Ali Məclis sədrinin birinci müavini Azərbaycan Res...
17:05 19.05.2025
0
0
0
NAXÇIVAN :
19 May 2025, Bazar ertəsi
Ulu Öndər Heydər Əliyev: "Sizinlə məni bağlayan təkcə bu torpaqda doğulmağım, böyüyüb həyata atılmağım deyil. Sizinlə məni bağlayan Azərbaycan Respublikası, o cümlədən muxtar respublika üçün çox ağır bir dövrdə – 1990-cı ildən sizinlə bir yerdə yaşamağım, Naxçıvanı sizinlə birgə qorumağımdır".
Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə eniş vəziyyətini almaq üçün yavaş-yavaş yerə yaxınlaşdıqca qədim Naxçıvanın gözəlliyini seyr edirəm. Yazın gəlişi ilə hüsnünə gözəllik gələn doğma diyar yaşıl adanı xatırladır insana. Belinə gümüş kəmər kimi dolanan Araz, karvan olub onu dövrəyə alan uca dağlar. Haçadağın əzəməti... Sanki dil açır “Bu mənəm, dünya ilə yaşıd diyar”, – deyir. Nuhun gəmisinin dayanacaq yeri. Torpağımı qarış-qarış dolaşdıqca, tarixin toz basmış səhifələrini vərəqlədikcə, məğlub edilməzliyimi, qəhrəmanlığımı, torpaq sevgisi, vətənsevərliyi özümdə birləşdirdiyimi görür hər kəs. Oğuz türkünün şanlı tarixini görərsən məni öyrənsən. Hər daşımda ox nişanı var. Özüm qədər ulu və qədim olan, doğma və əzəmətli səslənən “Naxçıvan” sözü hər bir azərbaycanlı üçün çox əzizdir. Çünki mən tarixboyu türk-İslam aləminin alınmaz qalası, tarixin uzun bir dövründə Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olmuşam.
Dəyərim düşmənlərimizə də əyan olub. Bu səbəbdəndir ki, yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Tarixboyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olmuşam. Çünki hər daşım sevgidən, Vətən məhəbbətindən, kərpicim şəhid qanından yoğrulub. Odur ki, tariximin hər səhifəsində min-min salnamə var.
Bəli, mən bunları bacarmışam, gün olub, köksümdə bitən bahar çiçəkləri şəhid qanına bələnib. Bağrımı dələn “alazan”lar körpə fidanlarımı bu dünyadan qoparıb. Gün olub, təbiətin şıltaqlığı ilə üzləşmişəm, amma mən heç vaxt sınmamışam, çünki köksümdə böyütdüyüm insanlar bir ovcumu qızıldan qiymətli bilib mənə can qurban ediblər. Bu salnamələr bir yerə toplananda isə qədim yurd haqqında ümumi bir fikir formalaşır: Bura VƏTƏNDİR! Bura Nəqşicahandır! O Nəqşicahan ki uzun illər boyu buradan yolu düşən dosta qürur, düşmənə gözdağı, tarixboyu Azərbaycanın yenilməz, ərən qalası, Vətənsevərliyi, dönməzliyi ilə nümunə olub.
Naxçıvanı “dinlədikcə” duyuram bu qədim yurdun insanlarına olan sevgisini. Düşüncələrdən arxa oturacaqda əyləşən bir xanımın səsinə oyanıram. “Bəs deyirdilər, Naxçıvan sərt, quraq iqlimə sahibdir, yaşıllıq çox azdır. Elə deyil axı, sanki bir vahə görürəm”, – deyir.
Bəli, sərtdir bu yurdun iqlimi. Qışda kəskin soyuq, yayda çox isti olur. Bir vaxtlar, çox yox, 35 il öncə gəlsə idiniz, buraya yollar boyu cərgələnən ağac kötükləri, aclıqla, müharibə ilə, soyuqla imtahan edilən naxçıvanlıları görərdiniz deyirəm. Həmin vaxtlar odla su arasında qalmışdı Naxçıvan. Qarşımızda başımıza od yağdıran düşmən, arxamızda bizi öz qardaşımızdan ayıran Araz var idi. Seçimimiz isə tək idi. Ya döyüşüb, mübarizə aparıb düşməni torpaqlarımızdan uzaq tutmalı, ya da Arazın lal sularına ömürlük qərq olmalı idik. Biz mübarizəni seçdik. Qəlbimiz qan ağlasa da, qışın şaxtasından sağ çıxmaq, səngərdəki əsgərə yemək bişirmək üçün yamyaşıl ağaclara balta çaldıq, ana, ata yadigarı zinət əşyalarımızı çörəklə yox, silahla dəyişdik. Tapdığımız bir tikə çörəyi düşmənlə döyüşən oğullara pay tutub özümüz ac yatdıq.
Uzaq diyarlardan gəlib mərkəzi hakimiyyət tərəfindən də təqiblərə məruz qalan qəlbi Vətən sevdalı bir oğlu bağrımıza basıb onun keçdiyi yollarda qurban kəsdik. Sədərəkdə evi düşmən mərmisinə tuş gəlib körpələrini itirən analar Heydər atasını görüb təsəlli tapdı. Səngərdə ov gülləsi ilə müasir silahların qarşısında dayanan oğullar Onu yanında hiss edəndə qollarına qüvvət gəldi. Biz dahi rəhbərin ətrafında yumruq olduq və düşmənə bir ovuc torpağımız tonlarla qızıldan qiymətlidir dedik. Biz evlərimizdə çıraq işığında, odun sobasının hənirtisində soyuğa, şaxtaya güc gəldik. İgid oğullarımız isə şaxtanın iliyə işlədiyi qış gecələrində səngərlərdə düşmənə qalib gəldi. Və bu gün hamının həsədlə baxdığı gözəl Naxçıvanı yaratdıq. Həmin illərə kimi Cavidin, Ordubadinin, Kəngərlinin yurdu olan Naxçıvan artıq ulu Heydər yurdu adını da qazanmışdı. Bu torpağın qoynunda doğulan bir oğlan uşağı böyüyüb öz yurdunun xilaskarı olmuşdu. Onun gəlişi ilə təkcə düşməndən xilas olmamışdı Naxçıvan, həm də aclıqdan, səfalətdən, “korbağırsaq” adından xilas olub əvvəlki şöhrətinə qovuşub müasir Azərbaycanın təməlinin atıldığı yurda dönmüşdü. Günəşin doğulduğu məkan, türkə qapı olmuşdu.
Bəli, bu yurd dahi oğlunun öz yurdunun sakinləri ilə birləşib qəhrəmanlıq dastanı yazdığı Naxçıvandır. İgidlər, yurdu, dahilər vətənidir. “Vətən” sözünün sinonimi Naxçıvan. Ulu Heydər yurdu Naxçıvan.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər