NAXÇIVAN :

30 Yanvar 2025, Cümə axşamı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

...

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və “Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 3, maddə 253) ilə təsdiq edilmiş “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənddən “və Fondun saxlanılması xərclərinin” sözləri çıxarılsın;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1.1-ci yarımbənddə “tarif və qiymətlərində nəzərdə tutulan vəsait (enerji resurslarının satışından əldə olunan vəsait)” sözləri “satışından bu Qaydanın Əlavəsində müəyyən edilən məbləğdə Fonda köçürülən vəsait” sözləri ilə əvəz edilsin;

1.2.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.2. Bu Qaydanın 2.1.1-ci yarımbəndində nəzərdə tutulan vəsait bu Qaydanın Əlavəsinə uyğun olaraq, ölkədə istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən enerji resurslarının istehsalçı tarifi (ƏDV çıxıldıqdan sonra) ilə ölkədaxili satışından, ölkədə istehsal edilən və dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarına münasibətdə isə istehsalçının satış qiyməti ilə (ƏDV və aksiz vergisi çıxıldıqdan sonra) ölkədaxili satışından həmin enerji resurslarının istehsalçıları (elektrik enerjisini bərpa olunan enerji mənbələri hesabına istehsal edən subyektlər istisna olmaqla) tərəfindən nağdsız qaydada hər rüb üçün növbəti rübün ilk ayının 15-dən gec olmayaraq Fonda köçürülür.”;

1.3. həmin Qaydaya Əlavə – “Satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği (ƏDV-siz)” aşağıdakı redaksiyada verilsin:

Satışından enerji effektivliyi fonduna vəsait köçürülməsi nəzərdə tutulan enerji resurslarının siyahısı və köçürülən vəsaitin məbləği

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 yanvar 2025-ci il

 

Nəşr edilib : 27.01.2025 17:12