NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

Azərbaycan diplomatiyasının qlobal nüfuzunun növbəti göstəricisi – IV Antalya Diplomatiya Forumu

...

Azərbaycan aparılan uğurlu xarici siyasət, məharətli diplomatiya sayəsində bu gün dünya ölkələri sırasında regional və beynəlxalq münasibətlər zəminindəki proseslərə nüfuzu, təsir gücü baxımından seçilir. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq miqyasda mövqeyini xeyli möhkəmləndirib, etibarını artırıb. Bu mənada, son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə görüşlərinə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərinə, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşünə, Davos Dünya İqtisadi Forumuna dəvət alması ölkəmizin qalib qismində yürütdüyü balanslaşdırılmış, çoxvektorlu xarici siyasətinə artan marağın, etimadın əyani təcəssümüdür. Aprelin 11-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda iştirakı da Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul edildiyini bir daha göstərdi...
Dünyanın 155 ölkəsindən, ümumilikdə, 6 mindən artıq iştirakçının, o cümlədən yüzə yaxın dövlət və hökumət başçısının, deputatların, müxtəlif icmaların, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, media nümayəndələrinin qatıldığı bu beynəlxalq tədbir “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusuna həsr olundu. Bu çərçivədə keçirilən panel sessiyalarda dünyadakı böhranların həlli, dağıdıcı dəyişikliklərin önünə keçilməsi və konfliktlər, irqçiliklə mübarizə, qadın hüquqlarının qorunması kimi qlobal əhəmiyyətli məsələlər müzakirə edildi. Eyni zamanda Cənubi Qafqazdakı son vəziyyət, Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh sazişi, Qərbi Azərbaycan və Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin rolu, o cümlədən Bakıda keçirilən COP29, Türk Dövlətləri Təşkilatının fəaliyyəti kimi ölkəmizin maraqlarına xidmət edən mövzular da masaya yatırıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva forumun açılış mərasimində iştirak etdilər, dövlətimizin başçısı Türkiyə, Gürcüstan, Şimali Kipr, Suriya, Sudan rəhbərləri, eyni zamanda Avropa Şurasının Baş katibi ilə görüşlər keçirdi, tərəflər arasında iqtisadi-ticari, mədəni və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, əlaqələrin perspektivlərinə dair fikir mübadilələri aparıldı.
Antalya forumu ilk olaraq Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlərin bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatdığını növbəti dəfə dünya ictimaiyyətinə bəyan etdi.  Eyni zamanda sarsılmaz tellərlə bir-birinə bağlanan bu əlaqələrin təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıdığını göstərdi. Forumda diqqətçəkən məqam təbii ki, Cənubi Qafqazdakı son vəziyyətin, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin müzakirəsi idi ki, bu müstəvidə də siyasi gündəmi titrədən maraqlı anlar yaşandı. Panelə ayrılmış vaxtın 90 faizinin sərf olunduğu Ceyhun Bayramov-Mirzoyan debatı həmişəki kimi, birincinin üstünlüyü şəraitində keçdi. Ermənistan xarici işlər nazirinin sülh müqaviləsinə dərhal imza atmağa hazır olduqları iddiasına, “Hər şey hazırdır, yalnız zaman və məkanı müəyyənləşdirmək qalıb” sərsəm bəyanatına Ceyhun Bayramov dərhal güclü arqumentlərlə adekvat cavab verdi: “Siz sülhdən danışırsınız, amma konstitusiyanızda hələ də Azərbaycana qarşı ərazi iddiası var. Bu, fundamental ziddiyyətdir və əsas problemdir.” Bəli, Prezident İlham Əliyevin  müxtəlif siyasi platformalardan dəfələrlə bəyan etdiyi kimi, qarşı tərəf sülh istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Birincisi, de-fakto fəaliyyəti olmayan ATƏT-in Minsk qrupunun de-yure ləğvinə dair razılığa gəlməkdirsə, digər əsas məsələ isə təbii ki, Ermənistan konstitusiyasından ölkəmizin ərazi bütövlüyünə təhdid yaradan müddəaların çıxarılmasıdır. Antalya forumundan iki gün əvvəl, aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr edilən beynəlxalq forumda siyasi ekspertin sualına cavab olaraq Prezident İlham Əliyev bu məsələdə bir daha qəti mövqe ortaya qoydu. Sitat: “Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir”.
Bəli, ölkə başçımızın da bəyan etdiyi kimi, qalib Azərbaycanın məğlub Ermənistan qarşısında şərti çox sadə, anlaşıqlı və beynəlxalq hüquqa əsaslanan şəkildədir. Bunun şərtdən daha çox böyük fürsət olduğunu dərk etmək üçün isə qarşı tərəfin dünya tarixində kapitulyasiyaya uğrayan ölkələrin hansı məhrumiyyətlərlə üzləşdiklərinə diqqət etmələri kifayətdir. Ancaq IV Antalya Diplomatiya Forumunda Ermənistan xarici işlər nazirinin absurd fikirləri onu deməyə əsas verir ki, haylar Azərbaycanın bu humanist davranışlarını qulaq ardına vurmaqda və bir neçə il bundan öncə baş verən hadisələrdən dərs çıxarmamaqda israrlıdırlar. Bu baxımdan, beynəlxalq forum həm də bir neçə vaxtdır, yalandan sülh istəyirmiş kimi büruzə verib, “sülh göyərçini” siyasi donuna bürünməklə təzahür edən növbəti erməni fitnəkarlığının ifşası kimi tarixə düşdü. 
IV Antalya Diplomatiya Forumunda masaya yatırılan və Azərbaycanın növbəti diplomatik uğuru kimi xarakterizə olunan digər mühüm məsələ isə sözsüz ki, Qərbi Azərbaycan və qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışının gündəmə gətirilməsi idi. Bu xüsusda onu vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin respublikamızın xarici siyasət gündəliyinə saldığı “Qərbi Azərbaycana qayıdış” konsepsiyası ötən dövrdə dəfələrlə müzakirə predmetinə çevrilib, minlərlə soydaşımızın haqları dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Müddəalarına nəzər yetirəndə aydın olur ki, ölkəmizin irəli sürdüyü bütün təşəbbüs və şərtlər kimi, sözügedən konsepsiya da beynəlxalq hüquqa, ədalət prinsiplərinə əsaslanır. Qalib lider dəfələrlə vurğulayıb ki, biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik. Ancaq təəssüf doğuran haldır ki, Azərbaycanın regionda sülhü, təhlükəsiz yaşayışı təşviq edən, tarixi ədalətin bərpasına söykənən bütün təşəbbüsləri, addımları kimi, “Qərbi Azərbaycana qayıdış” konsepsiyasına da Ermənistan rəhbərliyi müxtəlif çirkin, yaraşmaz siyasi donlar geyindirir, məsələni gündəmdən salmaq üçün siyasi manipulyasiyalara əl atırlar. Prezident İlham Əliyev isə çıxışlarında əsaslı faktlarla, arqumentlərlə danışaraq qarşı tərəfə və onun havadarlarına tarix dərsi keçir, ölkəmizin Qərbi Azərbaycana qayıdış məsələsini diqqətdən kənarda qoymayacağını qəti şəkildə bəyan edir: “Yəni bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.
2022-ci ildən bəri sayca dördüncü dəfə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan yüksəksəviyyəli görüşləri, panel sessiyalardakı mövzuları analiz etdikdə aydın olur ki, forumun əsas məqsədi dünyada baş verən böhranların həllinə yeni yanaşmalar ortaya qoymaqla diplomatik töhfə verməkdir. Azərbaycanın ilk dəfə bu beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil olunması, respublikamızın maraqlarına uyğun masaların təşkili qalib ölkə olaraq artan qlobal nüfuzumuzdan xəbər verdi. Ümumilikdə isə beynəlxalq ictimaiyyəti narahat edən çox ciddi, vacib məqamlara aydınlıq gətirməklə, yeni ideyalar formalaşdırmaqla forum sağlam, etibarlı dünya üçün əhəmiyyət kəsb edən məsələlərin və çağırışların müzakirəsi baxımından önəmli beynəlxalq platformaya çevrildiyini göstərdi, birləşdirici gücünü nümayiş etdirdi...

Nail ƏSGƏROV

Nəşr edilib : 14.04.2025 19:07