NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Arıqlamaq üçün dərman vasitələrindən istifadə şərtdirmi?

...

İnsan üçün hər şeydən öncə ən vacib nemətin  sağlamlıq olması birmənalıdır. Çünki sağlam bədən sağlam ruh deməkdir. Əgər sağlamsansa, həyat hər mənada, sənin üçün daha gözəldir. Sadə bir misal gətirək. Bəzən özümüzdə kiçik bir  ağrı hiss etdikdə ovqatımız pozulur. Nə yediyimiz yeməkdən, nə içdiyimiz çaydan, nə gündəlik həyatımızda etdiyimiz şeylərdən zövq ala bilmir, hətta etmək belə istəmirik. Bu sırada artıq çəkili insanların yaşadıqlarını başa düşmək çətin deyil. Artıq çəkidən əziyyət çəkən insanlar müxtəlif vasitələrə əl ataraq bu problemi aradan qaldırmağa çalışırlar. Sağlıqlı şəkildə arıqlamağa üstünlük verənlər də var, “Gözəllik qurban tələb edir”, – deyib özünü oda-közə yaxanlar da.

Çoxumuz düzgün pəhriz saxlamaq, mütəxəssisdən yardım almaq,  qədərində idmanla məşğul olmaq  yerinə asan yol seçir, müxtəlif arıqlama dərmanlarından, çaylarından, iynələrindən istifadə edərək ideal bədən quruluşuna sahib olmağa çalışırıq. Həqiqətənmi bu vasitələr çarədir? Yoxsa əksinə, özü ilə daha  da çox problemlərə yol açır? Bu məsələyə aydınlıq gətirən dietoloq-həkim Pərvanə Qəhrəmanova  əvvəlcə artıq çəkinin səbəblərindən söz açır: – Hamı elə düşünür ki, bir insan artıq çəkidən əziyyət çəkirsə,  bu, onun çox yeməsi ilə bağlıdır. Əslində isə bu belə deyil. Müasir dövrdə artıq  çəkiyə daha çox maddələr mübadiləsinin pozuntusu şərait yaradır. Piylənmənin əsas  səbəbi düzgün qidalanmamaq və ac qalmaqdır. Vücuddan aclıq və ya susuzluq siqnalı gəlməsinə baxmayaraq, gündəlik işlərlə əlaqədar yemək və içmək kimi təbii  ehtiyaclarımızı zamanında qarşılamadıqda  sonradan  qəbul etdiyimiz qida artıq çəkiyə səbəb olur və  vücud bir sonrakı qidanı yağa çevirir.

Buna görə də gündəlik yemək rejimimizə diqqət  etməliyik. Bazal metabolizma, yəni mübadilə  yemək yeyib, lakin çəki almayan insanlarda  çox sürətli olduğu halda az yeməsinə rəğmən çəki alan insanlarda isə zəifdir. Metabolizmanın zəifləməsinə səbəb isə təbii ki, vaxtında qida qəbul etməmək  və düzənsiz yeməkdir. Bazal metabolizma hər kəsdə yaşa, boya, kiloya,  gördüyü işə görə fərqlidir. Yemək yemədən arıqlamağın əleyhinə olan müsahibim qeyd edir ki, arıqlamaq istəyən insan yeməyini  azaldır  və ilk zamanlar müəyyən qədər çəki itirir. Daha sonra isə maddələr mübadiləsinə bağlı olaraq bu proses dayanır. Metabolizma zəiflədiyi üçün yenidən yemək yeyilməyə başladıqda bu, piylənmə şəklində vücuda geri  qayıdır.

Artıq çəkiyə səbəb kimi stress amili də yüksək rol oynayır. Çünki stress hormonu vücudda su tutduğuna görə çəkiyə səbəb olur. Arıqladıcı vasitə olan dərmanların ziyanından bəhs edən dietoloq həkimin sözlərinə görə, insanlar  asan çəki verməyin yolunu dərmanlardan istifadədə görür və həqiqətən də, çəki itirirlər. Lakin bunun müqabilində nə qazanırlar? Təbii ki, uzunmüddətli dərman qəbulu  bir çox patoloji problemlərə yol açır. Bunlara təzyiq qalxması, enməsi, mədə-bağırsaq sistemi pozulmaları, ürək-qan damar sistemi xəstəlikləri,  qaraciyər  narahatçılıqları, ishal, qəbizlik və sair misal göstərmək olar. Dərmanların tərkibində, əsasən,  maddələr mübadiləsini sürətləndirən və mədə-bağırsaq sistemini aktivləşdirən bitkilər olduğundan müəyyən müddət sonra kimin hansı orqanında zəiflik varsa,  həmin hissədə patoloji  problemlər  yaradır.  Metabolizmanın normadan artıq aktivləşməsi, kalorinin  azaldılması,  həyat tərzinin və işin gərginliyinə vücud artıq tab gətirə bilmir.

Bu dərmanların satışı ilə məşğul olanlar, əsasən,  qidalanma üzrə mütəxəssis olmadıqları  üçün insanların anemnezini bilmədən  müəyyən protokol əsasında dərman preparatlarını məsləhət bilirlər. Nəticə isə təbii ki,  xoşagəlməz olur. İdeal çəkiyə çatmaq üçün  öz vücudunu tanımanın əsas şərt olduğunu  vurğulayan  müsahibim bildirir ki, insanlar mövsümiliyi və regionluğu qoruyub saxlayaraq həyat tərzinə və iştahına uyğun  qida rasionu seçməlidirlər. Yəni yaşadığı bölgədə  və mövsümündə yetişən meyvə-tərəvəzlərdən  istifadə mütləqdir. Diyet zamanı davamlılığı  qorumaq əsas şərtdir. Diyet insanın tamamilə  nədənsə məhrum olmağı demək deyil. Mono diyetlər,  xüsusilə payız və qış mövsümündə ciddi fəsadlar törədə bilər. Yeməklər arası məsafə ən az 2-3 saat olmalıdır. Yeməklərdən sonra su  2 saat ara məsafəsi ilə qəbul edilməlidir.

Arıqlama vasitəsi kimi idmanın rolundan da bəhs edən  Pərvanə xanım  bu barədə düşüncələrini dilə gətirir: – Əgər bir insan idmandan zövq alırsa, idman onun əhvali- ruhiyyəsini yaxşılaşdırırsa, iş fəaliyyətinə maneəçilik törətmirsə, həmin adam idmanla məşğul olmalıdır. Yəni sırf arıqlamaq  xatirinə idmanla məşğul olmaq düzgün deyil.                                                                     

                                                                              Türkanə ƏSƏDOVA

Nəşr edilib : 23.10.2024 10:07