Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşm...
19:31 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
“Mən onu şəxsən tanıyırdım, onunla dəfələrlə görüşmüşdüm və buna görə də mənim bu sözlərim kitablardan oxuduğum, yaxud kimdənsə eşitdiyim sözlər deyildir. Bunlar onunla şəxsi təmasdan aldığım təəssüratlardır. O, həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi”. Ümummilli Lider Heydər Əliyevin akademik Yusif Məmmədəliyev haqqında dediyi bu sözlər Azərbaycan alimlərinin, elm adamlarının xalqımızın milli mənlik şüurunun formalaşmasında, intellektual potensialının güclənməsində oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Onlar tədqiqatları, kəşfləri və Vətən qarşısında gördükləri böyük işlərlə milli elm tariximizin zirvəsinə yüksəlib, inkişafına misilsiz töhfələr veriblər. Bu inkişaf yolunda dünyaşöhrətli görkəmli alimlər arasında kimyaçı, maarifpərvər ziyalı, akademik Yusif Məmmədəliyev xüsusi yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 5 iyul tarixli Sərəncamı ilə akademikin 120 illik yubileyinin keçirilməsi barədə qərar qəbul olunmuşdu. Bu Sərəncam, həmçinin alimin elmi irsinin daha geniş şəkildə təbliği və gənc nəslə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Ötən günlərdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin istifadəyə verilməsi də alimin xatirəsinə göstərilən dəyərin bariz nümunəsidir. Biz də həmin mərkəzlə yaxından tanış olmaq üçün Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinə üz tutduq. Mərkəzin girişində bizi “Akademik Yusif Məmmədəliyev-120” adlı sərgi qarşılayır. Ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi bu sərgidə alimin həyat və elmi fəaliyyətini əks etdirən, həmçinin məqalələrindən ibarət Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar və qəzet materialları nümayiş olunur. Mərkəzdə yaradılmış “Akademik Yusif Məmmədəliyev-120” guşəsində görkəmli alimin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, müxtəlif illərdə aldığı patentlər, şəhadətnamələr, rəylər və məktublar yer alır. Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Kimya kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov bildirir ki, universitetdə yeni yaradılan Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin əsas məqsədi bakalavr və magistr tələbələrinin, eləcə də doktorantların elmi-tədqiqat işlərini həyata keçirmələri üçün geniş imkanlar yaratmaqdır. Onun sözlərinə görə, mərkəzdə əldə olunan yeni avadanlıqlar, cihazlar və reaktivlərdən istifadə etməklə təcrübələrin daha təkmil şəkildə aparılması təmin edilir. “Biz də bu etimadı doğrultmaq üçün təcrübələri davamlı olaraq həyata keçiririk və bununla elmimizə töhfə vermiş oluruq”, – deyə o əlavə edir. Şəmil Mahmudov, həmçinin qeyd edir ki, Tələbə Elmi Cəmiyyəti (TEC) xətti ilə görülən işlər məqalə şəklində dərc oluna bilir. Yerli və xarici elmi jurnallarda, o cümlədən yüksək impakt faktorlu nəşrlərdə çap edilən məqalələr elmi-tədqiqat laboratoriyasında hazırlanır və tələbələrin elmi fəaliyyətinə yüksək dəstək göstərir. O vurğulayır ki, laboratoriyada ən çox diqqət yetirilən məqam hər bir reaksiyanın tələbələr tərəfindən əvvəlcədən nəzəri cəhətdən təhlil edilməsi və daha sonra laboratoriya şəraitində təhlükəsizlik qaydalarına tam uyğun şəkildə icra olunmasıdır. Naxçıvan Dövlət Universitetində fəaliyyətə başlayan Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi böyük bir elmi irsin davamı, gənclərə verilən dəyərin təcəssümüdür. Burada təhsil alan hər bir tələbə dahi alimin elmə bəxş etdiyi yenilikləri öyrənməklə yanaşı, onun Vətənə sevgisini, məsuliyyətini və xidmət ruhunu özündə yaşadır. Bu mərkəz gələcək kimyaçıların, elm adamlarının yetişməsində mühüm rol oynayacaq və akademikin adını gələcək nəsillərə daha parlaq şəkildə çatdıracaq.
Laboratoriyalarla tanışlıq zamanı üzvi kimya laboratoriyasına daxil oluruq. Burada tələbələrdən bir neçəsi ilə söhbət edirik. Nurtac Rəhimova deyir ki, o, Kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsidir. Nurtac vurğulayır ki, təhsil illəri ərzində yalnız dərslərdə deyil, həm də universitetin və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyi özünə borc bilib: “Ötən günlərdə iştirak etdiyim Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir mənə böyük stimul verdi. Bu tədbirdə universitetimizi və gənc kimya müəllimləri nəslini təmsil etmək mənim üçün qürurverici idi. Aldığım əsas mesaj isə gənclərin milli inkişaf proseslərinə daha sıx inteqrasiya edilməsinin vacibliyidir”. Tələbələrin təşəbbüsü ilə yubiley münasibətilə qeyri-adi və yaradıcı bir təqdimat hazırlanıb. Nurtac bildirir ki, Kimya və Kimya müəllimliyi ixtisaslarının IV kurs tələbələri Kimya kafedrasının laboratoriya müdiri Pəri Hüseynovanın təşkilatçılığı ilə 40 fərqli kimyəvi reaksiyadan alınan çöküntülərdən, rəngli məhlullardan və kompleks birləşmələrdən istifadə edərək “120” rəqəmini vizual şəkildə hazırlayıblar. Eyni zamanda kimyanın rəngli və estetik imkanlarından yararlanaraq akademikin ad və soyadının baş hərfləri olan “YM” yazısını da kimyəvi məhlullarla nümayiş etdiriblər. Bu təqdimat kimyanın estetik və yaradıcı bir sahə olduğunu göstərən unikal performans idi və mərkəzin açılışında iştirak edən qonaqlar tərəfindən maraqla qarşılandı. Nurtac deyir ki, Naxçıvan Dövlət Universitetinin tələbəsi kimi Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışını universitetin ən böyük nailiyyətlərindən biri hesab edirəm. “Mərkəzin dahi kimyaçı alimin adını daşıması həm elmi irsə hörmət, həm də gənc nəsillərə onun yolunu davam etdirmək üçün bir stimuldur. Burada nəzəri bilikləri son texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda praktiki təcrübəyə çevirmək imkanımız genişdir. Müxtəlif təcrübələr aparırıq, təhlükəsiz hazırlanma texnikalarını öyrənir, polimerlərin alınması ilə bağlı araşdırmalar edirik. Əldə etdiyimiz polimerlərdən müxtəlif fiqurlar düzəldirik ki, onlar da konfranslarda nümayiş etdirdiyimiz nəticələrin bir hissəsidir. Elmi fəaliyyətimi və araşdırmalarımı magistratura pilləsində davam etdirməyi hədəfləyirəm. Yeni açılan Tədris-Tədqiqat Mərkəzinin bu yolda bizə böyük dəstək olacağına inanıram. Bu mərkəz sayəsində magistr və daha yuxarı pillələrdə yerli sənaye üçün aktual olan innovativ tədqiqat layihələri aparmaq imkanımız olacaq. Bu baza biz gənc tədqiqatçıları beynəlxalq standartlara uyğun hazırlayır.
Bir digər müsahibimiz Kimya müəllimliyi üzrə 3-cü kurs tələbəsi Leyla Babazadədir. O deyir: “Mən də gələcəkdə akademik Yusif Məmmədəliyev kimi öz ölkəmin elmi inkişafına çox böyük töhfələr vermək istəyirəm və bunu bacaracağıma inanıram. Bu gün mərkəzimizdə yaradılan laboratoriyalar və bizdən dəstəyini əsirgəməyən müəllimlərimizin köməyi ilə kimyanı daha yaxşı və ətraflı öyrənməyimizə imkan verir. Kimya elminin praktika üzərində tədris olunması çox vacibdir və bu imkanı bizə yaradan doğma ali təhsil ocağımızdır. 2024-2025-ci tədris ilində universitetdəki elmi fəaliyyətimə və ortalamamın yüksək olmasına görə Yusif Məmmədəliyev adına təqaüdə layiq görüldüm. Yusif Məmmədəliyev adına təqaüd almağım mənim üçün çox böyük motivasiyadır. Özümə söz vermişəm ki, həm təhsil sahəsində, həm də gələcək işimdə daha məsuliyyətli olacağam. Çünki bu təqaüdə layiq görülməyim mənə qürur hissi verir. Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılış tədbirində tanınmış alim, elm adamlarının iştirakı, elmi sərginin olması biz tələbələr üçün çox maraqlı və faydalı idi. Oradakı alimlərdən bir neçəsi ilə söhbət etmək fürsəti də qazandım. Ən yadda qalan məqam isə Yusif Məmmədəliyevin qızı Sevda xanım Məmmədəliyeva ilə tanışlığım oldu. Sevda xanım tələbə təqaüdünü qazandığım üçün məni təbrik etdi və uğurlarımın daimi olmasını söylədi. Akademikin qızı ilə görüşmək, onunla danışmaq mənə daha çox motivasiya verdi. Mən də istəyirəm ki, gələcəkdə yaxşı bir müəllim olum, şagirdlərimə elm sevgisi aşılaya bilim və ölkəmizə xeyirli bir mütəxəssis kimi yetişim”.
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin ölkə başçısının Sərəncamı ilə yüksək səviyyədə keçirilməsi bizə bir daha göstərdi ki, böyük alimlər zaman keçsə də, unudulmur, onların yaratdığı yol yeni nəsillər üçün ilham mənbəyidir. Naxçıvan Dövlət Universitetində açılan Tədris-Tədqiqat Mərkəzi isə gənclərin bu irsə daha yaxından toxuna bilməsi üçün əvəzsiz fürsətdir. Burada təhsil alan tələbələrin gözlərindəki maraq və isə Yusif Məmmədəliyevin elmə vurğunluğunun kiçik bir təzahürüdür. Bu günün gəncləri onun başladığı yolu davam etdirərək ölkəmizin elmi inkişafına yeni səhifələr yazacaqlar.
Digər xəbərlər