NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar

...

Azərbaycan qadınının dövlət siyasətində və cəmiyyət həyatında rolu kontekstində

Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində oktyabrın 17-də Naxçıvan şəhərində “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” adlı möhtəşəm konfrans keçirildi. Tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutdu.

BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının Azərbaycan tərəfindən ratifikasiyasının 30 illiyinə həsr olunan bu tədbir qadın siyasətinin dövlət idarəçiliyində, ictimai münasibətlərdə və sosial inkişafda qazandığı nailiyyətləri nümayiş etdirdi. Bu konfrans Azərbaycan qadınının cəmiyyətin bütün sahələrində – təhsildə, elmdə, siyasətdə, mədəniyyətdə və sosial həyatda qazandığı uğurların ideoloji təntənəsi idi.

Heydər Əliyev siyasi kursu – qadın siyasətinin milli təməli

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onun dövlətçilik irsinə dərin ehtiramlarını bildirdilər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransın açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış etdilər.

Çıxışlarda vurğulandı ki, müstəqil Azərbaycanın qadın siyasəti Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi xəttinə əsaslanır. Heydər Əliyev dövlətçilik konsepsiyasında qadın yalnız ailənin dayağı deyil, həm də cəmiyyətin intellektual və mənəvi sütunu kimi dəyərləndirilir. Bu siyasətin müdrik davamçısı Prezident cənab İlham Əliyev ölkənin sosial-siyasi inkişaf modelində qadınların rolunun gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib.

Bu gün qadınlar dövlət orqanlarında rəhbər vəzifələr tutur, elm və təhsil ocaqlarında yenilikçi ideyalar irəli sürür, mədəniyyət, səhiyyə, diplomatiya və sosial siyasət sahələrində ölkəmizin adını dünyada ucaldırlar.

Panel sessiyaları – gender siyasətinin elmi və ictimai aspektləri

Konfrans çərçivəsində keçirilən panel sessiyalar qadın hüquqlarının hüquqi, sosial və mədəni aspektlərinin müzakirəsinə həsr olunmuşdur. Birinci paneldə moderator Nuranə Kərimovanın rəhbərliyi ilə çıxış edən Milli Məclisin deputatı Pərvin Kərimzadə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin nümayəndəsi Cahan Bayramova, Vəkillər Kollegiyasının üzvü Səfa Rzayeva və media təmsilçisi Orxan Abbasov qadın hüquqlarının müdafiəsi, hüquqi islahatlar və gender ədalətinin təmin olunması istiqamətində həyata keçirilən addımları təhlil etdilər.

İkinci panel sessiyası “Bərabərlikdə birləşərək: Sosial və siyasi dəyişikliklər və gender ədaləti” mövzusuna həsr olunmuşdur. Moderator Yeganə Məmmədova idi. Bu paneldə Jalə Hacıyeva, Aida Cəlilzadə, Gültəkin Əliyeva və Aytən Cəfərova qadınların təhsil, elm, mədəniyyət və ictimai idarəetmədə artan rolundan bəhs etdilər.

Bu çıxışlar sübut etdi ki, Azərbaycanın inkişafında qadın liderliyi artıq istisna yox, dövlət siyasətinin strateji xəttidir. Qadınların iqtisadi fəallığı regionların sosial rifahına, elmi və mədəni təşəbbüsləri isə cəmiyyətin mənəvi kapitalının yüksəlməsinə mühüm töhfə verir.

Mehriban Əliyeva – liderlik modeli və gender balansı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu siyasətin ən ali simvoludur. Onun fəaliyyəti qadın liderliyinin müasir modelini formalaşdırmış, Azərbaycan qadınının milli və beynəlxalq miqyasda nüfuzunu daha da yüksəltmişdir.

Mehriban xanım Əliyevanın idarəçilik fəlsəfəsinin mərkəzində zərifliklə prinsipiallığın harmoniyası dayanır. O, qadınların yalnız hüquqlarının qorunmasını deyil, həm də onların potensialının reallaşdırılmasını, ictimai həyatın bütün sahələrində iştirakının stimullaşdırılmasını qarşıya məqsəd qoyub.

Mehriban xanımın təşəbbüsləri sayəsində ölkədə humanitar diplomatiya, təhsil, mədəniyyət və səhiyyə sahələrində yüzlərlə layihə həyata keçirilmiş, qadınların qərarvermə proseslərində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır.

Bu fəaliyyət təkcə regional deyil, qlobal miqyasda qadınların gücləndirilməsi və sosial ədalətin bərqərar olması üçün unikal nümunədir. Onun rəhbərliyi altında “qadın zəkası ilə dövlətçilik məsuliyyətinin sintezi” müasir Azərbaycanın ideoloji modelinə çevrilib.


Milli qadın siyasətinin elmi-siyasi daşıyıcısı

Konfransda çıxışı ilə yaddaqalan Hicran xanım Hüseynova Azərbaycan qadınının müstəqillik dövründə keçdiyi inkişaf mərhələlərini elmi əsaslarla təqdim etdi. O, qadın siyasətinin yalnız qanunvericiliklə deyil, həm də milli dəyərlər sistemi üzərində formalaşdığını vurğuladı.

Hicran xanımın fikrincə, bu gün qadınlar təkcə sosial islahatların icraçısı deyil, həm də dövlət ideologiyasının yaradıcı iştirakçılarıdır. Onların elmdə, siyasətdə, təhsildə və idarəçilikdə tutduğu mövqelər, Azərbaycan qadınının intellektual resursunu nümayiş etdirir

Bir alim və qadın tədqiqatçı kimi etiraf etməliyəm ki, 2006-cı ildən etibarən Hicran xanım Hüseynovanı özümə mentor seçmişəm. Hər görüşümüzdə onun diqqətini, intellektual enerjisini və qadın həmrəyliyinə olan sadiqliyini hiss etmişəm. Qadın mövzularında apardığım elmi araşdırmaların uğrunda onun mənəvi dəstəyinin böyük payı olub.
 

Bir ziyalı qadın kimi söz verirəm….

Mən bir alim, tarixçi və qadın ziyalı kimi deyə bilərəm ki, Mehriban xanım Əliyevanın liderlik missiyası mənim üçün, sadəcə, örnək deyil, maarifləndirmə idealımın təməlidir. Onun qadınlara, elmə və mədəniyyətə göstərdiyi qayğı mənim həyat yolumu istiqamətləndirən mənəvi işıq olub.

Maarifləndirmə mənim üçün fəaliyyət deyil, həyatımın mənasıdır. Və bu yolda bir ziyalı qadın kimi söz verirəm: biz qadınlara göstərilən diqqət və qayğı sayəsində daha böyük inamla, daha çox sevgi və məsuliyyətlə Azərbaycan qadınının gələcəyinə xidmət edəcəyik.

Azərbaycan qadını bu gün yalnız tarix yazmır, o, dövlətin mənəvi sütunu, ədalət və mərhəmət balansının simvoludur və bu simvolun mərkəzində Mehriban xanım Əliyeva kimi zərif, lakin sarsılmaz bir qadın lider dayanır.

Sevinc ABBASOVA
tarix elmləri doktoru, professor

Nəşr edilib : 17.10.2025 20:25