NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Azərbaycan-Gürcüstan: Cənubi Qafqazda davamlı sülhün, əməkdaşlığın mühüm faktoru

...

Azərbaycan beynəlxalq hüquqa, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət kursu sayəsində qonşu dövlətlərlə münasibətlərin dinamik inkişafına nail olub, sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini praktik nəticələrlə tamamlaya bilib. Müstəqil siyasi, iqtisadi yolun inamlı yolçusu olan respublikamız regionda etibarlı dost, strateji tərəfdaş imici qazanıb, bu amil əməkdaşlıqların dərinləşdirilməsi üçün yeni perspektivlərin açılmasında, nəhəng layihələrin icrasında özünü göstərib. Tarixin çətin sınaqlarından çıxan Azərbaycan-Gürcüstan əlaqələri də bu xüsusda öz sözünü deyib və  Cənubi Qafqaz bölgəsində sülhün bərqərar edilməsi, təhlükəsiz yaşayışın təmini, iqtisadi mənzərənin formalaşmasında müstəsna yerə, rola malik olub. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk səfəri, səfər çərçivəsində iki ölkə liderlərinin mətbuata bəyanatlarında da bu nüans diqqəti çəkdi, regionda vəziyyəti gərginləşdirməyə çalışan siyasi dairələrə mühüm mesajlar ünvanlandı.
Xalqlar, ölkələr arası sülh, mehribanlıq, qardaşlıq prinsipləri üzərində inşa edilən Azərbaycan-Gürcüstan münasibətləri həm regional, həm də beynəlxalq miqyasda strateji əhəmiyyəti ilə seçilir. Bu əhəmiyyəti həm nəqliyyat, həm də enerji strategiyasının reallaşdırılması baxımından dəyərləndirmək olar. Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığı dedikdə, təbii ki, ilk olaraq beyinlərdə canlanan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, xüsusən də nəhəng layihə Cənub Qaz Dəhlizi olur. Hazırda Azərbaycan bu dəhlizin imkanlarından, gücündən lazımınca yararlanır, ümumilikdə, 11 ölkəyə Gürcüstan tranziti vasitəsilə təbii qaz ixrac edir və çoxalan təşəbbüsləri nəzərə alsaq həmin rəqəmin artacağını əminliklə söyləyə bilərik. Ölkələrarası bu əməkdaşlıq, eyni zamanda təbii olaraq Gürcüstanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Statistikaya əsasən Gürcüstanın təbii qaz istehlakının 80 faizdən çoxu Azərbaycanın payına düşür. Bu göstəricinin özü respublikamızın tərəfdaşlıqda necə böyük rola, nüfuza sahib olduğunu göstərir. Təkbətək görüşün ardından mətbuata bəyanatında da Prezident İlham Əliyev ilk olaraq məhz ölkələrimiz arasındakı regional, beynəlxalq əhəmiyyətli enerji layihələrini diqqətə çəkdi, bu proyektlərin böyük coğrafiyada önəm qazandığını vurğuladı. Sitat: “Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.
Cənubi Qafqazın iki güclü ölkəsini bir-birinə yaxınlaşdıran amil həm də Şərqlə Qərb arasında ticarət dövriyyəsinin, yük daşımalarının təşkilinə verdikləri önəm və bu çərçivədə birgə reallaşdırılan layihələrdir. Nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından Orta Dəhlizin imkanları, 2017-ci ildən bu dəhlizin əvəzolunmaz parçasına çevrilən Bakı-Tbilisi-Qars dəmir yolunun rolu mühümdür. Qitələri birləşdirən, uzunluğu, təxminən, 850 kilometr olan bu yol ilbəil Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Vaxtilə bir sıra güclü ölkələrin çəkilişinə maneə olmağa çalışdığı BTQ respublikamızın böyük təşəbbüsü və israrlı mövqeyi ilə gerçəkliyə çevrildi. Azərbaycan nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdi, hətta həmin dövrdə Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdi və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində infrastruktur təkmilləşdirildi, yol çəkilişi aparıldı. İndi bu marşrut üzrə daşınmalarda aybaay artım müşahidə olunur. Azərbaycan artan daşınmaları nəzərə alaraq öz vəsaiti hesabına keçən il bu yolun genişləndirilməsini tamamladı və onun daşıma qabiliyyəti 5 milyon tona çatdırıldı. Nəticə etibarilə, bu gün bir sıra inkişaf etmiş ölkələr Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə BTQ ilə daşınmasına böyük maraq göstərirlər. Hazırda bu dəmir yolu ilə yüklər təhlükəsiz, etibarlı şəkildə Ağ dəniz istiqamətinə, Türkiyəyə, Avropaya daşınır. Hətta bu gün Azərbaycan-Gürcüstan-Türkiyə, oradan da Avropaya uzanan sözügedən dəmir yolu bağlantısını iqtisadi çəkisi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edənlər də vardır. Orta Dəhlizin rentabelliyini artıran BTQ Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin də artmasına mühüm töhfələr verməkdədir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib. Ölkəmizin başçısı mətbuata bəyanatında Azərbaycanla Gürcüstan arasında tranzit imkanlarının genişləndirilməsi ilə bağlı məsələlərə də toxundu və hər iki ölkənin müasirləşən nəqliyyat infrastrukturunun, ümumilikdə, Orta Dəhlizə mühüm töhfələr verdiyini diqqətə çatdırdı: “Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.
Azərbaycan-Gürcüstan münasibətləri təkcə ikitərəfli iqtisadi əməkdaşlıqla məhdudlaşmır həm də beynəlxalq təşkilatlar vasitəsilə də uğurla inkişaf etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək göstərirlər. Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın haqq savaşına çıxdığı 44 günlük Vətən müharibəsində Gürcüstan ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmini üçün əlindən gələni əsirgəmədi. Öz ərazisindən Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırmaqla ikitərəfli əlaqələrdə və uğurlu siyasi, iqtisadi əməkdaşlıqda layiqli tərəfdaş olduğunu ortaya qoydu. Aprelin 16-da mətbuata bəyanatında Gürcüstan-Azərbaycan dostluğunu, strateji tərəfdaşlığını xüsusi və nümunəvi adlandıran Prezident Mixeil Kavelaşvili Gürcüstanın həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olduğunu vurğuladı. Son vaxtlar ölkələrimizin dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrildiyini təəssüflə qeyd edən gürcü lider bildirdi ki, heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. 
Bəli, Avropa hegemonlarının regionda xaos, hərc-mərclik yaratmaq cəhdlərinə qarşı etibarlı sədd baxımından bu gün güclənməkdə olan Azərbaycan-Gürcüstan münasibətləri mühüm faktordur. Əminliklə demək olar ki, bu dostluq, mehriban qonşuluq Ermənistanın, onun havadarlarının düşmənçilik niyyətlərinin, məkrli planlarının üstündən xətt çəkməkdə böyük rol oynayacaq və Cənubi Qafqazda daimi sülh, əməkdaşlıq mühiti bərqərar ediləcək. Prezident İlham Əliyevin dediyi kimi: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.04.2025 20:50