NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

10 milyon ürəyin riqqətə gəldiyi gün

...

“Əziz Şuşa, biz qayıtdıq!”

Biz qayıtdıq ilmə-ilmə, addım-addım. Torpağının hər qarışına can qurban edib, bayraq ucaldıb qayıtdıq. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya”, – deyən Ulu Öndərin arzusuna Onun özü qədər inanıb, “Şuşasız işimiz yarımçıq qalar”,  – deyən Ali Baş Komandanın ətrafında birləşib qayıtdıq. Vaxtilə ermənilərin “dağlarda toy” əməliyyatı ilə işğal etdikləri elə həmin dağlarda onlara tarixboyu unuda bilməyəcəkləri toyu tutub qayıtdıq. 28 il bizsiz yaşayan o dağlara, yaylağa, Cıdır düzünə, Çətir şəlalənə qayıtdıq. Xarıbülbülün seyrinə çıxmağa tələsən igid Vətən oğullarının canı bahasına qayıtdıq. Dünya hərb tarixində görülməyən bir döyüşlə, sıldırım qayaları şəhidini çiynində daşıyan oğulların, günlük ruzisini orduya bağışlayan, evini düşmən mərmisi dağıtsa da, dövlətimiz var olsun, ev-eşiyimiz cəbhədəki əsgərlərə qurban olsun, ta ki onlara düşmən gülləsi dəyməsin deyən Azərbaycan xalqı sayəsində qayıtdıq. 
Həmin gün “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri azad olunanda illər öncə yazda batan Günəş illər sonra payızda doğuldu. Payızda doğulan yaz Günəşinin al şəfəqləri təkcə Qarabağı yox, bütün dünyanı işıqlandırdı. Dosta nur saçdı, düşmənin gözünü kor etdi. Şuşanın azad edilmə planı hərb tarixinə iz saldı. Bəli, həmin gün bu millət tarixin yenilməz səhifəsini yazdı. Azərbaycan əsgəri bağrımızdakı yaranı öz canı ilə sağaltdı. Vətən müharibəsinin ilk günlərindən gözü yolda, qulağı səsdə idi hər kəsin. Ulu Öndərin ruhu şaddır... Düşməndən azad edilən hər qarış üçün sevinirdik və həsrətlə Şuşamızı gözləyirdik. Və həmin gün gəldi... Vətən müharibəsinin 42-ci günü igid Azərbaycan əsgəri bizə ən gözəl günü yaşatdı. Şad xəbəri Ali Baş Komandan öncə Ulu Öndərə onun məzarı başında verdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Şuşanın azadlıq günündən daha gözəl gün ola bilməzdi bu xalq üçün. Çünki həmin gün Şuşanın köksünə illərdir, sancılan, onun nəfəsini kəsən o yad cismi – erməni bayrağını qoparıb ayaqlar altına atdı igid oğullarımız. Əlində üçrəngli, ay-ulduzlu bayraq, dilində Ulu Öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” kəlamı ilə Azərbaycan əsgəri Cıdır düzündə yallı getdi. Və bir daha sübut etdi ki, bütün dünya birləşsə belə bu xalqın ürəyindən Vətən sevgisini silə bilməz. Bu xalq əziz Şuşasını, xarıbülbülünü heç kimə güzəştə getmədi. Həmin gün bir xalqın 30 illik həsrəti bitmişdi. Müzəffər Komandan ata arzusunu yerinə yetirən oğul şərəfini qazanmış, Vətənin oğlu ünvanına sahiblənmişdi. Tariximizin səhifələrinə Müzəffər Komandan, müzəffər ordu, qələbə sözləri yazılmışdı. Həmin gün 250 il öncə elə tarixin bu ayında ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi üçün sərəncam imzalayan rus çarı birinci Pyotrun sərəncamı geri oxunmuşdu.      

39 ildən sonra yenidən       

Ata vəsiyyətini yerinə yetirmək şərəfinə nail olan Azərbaycan Prezidentinin Şuşaya ilk səfəri üçün 2021-ci ilin 14 yanvar günü də təsadüfən seçilməmişdi. Müzəffər Sərkərdə üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var idi. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvarında Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə cənab İlham Əliyev də iştirak etmişdi. 39 il sonra isə cənab İlham Əliyev Şuşaya müzəffər Ordumuzun Ali Baş Komandanı kimi öz ailə üzvləri ilə qayıtdı. Zəfər yolu ilə. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı, müstəqil Azərbaycanın Şuşaya səfər edən ilk Prezidenti kimi Şuşada dalğalanan müqəddəs bayrağımızın altında, qəhrəman hərbçilərimizin önündə, biz bu torpaqlarda əbədi yaşayacağıq deyə bəyan etdi.

Əziz Şuşa, biz səni dirçəltdik  

Azərbaycan xalqı bir olub torpaqlarını azad etdiyi kimi, onu gülüstana çevirməyi də bacarır. Necə ki bu gün Şuşa şəhərinin Baş planı əsasında böyük işlər görülür. Bu plan hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulur. Prezident cənab 
İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağın tacı, bütün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqət yetirsək, həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasını təsəvvür edə bilər və “torpaq öz sahibinin əlində cənnətə dönür” fikrinin nə qədər yerinə düşdüyünü görərik. 4 ildir, doğma torpaq rahat nəfəs alır, qurulur, bərpa edilir. Şuşa beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı adını qazanıb, Türk dünyasının zəfər zirvəsinə şahid olur. Azərbaycan Prezidenti öz siyasi gücü ilə dünyaya Şuşadan mesaj verir. Vaxtilə düşmən vandallığının qurbanı olan abidələr bərpa edilir, Şuşa tarixi günlərə şahid olur. Şuşa şəhərində öz ocağına dönən insanların səsi eşidilir. Uşaqların gülüşü qayıdıb Şuşaya, artıq ilk toy, ilk körpə sevinci də duyulur Şuşada. 
Şuşa dörd ildir ki, təkcə Vaqifin, Natəvanın sözü, Üzeyirin musiqisi, Pənahəli xanın qürbətdə dayanan ürəyi deyil. Şuşa Təbrizlərin gözünün nuru, Orucların sağ əli, Adillərin son nəfəsi, Vüsalların vüsalı, Elnurların son sözüdür. 
Şuşa igid oğulların son nəfəsində dediyi sözlərin şahididir. Şuşa əli, ayağı, gözü bu torpaqda dəfn olunan qazinin göz nuru, tutan əli, yeriyən ayağıdır. Şuşa bir xalqın möhtəşəm qələbəsinin, birliyinin,  zəfərinin simvoludur. 

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 08.11.2024 00:27