NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Azərbaycanı beynəlxalq logistik mərkəzə çevirən qlobal layihə

...

Azərbaycanın təşəbbüskarı olduğu, bilavasitə iştirakı ilə reallaşan elə bir layihə yoxdur ki, beynəlxalq siyasi, iqtisadi əlaqələr sisteminin, dialoqun möhkəmləndirilməsinə, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verməsin. Bu sırada Cənub Qaz Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə göstərmək olar. Hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilən Azərbaycandan keçən dəhlizlər dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çin də daxil olmaqla Mərkəzi Asiya, həmçinin Avropa İttifaqı ölkələrinin maraqlarına xidmət edir. Təqdirəlayiq haldır ki, respublikamız okeana çıxışı olmadan əsas nəqliyyat-tranzit mərkəzi funksiyasını daşımağa müvəffəq olub. Cari il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev də ölkəmizin bu uğurunu mühüm nailiyyət kimi dəyərləndirib: “Onu da bildirməliyəm ki, adətən, nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik”.

Çin-Qazaxıstan sərhədindən başlayan Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, digər bir deyişlə Orta Dəhliz ilbəil beynəlxalq iqtisadi münasibətlərin gücləndirilməsindəki rolunu artırır. Son illərdə bu dəhliz üzrə yükdaşımaların həcmi 8 dəfə artıb. Müqayisə üçün bildirək ki, əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon ton, 2029-cu ilə qədər isə yükdaşımaların 10 milyon tona çatacağı gözlənilir. Dünya Bankının proqnozuna əsasən 2030-cu ilə qədər Orta Dəhlizlə yükdaşımaların həcmi 3 dəfə artacaq. Bu mühüm layihədə birləşdirici funksiya daşıyan, başqa sözlə, Asiya-Avropa ticarət əlaqələrinə körpü salan Azərbaycan üçün Orta Dəhlizin iqtisadi əhəmiyyəti olduqca mühümdür. Bu dəhliz ölkəmizə yalnız ticarət daşınmalarından yaxşı gəlirlər qazandırmır, eyni zamanda özəl sektorun inkişafı üçün əlverişli biznes mühiti yaradır, geniş imkanlar açır. Mar­şrutun keçdiyi hissələrdə yeni müəssisələrin yaradılması bu baxımdan ölkəmizin əsas hədəfləri sırasındadır və mühüm perspektivlər vəd edir.

Azərbaycan-Çin strateji tərəfdaşlığı – Orta Dəhlizin əhəmiyyətinin artırılmasında mühüm faktor

Orta Dəhlizin əhəmiyyətli bir layihəyə çevrilməsi prosesində maraqlı tərəflərdən biri, bəlkə də, birincisi, dünya ticarətində böyük paya, rola sahib Çindir. Rəsmi Pekinin irəli sürdüyü, tarixi İpək Yolunun bərpasına xidmət edən “Bir kəmər, bir yol” təşəbbüsü bu baxımdan mühüm əhəmiyyət daşıyır. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə həmin layihəni praktiki şəkildə təsdiqləmiş olan ölkəmizin bu mütərəqqi addımı Çin hökuməti tərəfindən yüksək dəyərləndirilir. Ötən il iyulun 3-də Azərbaycanla Çin arasında imzalanan Strateji Tərəfdaşlıq Bəyannaməsi də məhz rəsmi Pekinin dəstəyinin ifadəsi kimi Orta Dəhlizin rentabelliyinin artırılmasına, ticarət dövriyyəsinin gücləndirilməsinə töhfə verib. Belə ki, həmin Bəyannamədə Çin tərəfi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə, istiqamətdə Cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirir. Ümumiyyətlə, Orta Dəhliz iki dövlət arasında son 10 il ərzində iqtisadi sahədə əsas müzakirə mövzusudur.
Azərbaycan-Çin Strateji Tərəfdaşlığı çərçivəsində ötən il bir sıra əhəmiyyətli işlər həyata keçirilib, Orta Dəhlizlə yükdaşımalarda növbəti nailiyyətlərdən biri kimi mart ayında Sian limanından birinci konteyner blok-qatarı yola salınıb. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib. Noyabrın 24-də isə Bakı-Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Bununla da yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Genişlənən əməkdaşlıqlar fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Reallaşdırılan birgə layihələr timsalında ötən il Azərbaycan-Çin ticarət tərəfdaşlığı xeyli gücləndirilib, ölkələrarası xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard dollar təşkil edib. Bu göstərici ilə Çin Rusiyanı qabaqlayaraq Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinə, bu xüsusda Orta Dəhliz layihəsinin əhəmiyyətinə toxundu, dəhlizin yükdaşımalarındakı payının artacağını, Azərbaycan seqmentinin infrastrukturunun daha təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Sitat: “Bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk”.

Orta Dəhlizin imkanlarını artıran mühüm layihələr –BTQ, Zəngəzur dəhlizi

Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Orta Dəhlizin potensial imkanlarını yüksək dəyərləndirərək nəqliyyat infrastrukturunun inkişafına, daim təkmilləşdiriməsinə mühüm töhfələr verməyə çalışır. Bu, Prezidentin 2023-cü il 23 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənəd nəqliyyat sahəsində, xüsusilə tranzit yükdaşımalarında qlobal trendləri nəzərə almaqla mövcud vəziyyətin təhlilini və Azərbaycan Respublikasının tranzit potensialının daha da artırılması üçün hədəf göstəriciləri, məqsədləri, prioritet istiqamətləri və Tədbirlər Planını özündə ehtiva edir. Fəaliyyət planının hədəf göstəriciləri mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit əməliyyatları zamanı inzibati prosedurların optimallaşdırılması, aidiyyəti dövlət orqanları (qurumları) arasında koordinasiyanın yaxşılaşdırılması və vahid platforma üzərindən tətbiqi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi, eləcə də sahə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə Azərbaycan Respublikasının ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024-2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılmasıdır. Artıq Dövlət Gömrük Komitəsi sözügedən dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması və ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb.
Əvvəldə də qeyd etdiyimiz kimi, Orta dəhlizin əsas hissələrindən biri də Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yoludur. O həmin yoldur ki bu gün Zəngəzur dəhlizini qeyri-effektiv, əhəmiyyətsiz proyekt kimi qələmə verən dırnaqarası qərbyönümlü dairələr vaxtilə çəkilişinə hər vəchlə mane olmağa, ölkəmizin bu istiqamətdə atdığı addımlara kölgə salmağa çalışırdılar. Ancaq Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, diplomatik gedişləri qarşısında heç bir kənar müdaxilə, heç bir siyasi manipulyasiya layihənin reallaşması prosesinə təsir göstərə bilmədi. Ötən qısa zaman kəsiyində beynəlxalq və regional əhəmiyyətli ictimai-siyasi proseslər, layihə üzrə maraqların gün ötdükcə daha böyük mənada kəsişməsi qalib liderin “Bakı-Tbilisi-Qars dəmir yolu tək ölkələri deyil, qitələri birləşdirəcək. Azərbaycanın irəli sürdüyü layihələrin heç biri uğursuz olmayıb” ideyasında haqlı olduğunu bariz şəkildə ortaya qoydu. Nəticə etibarilə, bu gün bir sıra inkişaf etmiş ölkələr Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks-istiqamətə BTQ ilə daşınmasına böyük maraq göstərirlər. Artan ticarət imkanları nəzər alınaraq 2024-cü ildə aparılan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 5 milyon tona yüksəldilib. Bir faktı da qeyd etmək yerinə düşər ki, Orta Dəhlizin əsas hissələrindən hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu zamanında tikilməsəydi, bu gün ölkələrarası nəqliyyat əlaqələrində çatışmazlıq açıq-aşkar nəzərə çarpacaqdı və bu da, təbii olaraq, iqtisadiyyatlara təsirsiz ötüşməyəcəkdi. Ancaq təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin uzaqgörən siyasəti, qətiyyətli mövqeyi sayəsində reallığa çevrilən layihə, aid ölkələrin dəmir yolu nəqliyyatının da müasirləşdirilməsinə, inkişafına yol açdı, ticari əməkdaşlıqları daha da dərinləşdirdi, turizm imkanlarının genişlənməsinə təsir göstərdi.
Əminliklə demək olar ki, BTQ-nin yükdaşıma qabiliyyətinin yüksəldilməsi ilə paralel gələcəkdə Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin əhəmiyyətini daha da artıracaq, mar­şrutun əvəzolunmaz hissəsi kimi Azərbaycanın iqtisadi, siyasi zəmanəti xeyli möhkəmlənəcək. Qədim İpək Yolunun bərpasına xidmət edən bu addım, eyni zamanda Türk dünyasının birliyinin daha da gücləndirilməsinə, ölkələrarası daşınmaların səmərəsini, ticarətin dövriyyəsini artırmaqla yeni strateji tərəfdaşlıqların qurulmasına geniş imkanlar açacaq. 

Nail ƏSGƏROV
 

Nəşr edilib : 21.04.2025 14:46