NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan Milli Ordusunun ilk hərbi hissəsinin yaradılmasının 34-cü ildönümü qeyd olunub

...

Oktyabrın 9-da Azərbaycan Ordusunun ilk təməl daşı olan 18110 - 701 saylı hərbi hissənin yaradılmasının 34 illiyi qeyd edilib.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi və 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının dəstəyi ilə keçirilən tədbirin ilk hissəsi Şəhidlər xiyabanında uyuyan qəhrəmanların məzarlarının ziyarət edilməsi və “Əbədi məşəl” abidə kompleksinin önünə əklilin qoyulması ilə başlayıb.

Tədbirdə 701 saylı hərbi hissənin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı həmin hərbi hissənin Müharibə Veteranları Şurasının sədri Əzizağa Qənizadənin, həmin hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, müharibə veteranı ehtiyatda olan polkovnik İntiqam Mirzəyevin, ehtiyatda olan polkovnik Oruc Məmmədovun məruzə və çıxışları dinlənilib.

Qeyd olunub ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra vacib vəzifələrdən biri də güclü nizami ordunun yaradılması olub. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün oktyabrın 9-da ilk desant hücum taborunun - 18110 saylı hərbi hissənin yaradılmasına başlanılıb. 1992-ci ilin martından adı dəyişdirilərək 701 saylı hərbi hissə adlandırılıb. Bildirilib ki, “701” Ordumuzun ilk təməl daşı hesab olunur. 18110 saylı hərbi hissə ilk döyüşünü 1991-ci il dekabrın 11-də Kərkicahan kəndi uğrunda aparıb, 1992- ci il yanvarın 8-də isə “Daşaltı” əməliyyatında iştirak edib. Həmin vaxt 85 nəfər şəhid olub və çoxlu sayda əsgər və zabit yaralanıb. 1992-ci ilin noyabrından 1993-cü ilin aprelinədək və 1994-cü ilin fevral-mart əməliyyatlarında 701 saylı hərbi hissənin şəxsi heyəti Laçın və Kəlbəcər rayonlarında gedən gərgin döyüşlərə qatılıb. Bu döyüşlərdə mənəvi-psixoloji, fiziki dözümlülük, rəşadət, şücaət və qəhrəmanlıq nümayiş etdirilib. Vurğulanıb ki, 701 saylı hərbi hissə Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarında ən gərgin nöqtələrdə düşmənə qarşı igidliklə vuruşub, şəxsi heyəti əsgərdən tutmuş yüksəkrütbəli zabitə kimi öz imkan və qabiliyyətləri çərçivəsində vəzifələrini mətanətlə, ləyaqətlə, vicdanla yerinə yetirib.

Diqqətə çatdırılıb ki, 701 saylı hərbi hissəsinin ilk komandiri polkovnik Zadir Rzayev, taborun komandiri mayor Nurəddin Abdullayev olub. Hərbi hissənin əsgər və zabitlərindən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 4 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 11 nəfər Azərbaycan Bayrağı ordeninə layiq görülüb, 18 nəfəri isə “İgidliyə görə” medalı ilə təltif edilib.

Nəşr edilib : 09.10.2025 17:55