İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmlən...
12:57 30.10.2026
0
0
0
NAXÇIVAN :
30 Oktyabr 2026, Cümə
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilən özünüməşğulluq proqramı əhalinin məşğulluğunun təmin edilməsi, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması və kiçik sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikasında da proqram çərçivəsində bu istiqamətdə ardıcıl tədbirlər görülür.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində öz kiçik biznesini qurmaq istəyən 114 işsiz şəxsə aktivlər təqdim edilib. Onlardan 94 nəfəri kənd təsərrüfatı, o cümlədən 50 nəfəri qoyunçuluq, 44 nəfəri arıçılıq, 20 nəfəri isə istehsal və xidmət sahələri üzrə fəaliyyət göstərmək üçün müvafiq əmlaklarla təmin olunub. “Şərq qapısı” qəzetinin əməkdaşları proqramın imkanlarından yararlanan bir neçə şəxslə həmsöhbət olub, onların fəaliyyətləri ilə maraqlanıblar.
Naxçıvan şəhərində avto çilingər xidməti göstərən Ülvü Məmmədov özünüməşğulluq proqramının bu ilki iştirakçılarındandır. O, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edib, cari ildə müstəqil fəaliyyətini qurmaq üçün zəruri avadanlıqlarla təmin olunub. Təqdim edilən aktivlərə 4 tonluq avto qaldırıcı, 12 tonluq hidravlik press, 2,25 tonluq qaldırıcı qurğu, 100 litrlik hava kompressoru, kompressor borusu və birləşdiricisi, qarışıq alətlər dəsti, bir silindrli dişli hidravlik stend və açar tapançası daxildir.
Müsahibimiz bildirdi ki, bu avadanlıqlar ona işini daha səmərəli təşkil etməyə, göstərdiyi xidmətlərin çeşidini və imkanlarını genişləndirməyə şərait yaradıb. Əvvəllər qazancının daha az olduğunu qeyd edən Ülvü Məmmədov indi gəlirlərini artırmaq üçün daha geniş imkanlara malikdir. Onun fikrincə, bu cür dəstək insanların öz zəhməti hesabına dolanışığını yaxşılaşdırmasına və müstəqil fəaliyyətini inkişaf etdirməsinə əhəmiyyətli töhfə verir.
Şıxmahmud kəndində avto çilingər xidməti göstərən Taryel Həsənov da bu il proqram çərçivəsində müvafiq avadanlıqlarla təmin olunub. Ona təqdim edilən aktivlər arasında avto qaldırıcı, hidravlik press, qaldırıcı qurğu, hava kompressoru, kompressor borusu və birləşdiricisi, qarışıq alətlər dəsti, hidravlik stend və açar tapançası yer alır.
Sözügedən avadanlıqlar avto çilingər xidmətinin təşkili və gündəlik işlərin daha rahat, operativ görülməsi üçün mühüm vasitələrdir. Bu dəstək Taryel Həsənova öz bacarıqlarını müstəqil əmək fəaliyyətinə çevirmək, müştərilərə göstərdiyi xidmətin keyfiyyətini yüksəltmək və gəlir əldə etmək üçün yeni imkanlar yaradıb. Eyni zamanda belə təşəbbüslər kənd yerlərində də kiçik sahibkarlığın və xidmət sahələrinin inkişafına şərait yaradır.
Özünüməşğulluq proqramının əhəmiyyəti yalnız vətəndaşların ilkin aktivlərlə təmin olunmasında deyil, həm də onların sonrakı dövrdə müstəqil təsərrüfat quraraq fəaliyyətlərini davam etdirməsində özünü göstərir. Şahbuz rayonunun Külüs kənd sakini Qalib Quliyevin təcrübəsi də bunu təsdiqləyir. O, 2025-ci ildə proqram çərçivəsində üç baş iribuynuzlu mal-qara və 800 kiloqram qarışıq yemlə təmin olunub. Hazırda maldarlıqla məşğul olan təsərrüfatçı təqdim edilən aktivlərin təsərrüfatının qurulması və fəaliyyətinin davam etdirilməsi baxımından mühüm dəstək olduğunu bildirir. Qalib Quliyev əldə etdiyi imkanlardan yararlanaraq təsərrüfatını inkişaf etdirməyə, gələcəkdə fəaliyyətini daha da genişləndirməyə çalışır.
Göründüyü kimi, özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan aktivlər insanların yalnız ilkin maddi ehtiyaclarının qarşılanmasına deyil, həm də davamlı gəlir mənbəyi yaratmasına xidmət edir. Proqramdan yararlanan şəxslər əldə etdikləri avadanlıq və digər aktivlər hesabına öz bacarıqlarını real iqtisadi fəaliyyətə çevirir, ailə büdcələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar qazanırlar. Bu imkanlardan səmərəli istifadə olunması isə fərdi rifahla yanaşı, regionda məşğulluğun artırılmasına və iqtisadi fəallığın yüksəldilməsinə də töhfə verir.
Zəhra VƏLİYEVA
Rafiq TƏHMƏZ
Digər xəbərlər