Qəzetçilik tarixinin əsas sütunlarından biridir ...
21:04 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Azərbaycan multilateralizm prinsipləri əsasında reallaşdırdığı çoxtərəfli diplomatiya ilə aparıcı dünya ölkələri və təşkilatlarla sıx əlaqələr formalaşdıraraq sülhə, dialoqa, əmin-amanlığa xidmət missiyasını müvəffəqiyyətlə yerinə yetirir. 120 dövlətin dəstəyi əsasında Qoşulmama Hərəkatına dörd il uğurlu sədrlik etməklə beynəlxalq münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verən ölkəmizin TDT və MDB-yə üzv dövlətlərlə, xüsusilə də Türkiyə, Rusiya ilə yaxınlığı regional nüfuzunun kifayət qədər artmasına səbəb olub. Prezident cənab İlham Əliyevin uğurlu diplomatiyası sayəsində son dövrlərdə güclənən, qarşılıqlı etimad və hörmətə söykənən Azərbaycan və ŞƏT, Azərbaycan və BRICS əlaqələri də uzaq gələcəyə hesablanmış geniş perspektivlər vəd edir. Oktyabrın 23-24-də dövlət başçısının Kazanda keçirilən BRICS sammitində iştirakı, “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı, sammit çərçivəsində keçirilən rəsmi görüşlər, imzalanan bəyannamə də bu təşkilatın, xüsusilə də quruma sədrlik edən Rusiyanın ölkəmizə qarşı birmənalı hörmət və dəstəyinin ifadəsidir.
Bildiyimiz kimi, BRICS 2006-cı ildə beş sürətlə inkişaf edən – Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin birliyindən yaranan beynəlxalq əhəmiyyətə malik təşkilatdır. Hazırda 10 üzvü olan qurumun nüfuzu həmin respublikaların siyasi gücü ilə yanaşı, maddi, təbii sərvətləri, iqtisadi çəkisi, ticarət imkanları ilə ölçülür. Nüfuzlu “The Economist Group”un araşdırma qrupu “Economist Intelligence Unit”in ekspertlərinin qənaətinə görə, hazırda BRICS+ ölkələrinin iqtisadiyyatının həcmi 20 trilyon, G7 ölkələrinin iqtisadiyyatının cəmi isə 40 trilyon dollar təşkil edir. Müqayisə üçün qeyd etmək olar ki, 10 il əvvəl bu fərq 3-4 dəfə idi. Proqnozlara görə, aradakı nisbət azalmağa və bərabərləşməyə doğru gedir. Mütəxəssislərin rəyinə əsasən 2050-ci ilə qədər BRICS-ə daxil olan üzv ölkələrin ümumi iqtisadiyyatı dünyanın ən zəngin ölkələrinin cəmi iqtisadiyyatlarını geridə qoyacaq. Nəzərə alsaq ki, günümüzdə iqtisadi potensial, maddi resurs müstəqil siyasət yürütməkdə, diktə etməkdə vacib faktordur, belə olan halda BRICS-in yeni dünya düzəninin formalaşmasına təsirinin böyük olduğunu, gələcəkdə daha mühüm beynəlxalq təşkilata çevriləcəyini əminliklə söyləyə bilərik. Təsadüfi deyil ki, hazırda Azərbaycan da daxil olmaqla, ümumilikdə, 30-a yaxın ölkə çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilən BRICS-ə üzvlük və ya tərəfdaş dövlət statusu almaq istəyir. Bu mənada, Kazan sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısının qatılması, BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı özlüyündə bu quruma etimadın və gələcəyinə inamın ifadəsidir.
“Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” şüarı ilə keçirilən, regional münaqişə və müharibələrin təhlillərinin aparıldığı, müzakirə edildiyi Kazan sammiti Qərbin iqtisadi, siyasi təzyiqlərinə məruz qalan həm Rusiya, həm də Azərbaycan üçün öz siyasi iradəsini, iqtisadi potensialını göstərmək baxımından vacib platforma rolunu oynadı. Ölkəmiz son illərdə mühüm beynəlxalq nəqliyyat layihələrinin icrasına verdiyi töhfələr sayəsində dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzi sayılan BRICS-ə üzv olmağa çox yaxındır. Şübhəsiz ki, Azərbaycanın təşkilatda əsas söz sahibləri sayılan Rusiya və Çinlə yaxınlığı, etibarlı ticarət tərəfdaşlığı da bu məsələdə öz rolunu oynayır və oynayacaq da. Bu xüsusda bir faktı da qeyd etmək yerinə düşər ki, ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən, 20,8 faizi BRICS üzvlərinin payına düşüb. Məhz bütün bu amillərin nəticəsidir ki, sammitdə Rusiya Prezidenti Vladimir Putin logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolunun çox vacib olduğunu diqqətə çatdırdı, ölkəmizin Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcminin böyük əhəmiyyət kəsb etdiyini dedi. Prezident İlham Əliyev sammitin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Sitat: “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”
Kazan sammiti həm də Azərbaycanın gələn ay ev sahibliyi edəcəyi COP29-un təşkilinə göstərilən dəstəyin, stimulun növbəti ifadəsinə çevrildi. Belə ki, BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bir daha açıq şəkildə bildirdilər. Sammitin Yekun Bəyannaməsində qlobal problemlərin həllinə xidmət edən bu mötəbər tədbirin uğurla keçirilməsinə sadiqlik ifadə olundu: “Biz Azərbaycanda Konfransın uğurla keçirilməsinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşdırılması, itkilərin və zərərin bərpası sahələrində milli səviyyədə müəyyən edilmiş cari və gələcək fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə mənalı nəticələr gözləyirik”. Anti-Azərbaycan siyasəti aparan, dövlətimizin reallaşdırdığı uğurlu layihələrə, xüsusən də gələn ay keçiriləcək bu mötəbər tədbirə kölgə salmağa cəhd göstərən müxtəlif siyasi dairələrə tutarlı cavab olan bu bəyanat bir daha təsdiqlədi ki, Azərbaycan COP29-un sədri olaraq dünya iqlim diplomatiyasını aktiv şəkildə formalaşdırmağa, Qlobal Cənub və Qlobal Şimal ilə fəal, faydalı dialoq aparmağa qadirdir.
Ümumilikdə, BRICS sammiti Azərbaycanın mühüm geosiyasi mövqeyi, nəqliyyat-logistika imkanları baxımından faydalı, etibarlı ölkə olduğunu bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyev qəti şəkildə ölkəmizin beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu vurğulayaraq bunun real nəticələr verdiyini bildirdi: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Nail ƏSGƏROV
Digər xəbərlər