruşduqda isə Əmanət xanım deyir ki, çünki 2 nömrəli marşrutlar kəndin girəcəyində saxlayıb bir də geriyə, avtobusların ümumi dayanacağına qayıdır. Kəndin içərisinə enmir. Bu səbəbdən də məcbur Tumbul yazılan marşrutu gözləyirəm. Bəzən, harada yaşadığımı soruşan bir kəsə Tumbul dedikdə, elə şəhər içərisidir, – deyə cavab verir. Əgər elə şəhər içərisidirsə niyə evimə çatmaq üçün yola məhz 1 saatdan artıq vaxt sərf etməli oluram?”
1946-cı il təvəllüdlü İsmayıl Zeynalov da marşrut gözləyən kənd sakinlərindəndir. O da söhbətimizə qoşulur və deyir: – “Biz tələb edirik ki, kəndin müəyyən bölgələrində avtobus dayanacaqları quraşdırılsın. Çünki qışın soyuğunda, yayın istisində yolda gözləmək çətindir. Xüsusilə bizim kimi yaşlılar və körpə uşaqlılar üçün bu daha vacibdir. Həftəiçi gün ərzində 3 marşrut fəaliyyət göstərsə də, şənbə-bazar günləri bu say ikiyə endiyindən daha çox çətinliyimiz olur. Əslində isə bazar günü istirahət günü olduğundan kimisi evinin azuqəsini almaq üçün bazara üz tutur, kimisi isə ailəsi ilə vaxt keçirmək üçün hər hansı bir yerə getmək istəyir. Amma marşrut gec-gec gəldiyinə görə bu məsələlərlə bağlı problem yaşayırıq.
Məsələ ilə yerində tanış olmaq üçün Tumbula yollandıq və sakinlərlə əlaqə saxladıq. Onlar da şikayətlərini dilə gətirir və bu problemin həll olunmasını tələb edirlər. Kənd sakini 70 yaşlı Nümunə Məmişova deyir ki, səhhətimlə bağlı xəstəxanaya getmək üçün tez-tez marşrutdan istifadə edirəm. Bəzən azca gecikdiyim zaman marşruta vaxtında çata bilmirəm. Növbəti marşrutun gəlməyini gözləmək üçün yarım saata yaxın vaxt sərf olunur. Digər 2 nömrəli marşrutlar kəndin içərisinə girmədiyindən bu yolu yerdə qət etməli oluram ki, bu, səhhətində problem olan biri üçün çox yorucudur. Heç olmasa 2 nömrəli marşrutlar kəndə ensə, yaxud ən azından 3 deyil, 2 marşrutdan sonra Tumbul marşrutu gəlsə, biz də vaxtında və rahat ünvanımıza çatarıq.
Bu barədə Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin Sərnişindaşıma şöbəsinin müdiri Əjdər Nəcəfovla əlaqə saxladıq. Əjdər müəllim bu barədə müəyyən tədbir görüldüyünü səhər saat 10-11-ə kimi 4 avtobusun, daha sonra 3 avtobusun, gün ərzində, ümumilikdə, 32-33 reys marşrutun kəndə daxil olduğunu söylədi. Daha sonra müsahibim əlavə etdi: – “Tumbul avtobuslarının 2-nin arası axşama kimi 24 dəqiqə, 1-nin arası saat 10-11-in yarısınadək 16 dəqiqə, sonra isə 32 dəqiqə olur. Bazar günləri maşın sayının azlığı ilə əlaqədər 2 avtobus fəaliyyət göstərir”.
Digər 2 nömrəli avtobusların kəndə girməməsinin səbəbini kəndin daxilində avtobusların dayanacaq yerinin olmaması ilə əlaqələndirən müsahibim deyir ki, bu halda yollar dar olduğu üçün hadisə yarana bilər.
Ümid edirik ki, sakinlərin bu problemi tezliklə öz həllini tapar.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər