NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Azərbaycan TDT-in mədəni, iqtisadi əlaqələr sistemində aparıcı aktordur

...

Azərbaycanın bölgədə sülhə, dialoqa, əmin-amanlığa xidmət missiyası, eyni zamanda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri baxımından strateji mövqeyi cənubi Qafqaz liderini bu kontekstə çıxış edən bir sıra siyasi, iqtisadi platformalarda kifayət qədər söz, nüfuz sahibinə çevirib. Prezident İlham Əliyevin apardığı uğurlu diplomatiya sayəsində 120 dövlətin dəstəyi əsasında 4 il Qoşulmama Hərəkatına sədrlik etməklə beynəlxalq münasibətlərin möhkəmlənməsinə töhfələr verən ölkəmizin xarici siyasətinə artan etimadın, etibarın nəticəsidir ki, bütün dünya dövlətlərinin yekdil qərarı ilə hazırda Bakı şəhəri COP29 kimi nəhəng tədbirə ev sahibliyi statusunu yerinə yetirir. ŞƏT, BRICS, MDB kimi perspektivli təşkilatlarla siyasi-iqtisadi əlaqələrini gücləndirən Azərbaycan Türk dünyasının birliyinə və bu birliyin beynəlxalq arenada önəmli faktora çevrilməsinə xidmət edən Türk Dövlətləri Təşkilatının formalaşdırılmasında da aparıcı aktor rolunu oynayır. TDT-in ölkəmiz üçün məxsusiliyi həm də ondadır ki, həmin qurumun üzvləri ilə əlaqələr ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıqla bərabər zəngin mədəni dəyərlər üzərində bərqərar olunub. Prezident İlham Əliyevin noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərində də ilk olaraq məhz bu amil diqqətlərə hakim kəsildi. Ölkə başçısının əvvəlcə Bişkekdə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyinə getməsi, görüş zamanı səsləndirilən fikirlər, xüsusən də Azərbaycan Prezidentinə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi xalqlarımız arasında mənəvi bağların sarsılmazlığının, o cümlədən ümumtürk mədəniyyət körpüsünün möhkəmliyinin daha bir göstəricisinə çevrildi...    

Bişkek zirvəsinin detallarına toxunmadan öncə onu vurğulamaq yerinə düşər ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan sazişi ilə əsası qoyulan bu təşkilatın missiyası tarix, dil və mədəniyyət yaxınlığına malik olan üzv ölkələrin bütün sahələrdə mövcud yüksəksəviyyəli əlaqələrinin beynəlxalq müstəvidə əhəmiyyətini, təsir gücünü artırmaqdır. Bu nöqteyi-nəzərdən son illərdə Türk dünyasının birliyinə xidmət edən mühüm layihələr icra olunub, əməkdaşlığa ciddi təkan verən, TDT-nin nüfuzunu gücləndirən addımlar atılıb. Cari il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşünü, dialoqlar çərçivəsində imzalanan “Qarabağ Bəyannaməsi”ni, eyni zamanda cari ilin sentyabr ayında Latın qrafikalı, 34 hərfdən ibarət Ortaq Türk Əlifbasının qəbulunu həm ictimai, siyasi, həm də elmi, humanitar cəhətdən birliyin möhkəmlənməsinə xidmət nümunələri kimi diqqətə çəkmək olar. Bu birlik özünü Azərbaycanın tarixi zəfərindən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış siyasətinin timsalında da aydın şəkildə göstərir. “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlik” şüarı altında keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı Ermənistanın 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə kəndimizi tamamilə məhv etdiyini bildirən ölkə başçısı aparılan bərpa-quruculuq tədbirlərində üzv ölkələrin dəstəyini bir daha xüsusi vurğuladı: “İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər. Fürsətdən istifadə edərək Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim”

Ümumiyyətlə, Prezident İlham Əliyev Türk dünyasının birliyinin vacibliyini hər zaman önə çəkərək TDT-nin ölkəmiz üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayır. Azərbaycan Liderinin “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır” ideyası özünü son illərdə üzvlərarası strateji müttəfiqlik əlaqələrinin qurulmasında, bəyannamələrin imzalanmasında, əməkdaşlıq münasibətlərinin genişləndirilməsində və son nəticədə artan ticarət dövriyyəsində, yüksək iqtisadi göstəricilərdə göstərir. Nümunə üçün deyək ki, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövründə üzv və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Şübhəsiz noyabrın 6-da keçirilən zirvə görüşü çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının yaradılması, eyni zamanda “Türk Dövlətləri Təşkilatı yanında Daimi Nümayəndələr haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Qərar”ın, o cümlədən müxtəlif sahələri əhatə edən digər sənədlərin imzalanması  Türk dünyası ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsinə əlavə imkanlar açmaqla ümumtürk birliyinə yeni töhfələr verəcək...

Dünyada artan hərbi qarşıdurmaların, məxsusən də Qərb siyasi dairələrinin regionumuza müdaxilələri, sərgilənən ikili standartların fonunda Türk Dünyasının birliyinin daha da möhkəmləndirilməsi vacib amilə çevrilib. Bu xüsusda siyasi dialoqun, iqtisadi əlaqələrin genişləndirilməsi ilə yanaşı, hərbi sahədə əməkdaşlığın, birgə taktiki-təlimlərlə təcrübə mübadiləsinin artırılmasının zəruriliyi də ortaya çıxır. Ölkə başçısı zirvə görüşündə məhz bu məqama da xüsusi toxunaraq, silahlı qüvvələrin iştirakı ilə hərbi təlimlərin keçirildiyini, hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb. Sitat: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir”.

Azərbaycan Orta Dəhliz layihəsi ilə Türk dünyası ölkələrinin ticarət əlaqələrinin genişlənməsinə, səmərəliliyinə əhəmiyyətli töhfələr verir və gələcək üçün mühüm perspektivlər vəd edir. Bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanları, ötürücülük qabiliyyətləri xüsusi yerdə dayanır. Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətini öz sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona çatdıran Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətini ortaya qoyub. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəmin 30 milyon tona çatdırılacağı da bəyan olunub. Məqsəd Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması və ucuz daşınmanın təmin olunmasıdır. Nəzərə alsaq ki, bu nəqliyyatdan TDT-yə üzv ölkələrin əksəriyyəti istifadə edir, o zaman Azərbaycan bu mütərəqqi təşəbbüsü ilə Türk dünyası üçün nə qədər vacib aktora, aparıcı missiyaya malik olduğunu göstərir. Ölkə başçısı Bişkek zirvəsində Orta Dəhliz vasitəsilə ticarətin səmərəsinin artırılmasına dair bir sıra layihələrin reallaşdırıldığını və müsbət nəticələr verəcəyini bildirib: “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır...Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”.

Ümumi fikir olaraq onu deyə bilərik ki, noyabrın 6-da keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci zirvə görüşü əvvəlki görüşlərin nəticələrinin təhlili və bu təhlil üzərindən gələcək əlaqələrin inkişafı üçün, Türk dünyasının çoxtərəfli əməkdaşlığına yeni perspektivlər vəd edir. Azərbaycan bir daha bu ailə üçün nə qədər vacib, həlledici rola malik üzv olduğunu göstərdi, təşkilatın inamlı, etibarlı gələcəyinin təmini baxımından əlindəki geniş imkanlardan maksimum istifadə edəcəyini bildirdi. Ölkə başçısının da dediyi kimi: “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.

Nail ƏSGƏROV

Nəşr edilib : 06.11.2024 17:53