Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə he...
15:42 17.05.2025
0
0
0
NAXÇIVAN :
17 May 2025, Şənbə
Naxçıvan şəhərində ilıq bir yaz günü, çiskinli bir havada dahi rəhbərin abidəsi önündə dayanmışam. Hər dəfə bu meydanda dayananda soyuqdan əl-ayağın buz kəsdiyi o günlərdə bu meydanda yanan tonqallar və tonqalın başına toplaşan insanlar gəlir ağlıma. O tonqallar bayram tonqalı deyildi. Oğuz elində müharibə başlayıb işarəsi, “Haraya gəlin, igidlər”, – demək idi. Səsimizə səs verən oğullar Vətənə can qurban etmək üçün gecə-gündüz toplanardı həmin tonqalların ətrafına. Səsimizə səs verən eloğlunun Vətənə, yurdu Naxçıvana döndüyü isti bir yay günündə bu meydanda iynə atsan, yerə düşməzdi. Bütün Naxçıvan Onun ətrafına toplaşmışdı bu yerdə.
Həmin günlərlə bizi 30 illik zaman kəsiyi ayırır. Bu gün bu yerə ayaq basan hər kəs o günləri minnətdarlıqla anır. Elə bu düşüncələrlə dahi rəhbərin adını daşıyan muzeyə daxil oluram. İlk dil açıb danışan o bayraq olur. Həmin bayraq ay-ulduzlu, üçrəngli şanlı bayraq. “Bu mənəm”, – deyir Heydər Əliyevin əllərində göylərə ucalan bayraq. Mən illərlə həsrət çəkdim ki, görəsən nə vaxt gizli qaldığım sandıqdan çıxarılıb azad Vətənin göylərində dalğalanacağam... Mən göylərdən enəndə o hələ dünyaya gəlməsə də, əmin idim, Tanrı məni bir daha göylərə qaldıracaq oğulu göndərəcək. Həmin gün gələndə sevincimdən ay-ulduzum şölə saçdı. O məni əlinə alanda “Gün gələcək bütöv Azərbaycanın başı üstə məğrurluqla dalğalanacaqsan”, – demişdi. Bu gün daha qürurluyam, çünki Heydər Əliyevin arzusundakı kimi Şuşada dalğalanıram... Xankəndidə ucalıram.
Sonra çıraq dəyir gözümə. Danış, sən də danış, qaranlıq gecələrdə sabaha kimi işığında sübhü açan dahidən, deyirəm…
Dilə gəlir şahid çıraq:
“Neft də bol olmazdı ki, yaxşı yanım, işıq salım qaranlıq gecələrə. Eləcə işıldayardım az-az. Onun ürəyindəki Vətən eşqinin işığı güc verərdi mənə də. Bəzən gecələr sabahı birlikdə açardıq. Sübhə kimi hey yazıb-pozardı, gözünü bir an belə qırpmazdı. Bax beləcə, 3 ili birlikdə keçirdik. Mənim işığımda verdiyi qərarlar nur oldu xalqın yoluna”.
Sonra həmin illərdə dahi rəhbərin masası üstündə olan, heç susmayan telefon dəyir gözümə.
Ulu Öndərin əllərinin izi, təmkinli səsi həkk olub bu telefona. Həmin telefon aparatıdır ki, dünyaya səsimizi bununla duyurub dahi rəhbər. Bu cansız əşyalar, bir də bütün xalq şahid olub Vətən oğlunun bu dövlət üçün etdiklərinə...
Yavaş-yavaş göz gəzdirirəm Vətən oğlunun geyindiyi paltarlara… Bir dəst sadə kostyumu, papağı, ayaqqabıları dəyir gözümə. Dünyaya dərs keçən bu dahinin geyimi o qədər sadə olub ki, özü kimi…
Ondan danışan kitablar, imzasını daşıyan sərəncamlar, Vətənin bu kiçik məmləkətinə qədəm qoyanda başına toplaşan insan seli arasında çəkilən fotolar dəyir gözümə.
Dili olmasa da, danışır bu fotolar. Deyir ki, bu qədər insanı Onun başına toplayan bir səbəb var idi: Vətən sevgisi… Heydər Əliyevin ürəyində o qədər xalq, torpaq sevgisi var idi ki, bu sevginin işığına toplaşıb bu insan seli. Ona inam var bu fotolarda. Xilaskara olan inam var. Güvən var.
Bu kitablar isə Ondan danışan salnamələrdir. Amma nə qədər çox olsalar da, Vətən oğlunun xalq üçün etdikləri kitablara sığmaz ki. Ömrünü Vətənə həsr edən bir insan üçün deyilən, yazılan sözlər heç vaxt bitməz ki.
Bəli, bu muzey, sadəcə, bir dahi haqqında məlumat vermir bizə. Bu muzey xalqın sevgisinin əyani sübutudur. Bu ocaq Vətən oğlunun bu xalq üçün etdiklərinin toplandığı, şəxsi əşyalarının nümayiş etdirildiyi sadə bir yer deyil, tarixdir, mübarizədir və qələbədir...
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər