Qalib Xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu
Prezident İlham Əliyev: "Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı... Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. ...Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz".
27 sentyabr 2020-ci il... Hər şey birdən başladı sanki. Gözümüzü yumub açdıq və özümüzü yanıb qovrulduğumuz bir həsrətin son addımlığında gördük. Yenilməz Azərbaycan əsgəri illərdir, əlində hazır saxladığı silahın tətiyini çəkdi, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladı. Azərbaycan əsgəri o torpaqda qoyduğu əmanəti almaq üçün geri döndü. Bu zəfəri əldə etmək üçün aparılan müharibə indiyədək tarixdə rast gəlinməyən bir savaş kimi dünya savaş tarixinə yazıldı. Döyüşkən türk ruhu, həmişə müasir savaşda tətbiq edilən türk taktikası XXI əsrdə də dünyanı heyrətləndirdi. Azərbaycan əsgəri təkcə Vətən sevgisini deyil, həm də döyüş ruhunu dünyaya nümayiş etdirə bildi.
Azərbaycan Ordusunun ayaq səsləri Qafqazı lərzəyə saldı. Dünya Azərbaycan əsgərinin qələbəsini izlədi. Azərbaycan isə döyüşdü; cəbhədə, siyasət meydanında, informasiya məkanında. Və hər üç müharibənin qalibi oldu. Döyüşdə istifadə olunan ən müasir silahlar öz yerində, bu otuz ildə heç bir texnologiyanın istehsal edə bilmədiyi bir silahla döyüşə girdi. Cəsarətdən, milli qeyrətdən, illərin basdırılmış Vətən həsrətindən boy alan silahla nişan aldı hədəfləri. Azərbaycan əsgəri o silahı barmağı ilə deyil, ürəyi ilə çəkdi.
Ukraynalı hərbi analitik Oleq Jdanov 44 günlük müharibə haqqında qeyd edirdi ki, “Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur. Bu gələcəyin taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu, sözün birbaşa mənasında, Ermənistan ordusuna dəhşətli kabus yaşadır”.
Biz ordusu olan dövlət, ölkə deyilik. Biz xalqı ordu olan ölkəyik. Əgər belə olmasa idi, 30 illik yolu 44 günə gedə bilməzdik. Ali Baş Komandan “Mənim sözüm sözdür”, – deyərək elə bir güclü ordu yaratdı ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdi. Həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa, həm də 2023-cü ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatında düşməni ağ bayraq qaldırmağa məcbur edərək isbat etdi. Cənab Prezidentin öz çıxışlarından birində səsləndirdiyi “Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib” fikirləri bir daha öz təsdiqini tapdı.
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri haqqında israilli hərbi ekspert Sergey Auslender deyir ki, “Üçüncü Qarabağ müharibəsi, həm də sonuncu. Müasir müharibələr belə aparılır. Düşməndən texnoloji cəhətdən bir nəsil üstün olanda elə ilk zərbə ilə onu kor edib çaşdırırsan, artıq düşmənin sonrakı müqaviməti mənasız olur. Yuxarıdan haradansa yalnız raketlər və kamikadze dronlar gəlir. 23 saat 43 dəqiqə, yəqin ki, bu dünya rekordudur. Azərbaycan Ordusu bunu etdi”.
Xocalı ictimaiyyəti ilə görüşündə Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ilin Noyabr zəfəri ilə bağlı xüsusi bir məqama toxundu: “Onu da bilirəm, sizin ürəyinizdə müəyyən fikirlər var idi ki, bəs Xocalı nə olacaq, bəs Xankəndi nə olacaq? Mən bunu bilirdim, ancaq sizə deyə bilmirdim ki, nə olacaq. Halbuki siz də bilirdiniz, mən də bilirəm ki, hər şey ədalətli olacaq”.
İkinci Qarabağ müharibəsi bu ədalətin təntənəsi idi. Azərbaycan tərəfinin apardığı bütün hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparıldı. Bir qərinənin məşum sükutunu igidlərin ayaq səsi pozdu. Ali Baş Komandanın gur səsi pozdu, onun ərşə çəkdiyi bayrağın küləkdə dalğalanan səsi pozdu.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bu gün hər birimizdə böyük qürur hissi yaradır. Ölkə başçısının uzunmüddətli səyləri ilə bütün Azərbaycan cəmiyyəti vahid amal naminə səfərbər oldu. “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın”, – deyən cənab Prezident işğaldan azad olunmuş bütün ərazilərdə bayrağımızı göylərə çəkdi. Qarabağın azadlığı Azərbaycan tarixinin müstəqillikdən sonra ən böyük hadisəsidir. Biz xoşbəxt nəsilik ki, canlı əfsanənin şahidi olduq. Müzəffər Sərkərdə 100 illik problemə – erməni separatizminə birdəfəlik son qoydu.
Xüsusilə onu qeyd etmək lazımdır ki, ölkə başçısının möhtəşəm siyasi analizləri, uzaqgörən strateq düşüncələri, strateji yanaşmaları, bütün mövcud proseslərə ən incə detallarına qədər dəqiq və konkret bələd olması Onun hazırkı dünya siyasətinə, geostrateji vəziyyətə hakimliyi fonunda olduqca aydın mənzərə yaradır. Eyni zamanda bir çox məsələlərin aydınlaşdırılmasına, qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektlərini və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqini müzakirə etməyə imkan verdi. Cənab Prezident Azərbaycanın gələcək strateji planlarını, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün görülən işlərin, Avropa ölkələri ilə əlaqələrin, eyni zamanda yaxın və qonşu regionlarla münasibətlərin gələcək hədəflərini də müəyyənləşdirmək üçün olduqca əhəmiyyətli addımlar atır. Artıq bütün dünya qəbul etməlidir ki, Qafqaz regionunda vəziyyət dəyişir və bu dəyişikliklərin böyük dərəcədə təşəbbüskarı Azərbaycandır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada mühüm geostrateji məntəqələrdən olan Cənubi Qafqaz bölgəsində yeni reallıqlar fonunda saatlar Bakı vaxtı ilə qurulur. Yəni şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir.
Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. 2023-cü ilin 19-20 sentyabr hadisələrinə qədər gedilən yol məqsədyönlü, məqsədə hesablanmış yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istərsə də ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərin son nidası idi. Cənab Prezidentin sözləri ilə desək, “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
Cənab Prezident bu ədaləti, eyni zamanda beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etdi. Məhz buna görə də bizim Zəfərimizin əhəmiyyəti daha önəmlidir: “Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
Beləliklə, Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunu beynəlxalq siyasi dairələrə qəbul etdirdi və BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan diplomatiyasının böyük qələbəsi rəsmi Bakının hədəflərinin beynəlxalq hüquq çərçivəsində legitimliyini növbəti dəfə təsdiqlədi. Cənubi Qafqazda Azərbaycan faktoru, dəyişən reallıqlar, Azərbaycanın beynəlxalq arenada artan gücü, bu güclə hesablaşmaq məcburiyyətində qalan dövlətlər ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin gerçəkləşə bilməməsi və siyahısı daha da uzadıla biləcək proseslər gücün, qətiyyətin, gələcəyə hesablanmış amillərin özündən əmin şəkildə, inamla irəli atılan güclü addımların səsləridir.
“Biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik”, – deyən ölkə başçısı cənab İlham Əliyevin fikirləri kontekstində strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması – bütün bunlar qısa zamanda görülən böyük işlərdir. Bizim yaşadığımız dövrdə dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci belə məkan yoxdur.
Mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olmaq sadə məsələ deyil. Bütün cəbhələrdə – istər hərb meydanında, istər diplomatiya müstəvisində, istərsə də informasiya platformasında tarixi qələbənin memarı Prezident cənab İlham Əliyev Azərbaycanın möhtəşəm Zəfərini dəyərləndirərkən “Müzəffər xalq kimi gəldik. ...Döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb.
Bir haşiyə. Hələ 2011-ci ildə cənab Prezident “Rossiya 24” kanalına müsahibəsində jurnalistin sualına cavab olaraq dedi ki, “Əlimdə imkanım olsa idi, gələcəyə gedərdim və hətta deyərdim 10 il irəli. Baxardım ki, mənim düşündüyüm alınıb, yoxsa yox və nə qədər alınıb. Bax bunu böyük məmnuniyyətlə edərdim”. Bu, böyük strateqin, dünya səviyyəli diplomatın və qətiyyətli, uzaqgörən siyasətçinin gələcəyə hesablanmış strateji gedişlərinin ən böyük bəyanlarından biri idi. Siz bacardınız, cənab Prezident, Ali Baş Komandan! 10 ildən də qısa bir müddətdə bunu bacardınız! Biz qayıtdıq! Janna D`arkın “Bütün qələbələr əvvəlcə insanın zehnində qazanılır” fikrini bir daha təsdiqlədik.
Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb oldu. Bütün bunlar bacarıqlı diplomatın, dahi strateqin, qüdrətli sərkərdənin diplomatiya, siyasət və hərb meydanında qazandığı qələbənin təzahürüdür.
“Biz hər zaman sözümüzə, vədimizə, imzamıza sadiq qalmışıq, dəyişməmişik və dəyişməyəcəyik. Yolumuz da, hədəfimiz də bəllidir və bu yola, bu hədəfə doğru daim inamla, qətiyyətlə irəliləyəcəyik!” bəyanından da göründüyü kimi, müstəqil Azərbaycan Böyük Yolun – Heydər Əliyev yolunun Müzəffər davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru addım-addım irəliləyir. Prezident cənab İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm”.
Öz qərarlarını verə bilən, milli və dövlət maraqlarını qoruyan, xarici siyasətini milli maraqlarının əsasında formalaşdıran dövlət qurmaq mövcud olduğumuz regionda asan məsələ deyil. Çox qısa zamanda həm dövləti, həm ordunu, həm də cəmiyyəti formalaşdırmaq, Qarabağ kimi çətin və taleyüklü məsələni birdəfəlik həll etmək tarixi missiyadır.
Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra qalib ölkənin rəhbəri kimi revanşizmə deyil, məhz sülhə üstünlük verdiyini açıq şəkildə bəyan edib. Ölkəmiz hər zaman beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürüb. Azərbaycanın təklif etdiyi beş əsas prinsip – qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, kommunikasiyaların açılması və digər fundamental yanaşmalar bu gün bölgədə sabitliyin bərqərar olması üçün möhkəm əsas yaradır.
Bu il iyulun 10-da Azərbaycan və Ermənistan arasında baş tutan Əbu-Dabi görüşü sülh prosesində yeni mərhələnin başlanğıcını qoydu. Təşkil olunan görüş vasitəçisiz danışıqların praktik modelinə çevrildi və bu model avqustun 8-də Vaşinqton görüşündə sülh müqaviləsinin paraflanması ilə başa çatdı.
Cənab İlham Əliyevin dünyanın ən nüfuzlu liderlərindən biri olaraq qəbul edilməsi onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Kim nə deyirsə desin, cənab Prezidentin dünya liderlərindən biri olması artıq qəbul edilmişdir. O bunu qəbul etdirdi.
Tarix cənab Prezidenti 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Onun prezidentliyinin dəst-xətini müəyyənləşdirdiyi kimi, həm də ölkəmizə və Cənubi Qafqaz regionuna sülh gətirən lider kimi xatırladacaq. Sitat: “İyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik”.
Məmməd BABAYEV
“Şərq qapısı” qəzetinin baş redaktorunun müavini