Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvana tarixi qayıdış
Taleyin ümidinə buraxılan Naxçıvanın xilaskarı
...22 iyul milli tariximizin ən əlamətdar günlərindən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin Naxçıvana qayıdışı qədim diyarımızın taleyində dönüş nöqtəsinə çevrildi. Bu tarixi qayıdış sayəsində Naxçıvan işğal təhlükəsindən xilas oldu, Ermənistanın muxtar respublikanı təcrid etmək planları iflasa uğradı, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı. Ümummilli Lider ən çətin məqamlarda xalqın yanında dayanaraq öz siyasi uzaqgörənliyi və qətiyyəti ilə Azərbaycanın dövlətçilik maraqlarını qorudu. 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyündən və tutduğu yüksək vəzifələrdən istefa verən Heydər Əliyevin siyasi səhnədən uzaqlaşdırılmasından sonra Azərbaycana qarşı məkrli planların həyata keçirilməsi sürətləndi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha da genişləndirildi, keçmiş “Dağlıq Qarabağın” və Naxçıvanın Azərbaycandan qoparılması istiqamətində müxtəlif cəhdlər göstərildi. Lakin Heydər Əliyevin prinsipial mövqeyi bu planların reallaşmasına imkan vermədi. Qəlbi daim Azərbaycanla döyünən Heydər Əliyev xalqının ən ağır günündə onun yanında olmağı özünə borc bildi. O, təhdidlərə və təzyiqlərə baxmayaraq, qərarından dönmədi, 1990-cı il iyulun 20-də Bakıya gəldi, iki gün sonra isə Naxçıvanda minlərlə insan tərəfindən böyük sevgi və ehtiramla qarşılandı. Çətin və blokada şəraitində yaşayan Naxçıvan əhalisi bu qayıdışı xilas yolu kimi dəyərləndirirdi.
Naxçıvan şəhərində 80 minlik mitinq
22 iyul 1990-cı il tarixdə axşamüstü Naxçıvan şəhərinin mərkəzində 80 min insan toplaşmışdı. Hamı səbirsizliklə Ulu Öndərin həmin meydana gəlməsini gözləyirdi. İzdiham Heydər Əliyevin kürsüyə qalxmasını alqışlarla qarşıladı. Böyük şəxsiyyət sevinc dolu alqışlar altında etdiyi çıxışı ilə soydaşlarına sonsuz məhəbbətini ifadə etdi. 1990-cı illərdə Naxçıvanda yaşayan hər bir sakin yaxşı dərk edirdi ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar kimi göndərib. Həmin ilin oktyabrında Naxçıvanda dövlət çevrilişinə cəhd göstərilsə də, xalqın Heydər Əliyevin ətrafında sıx birləşməsi bu məkrli planın qarşısını aldı. Naxçıvan sakinləri dövlətçiliyin müdafiəsində qətiyyət nümayiş etdirərək sabitliyin qorunmasına nail oldular.
Naxçıvan Vətən oğlunu sevinclə qarşılayanda Bakıda nələr baş verirdi?
Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycanın taleyüklü bir dövrünə təsadüf edirdi. Həmin vaxt respublikada siyasi böhran dərinləşmiş, idarəetmədə ciddi problemlər yaranmış, Ermənistanın hərbi təcavüzü və daxili hərc-mərclik ölkəni ağır vəziyyətə salmışdı. Blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. 1990-cı il sentyabrın 30-da keçirilən parlament seçkilərində naxçıvanlılar Ümummilli Lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürdülər. O, Nehrəm seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinə və 2 nömrəli seçki dairəsindən isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçildi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə işə başladı. Sessiyada qəbul olunan tarixi qərarlar Azərbaycanın müstəqillik yolunda mühüm mərhələ oldu. Prezident İlham Əliyev həmin dövrün əhəmiyyətini belə qiymətləndirib: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi.
O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir”.
Məhz Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən mühüm qərarlar qəbul edildi. Muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Dövlət Bayrağı kimi qəbul olundu. Bu addımlar sonradan müstəqil Azərbaycan dövlətinin formalaşmasının siyasi əsaslarından birinə çevrildi. Ümummilli Liderin həyata keçirdiyi islahatlar və dövlətçilik kursu həmin dövrdə müxtəlif maneələrlə qarşılaşsa da, xalqın iradəsi və qətiyyəti sayəsində bu siyasət uğurla davam etdirildi.
Xalqa, Vətənə sədaqətlə xidmətin, qırılmaz tellərlə bağlılığın məntiqi nəticəsi olaraq 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və minlərlə insanın təkidi ilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, Azərbaycan tarixində Ümummilli Liderin adı ilə bağlı olan daha bir səhifə açıldı. Sessiyadakı ilk çıxışında Ulu Öndər öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Bugünkü müzəffər Ordunun təməli həmin illərdə atıldı
Ali Məclisin Sədri kimi fəaliyyətə başlayan Heydər Əliyev, ilk növbədə, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirdi. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Qərarın qəbul edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Sonrakı dövrdə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikada müdafiə potensialı möhkəmləndirildi, hərbi texnika və silahlar qorunub saxlanıldı, Milli Ordunun formalaşdırılması istiqamətində mühüm zəmin yaradıldı. Bu gün qüdrətli Azərbaycan Ordusunun əsaslarının məhz həmin illərdə Naxçıvanda qoyulduğu danılmaz tarixi həqiqətdir.
Gələcəyin partiyasının əsası Naxçıvanda qoyulub
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Yeni Azərbaycan Partiyasının yaradılması ilə də əlamətdardır. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı keçirildi. Bu hadisə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu və sonrakı inkişafın əsas istiqamətlərini müəyyənləşdirdi.
Qələbəyə, intibaha gedən yol
Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəetmədə yol verilən ciddi səhvlər və vətəndaş qarşıdurması Azərbaycan dövlətçiliyini ağır təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın təkidli çağırışlarına cavab verən Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Azərbaycanın xilası yolunda həlledici addım oldu.
22 iyul 1990-cı ildə Naxçıvandan başlanan xilaskarlıq missiyası üç il sonra Bakıda davam etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, qanunun aliliyi təmin edildi, Konstitusiya qəbul edildi, dövlət idarəçiliyi müasirləşdirildi, iqtisadi inkişafın əsasını qoyan iri enerji layihələri həyata keçirildi və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi.
Tapşırıq yerinə yetirildi
Ümummilli Lider Heydər Əliyev xalqın taleyüklü məqamlarında üzərinə götürdüyü xilaskarlıq missiyasını layiqincə yerinə yetirdi. Onun müəyyənləşdirdiyi dövlətçilik strategiyası Azərbaycanı sabitlik, inkişaf və tərəqqi yoluna çıxardı. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.
Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Vətən müharibəsində qazanılan tarixi zəfər və antiterror tədbirləri nəticəsində ölkəmiz öz suveren hüquqlarını tam təmin edib. İşğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi qüdrəti, hərbi gücü və beynəlxalq nüfuzu davamlı olaraq artır. Bütün bunlar vaxtilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun məntiqi nəticəsi kimi dəyərləndirilir.
22 iyul 1990-cı ildə Naxçıvana qayıdış təkcə bir siyasi xadimin doğma yurda dönüşü deyildi. Bu hadisə Azərbaycan dövlətçiliyinin xilası, milli həmrəyliyin möhkəmlənməsi və müstəqil dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcı oldu. Naxçıvandan başlanan bu yol sonradan Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, qüdrətli dövlətə çevrilməsinə və tarixi zəfərə aparan yolun əsasını təşkil etdi. Biz Onun arzuladığı kimi Şuşaya getdik, Kəlbəcərin sərin bulaqlarından su içdik, Ağdamda muğam dinləyib, Xocalıya ədalət gətirdik. Bütün bunlara isə “Mənim ürəyim Azərbaycanladır, gecəm də Azərbaycanladır, gündüzüm də”, – deyən dahi rəhbərin yolunda irəliləyərək nail olduq.
Aradan keçən 36 il göstərir ki, həmin tarixi qərarın əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Xalqın öz Liderinə inamı və Ümummilli Liderin xalqa sədaqəti Azərbaycanın müasir tarixində silinməz iz qoydu. Bu səbəbdən 22 iyul yalnız təqvimdə qeyd olunan tarix deyil, dövlətçilik salnaməmizin ən şərəfli səhifələrindən biri kimi hər zaman ehtiramla xatırlanacaq.
Ramiyə ƏKBƏROVA