Naxçıvanda fəaliyyət göstərən məhkəmələrin kollekt...
18:11 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Prezident İlham Əliyev: Heydər Əliyev bütün dövrlərdə bütün sınaqlardan şərəflə çıxmışdır. Bütün mübarizələrdə – istər daxili, istər beynəlxalq müstəvidə, bütün dövrlərdə doğma Vətənini müdafiə etmişdir və qələbə qazanmışdır. Əgər biz tarixə bir daha nəzər salsaq, görərik ki, Heydər Əliyevsiz dövrlər Azərbaycan üçün böyük fəlakətlərlə nəticələndi. Yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.
Böyük alman filosofu Fridrix Nitşe deyirdi ki, tarix şəxsiyyətləri deyil, şəxsiyyətlər tarixi yaradır. Bəli, gərgin ictimai-siyasi hadisələrin cərəyan etdiyi ayrı-ayrı dövrlərə, ölkələrin həyatına, zaman-zaman dəyişilən dünya düzəninə nəzər yetirəndə aydın olur ki, tarix dahi insanların ideya və əməllərinin üzərində yaranır, qərar tutur. Məhz Ümummilli Liderimiz Heydər Əliyev də belə nadir görkəmli şəxsiyyət, fenomen insanlardan biridir ki, onun əbədiyaşar ideyaları üzərində müasir, müstəqil, qüdrətli, qalib, bütöv Azərbaycan bərqərar olunub. Otuz bir il öncə bu gün xalqımız həyatında taleyüklü məsələlərin ən mühümlərindən birinə imza atmaqla, Ulu Öndər yoluna, ideyalarına səs verməklə ölkəmizin müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq arenaya çıxmasına, söz, nüfuz sahibi olmasına şərait yaratdı. 1993-cü il 3 oktyabr ümumxalq sevgisinin ən ali zirvəsi, bariz göstəricisi kimi tarixə, yaddaşlara əbədi həkk olundu.
Naxçıvandan başlanan müstəqillik tarixi, inkişaf yolu
Tarixi hadisələri xronololoji ardıcıllıqla nəzərdən keçirəndə aydın olur ki, ölkəmizi müstəqilliyə, Milli Qurtuluşa aparan, 1993-cü il oktyabrın 3-nə gedən yol məhz 1990-cı ilin iyulun 22-də görkəmli dövlət xadiminin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışı ilə başlayıb. Təsadüfi deyil ki, siyasi şərhçilər tərəfindən həmin tarix böyük qurtuluşa Vətəndən başlanan yolun başlanğıc günü adlandırılır. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi 1990-1993-cü illəri yada salmamaq, həmin mərhələni Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində ən mühüm dövr kimi xarakterizə etməmək olmaz. Məhz bu illərdə verilən tarixi qərarlarla müstəqil Azərbaycanın təməl prinsipləri formalaşdırılıb, ölkəmizin gələcək inkişafının əsasları qoyulub. 15 İyun – Milli Qurtuluş Gününün davamı kimi, 1993-cü il oktyabrın 3-də Ulu Öndərin Prezident seçilməsi ilə ölkəmiz əsl müstəqilliyə qovuşdu, müstəqil dövlət kimi dünyada mövqe qazanmağa başladı. Ötən il mayın 23-də Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ölkə başçısı cənab İlham Əliyev xalqa müraciətində həmin vacib amili, tarixi məqamı xatırladaraq dedi: “Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu”.
Bəli, Prezident cənab İlham Əliyevin də dediyi kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə mühüm məsələlərin həlli istiqamətində mütərəqqi işlərə imza atıldı. Qısa müddətdə ölkənin inkişafı üçün əsas, vacib amil sayılan daxili sabitlik bərqərar edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu sahəsində potensial baza yaradıldı. Eyni zamanda iqtisadiyyatın dirçəldilməsi yolunda addımlar atıldı, xarici neft şirkətləri ilə bu il 30 illiyi tamam olan “Əsrin müqaviləsi” imzalandı ki, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən irimiqyaslı proyektlərin həyata keçirilməsinə başlanıldı. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm təməli qoyuldu. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi. Bununla bərabər, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi təmin olundu, müasir hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiya qəbul edildi. Nəticədə, çox qısa müddətdə müstəqil Azərbaycan özünün sosial, iqtisadi, siyasi və mədəni həyatında ciddi uğurlar qazandı.
Ulu Öndər ideyalarına sədaqət, güclü siyasi iradə və qətiyyətlə
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyən dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri sayılan müstəqil Azərbaycanın taleyini Ulu Öndər məktəbinin layiqli davamçısına əmanət edib. Xalqımız 2003-cü ildən bəri Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar qazanır. Dahi liderin parlaq ideyalarını layiqincə reallaşdıran Azərbaycan Prezidenti siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr edib. Məhz bunun nəticəsidir ki, Azərbaycan ötən dövrdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, TANAP, TAP kimi nəhəng layihələrlə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verməklə etibarlı ticarət tərəfdaşı statusu qazanıb. Eyni zamanda müstəqil iqtisadi siyasət yürüdən dövlət başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də əhəmiyyətli işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycan iqtisadiyyatı artıq tam mənası ilə şaxələndirilmiş iqtisadiyyatdır. Dünyanı bürüyən müharibələrə, qlobal böhrana baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür, uğurlu inkişaf təmin edilib, regionun geosiyasi mənzərəsi tam mənasında ölkəmizin xeyirinə dəyişib. Eyni zamanda uğurlu daxili siyasət nəticəsində son 21 ildə mütəmadi olaraq əməkhaqqılar, pensiyalar artırılıb, yeni iş yerləri yaradılıb, insanların sosial müdafiəsi gücləndirilib, məşğulluq problemi aradan qaldırılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və ciddi uğurlara imza atıb. Türkiyə, Rusiya, Pakistan, Özbəkistan və İtaliya kimi siyasi, iqtisadi gücə malik ölkələrlə sıx əlaqələr quran Azərbaycanın 120 dövlətin təmsil olunduğu, BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda qüdrətinin əyani göstəricisidir. Ölkə başçısının təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə səmərəli əməkdaşlıq ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin, etimadın nəticəsidir. Ölkəmiz praqmatik düşüncəyə malik dövlət başçısı ilə tarixi uğur modeli formalaşdırıb, 2024-cü ildə COP29 kimi mötəbər tədbirə ev sahibliyi missiyasını yüksək səviyyədə davam etdirən Cənubi Qafqazın lideri gələcəkdə “yaşıl enerji” istehsalı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə vermək əzmindədir.
Nizami ordudan müzəffər Orduya, müstəqillikdən suverenliyə
Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan işğal olunan torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etmək mümkün olmayacaq. Elə buna görə də siyasi hakimiyyətə qayıdışından dərhal sonra hərbi quruculuğa əsas prioritet məsələ kimi yanaşmağa, ordunun formalaşdırılmasına böyük diqqət ayırdı. Ulu Öndər 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında da bu barədə dedi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Məhz Ümummilli Liderin qısa zamanda formalaşdırdığı güclü, nizami Azərbaycan Ordusu ötən illər ərzində daha da təkmilləşib qüdrətlənərək Ulu Öndər yoluna sədaqətini ən yüksək səviyyədə göstərdi, Ali Baş Komandanın siyasi iradəsi, sarsılmaz qətiyyəti ilə 30 illik tarixi ədalətsizliyə son qoydu, əzəli torpaqları işğaldan azad etdi. Ötən ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olundu...
Böyük Qayıdış proqramı çərçivəsində bu gün tarixi torpaqlarımıza həyat qayıdır, soydaşlarımız üçün gözəl, əlverişli yaşayış, iş şəraiti yaradılır, yurd yerlərimizə köç prosesi uğurla reallaşdırılır. Təhsil, mədəni ənənələr bərpa olunur, turizm potensialı inkişaf etdirilir, bölgələrin, təbii sərvətlərin əvvəlki şöhrəti özünə qaytarılır. Qarabağın tacı Şuşada, Xocalıda, Xankəndidə və azad olunan bütün torpaqlarda müstəqilliyimizin rəmzi sayılan üçrəngli bayrağımız dalğalanır. Xalqımız Ulu Öndərin, şəhidlərin əziz xatirəsinə ehtiramla şəhərlərimizin azad edilmə tarixlərini, Zəfər, Dövlət Suverenliyi günlərini böyük qürurla, fəxrlə qeyd edir. Bir sözlə, 1993-cü il oktyabrın 3-dən başlanan müstəqil siyasət yolu bu gün ölkəmizi qalib, bütöv, beynəlxalq miqyasda müstəqil söz, əsl nüfuz sahibi edib, Azərbaycanın müstəqil ölkə kimi varlığının əsas səbəbkarı olan Ümummilli Liderimiz Heydər Əliyevin arzuları reallaşıb. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!” Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı. Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq”.
Nail ƏSGƏROV
Digər xəbərlər