“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblə...
14:56 12.03.2025
0
0
0
NAXÇIVAN :
12 Mart 2025, Çərşənbə
Bəzən axtardığın sualın cavabı, əslində, gözünün qabağında olur. Ya da hansısa informasiya mənbəyi, əslində, çox yaxınındadır. Sadəcə, onu görmək və kəşf etmək lazımdır. Bu dəfə məndə də məhz belə oldu. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təfsilatlı Tədbirlər Planında nəzərdə tutulmuş “Naxçıvanın 7 incisi” kompleksi haqqında Mədəniyyət Nazirliyinin məlumatı ilə tanış olandan sonra bu istiqamətdə yazı hazırlamaq qərarına gəldim. Naxçıvan şəhərində bir sıra tarixi- memarlıq və təbiət abidələri – Xan sarayı, Möminə xatın türbəsi, Qızlar bulağı, Yay teatrı, Bazar gölü, Köhnə bazar və Qədim karvansarayın daxil olduğu tarixi məkanların bazasında yaradılması nəzərdə tutulan Tarix-Memarlıq Turizm Kompleksinə daxil olan Naxçıvanın qədim tarixi incilərinin adları mənim təsəvvürümdə digər məqamları da canlandırdı: qeyd olunan abidələrin canlı şahidi ilə bu mövzuda söhbət etmək. Sonda bu nəticəyə gəldim ki, ən yaxşı mənbəm uşaqlığını və gəncliyini məhz kompleksin yaradılması nəzərdə tutulan ərazidə keçirən nənəmdir.
Yaşı səksəni çoxdan keçmiş nənəm elə şəhərin həmin hissəsində doğulub. Ona görə də buranın ən azı 80 illik tarixinə onun şahidliyi ilə qayıtmaq, onun gördükləri ilə səyahət etmək kifayət qədər maraqlı oldu. O səbəbdən ki, bunlar hansısa ehtimallar deyil, onun uşaqlıq xatirələridir.
Fikrimi ona bildirəndə həvəslə razılaşdı. Çünki ayrı-ayrı zamanlarda özü yaşadığı həmin ərazi haqqında hörmət və əslində, bir az da həsrətlə dediyi “dədə məhəlləm”, “köhnə məhəlləmiz” haqqında müxtəlif xatirələrini bölüşüb, danışırdı. Ona görə təxmini bildiklərim də az deyildi. Beləliklə, nənəm Nubar Babayeva ilə birlikdə şəhərin bu hissəsini addım-addım gəzib onun nəql etdiklərinə əsasən “Naxçıvanın 7 incisi” kompleksinə daxil olan abidələrin bir əsrə yaxın tarixi mənzərəsi ilə sizi tanış edirəm. Bu yalnız həmin abidələrin deyil, eyni zamanda Naxçıvan şəhərinin də tarixi mənzərəsidir.
Nənəmin doğulduğu ev şəhərin məhz bu hissəsində – hazırda 4 nömrəli tam orta məktəbin yerləşdiyi ərazidə olub. O zaman bura şəhərin ən qaynar nöqtəsi hesab edilirdi. Çünki şəhərin əsas məscidi, karvansaray, bir neçə dəyirman, bazar, cərgə ilə düzülmüş dükanlar, eyni zamanda içində restoran olan bağ məhz bu ərazidə yerləşirdi. Nənəm deyir ki, indiki göl olan ərazidə həm də “əsgər hamamı” deyilən hamam var idi. Hamam maye yanacaq vasitəsilə qızdırılırdı. Oradan yalnız əsgərlərin istifadəsinə icazə verirdilər.
Şəhərin ən önəmli məkanlarından biri olan Karvansaray şəhər məscidi – Came məscidi ilə indiki “Gənclik” mərkəzi, bir zamanlar “Sabir bağı” adlandırılan Əcəmi seyrəngahı və indi Turizm İnformasiya Mərkəzi yerləşən, əvvəllər isə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi olan tarixi bina – Zaviyə arasındakı yeri əhatə edirdi. Karvansaray bazarla bitişik idi. Burada, əsasən, mal-qara satışı həyata keçirilirmiş. Uzaq yerdən gəlib qalmağa yeri olmayanlar bəzən orada gecələyirmiş. Həm karvansarayın, həm də bazarın iki qapısı var imiş.
Bu yerləri gəzib yaddaşında qalanları bir-bir nağıl edən nənəm atasının bir xatirəsini də mənə danışdı. İkinci Dünya müharibəsi dövründə rus zabitləri tez-tez bazara və karvansaraya gəlib buradakı gəncləri saxlayıb zorla hərbi xidmətə aparırmış. Qoca babam danışırmış ki, bir dəfə bazara gedəndə bir anda həm karvansarayın, həm də bazarın qapıları rus hərbçiləri tərəfindən tutuldu. Qarşılarına çıxan xidmətə yararlı hər kəsi evinə xəbər verməyə imkan belə yaratmadan tutub birbaşa müharibəyə apardılar.
Nənəm deyir ki, məscidin yanında cərgə ilə dükanlar düzülmüşdü. Həm bazar, həm karvansaray, həm də bu dükanlar insanların buraya daha çox gəlməsinə səbəb olurdu. Naxçıvanın başqa yerlərindən bura gələnlərin ən çox toplaşdığı, üz tutduğu yer də məhz buna görə bu ərazi idi. İndiki Naxçıvan Dövlət Kukla Teatrı və onun ətrafındakı yaşayış binaları olan yerdə isə sakinlər arasında Cıdıllı (Cıdırlı) deyilən bağ var idi. 2 qapısı olan bağın içində restoran və çarhovuz yerləşirdi.
Bazar gölünün yanında ayaq saxlayırıq. Sanki nənəm yaddaşının hansısa küncündə ilişib qalan bir xatirəni axtarıb tapmağa çalışır. Sakitcə düşünür və tapır. Deyir ki, hazırda Bazar gölü olan ərazidən iki çay axırdı. Həmin vaxtlar orada göl yox imiş, sonradan yaradılıb. Çayın biri hazırda göl olan ərazidən axırdı. Həmin vaxt orada evlər var idi. Çayın digəri isə yuxarıdan – Əcəmi seyrəngahına (o zaman “Sabir bağı” adlanırmış) yaxın hissədən axırdı. Həmin çayın üzərində üç dəyirman işləyirdi. Dəyirmanlardan ikisi çayın üzərində idi. Deməli, çayın kifayət qədər çox suyu var imiş. Nənəmin dediyinə görə, Bazarçay ilə digər çay birləşib böyük bir şəlalə əmələ gətirirdi. İndi Qızlar bulağı deyilən yerdən – Damcının yaxınından axan şəlalə əraziyə xüsusi gözəllik verirdi. Hazırda həmin ərazidə olan dərinlik də bunu sübut edir. Ərazidəki dəyirmanlardan biri də elə bu şəlalənin üzərində inşa edilmişdi.
Nənəm onu da deyir ki, çaylar şəhərin içərisindən axıb keçirdi və xüsusi gözəllik qatırdı şəhərə. Bəzi hissələrdə çayların üstü beton plitələrlə örtülmüşdü və üzərində avtomobillər hərəkət edirdi. Sonradan isə çayların üzəri tamamilə qapadıldı.
Nənəmin danışdığı ən maraqlı məqam isə Qızlar bulağı ilə əlaqədardır. Ağlım kəsəndən həmin ərazi haqqında danışanda, Qızlar bulağı deyəndə nənəm həmişə etiraz edirdi ki: “Ora Qızlar bulağı deyil, Damcıdır”. O deyir ki, bulaq heç vaxt orada olmayıb, oradan axan suların isə bulaqla heç bir əlaqəsi yoxdur. Qızlar bulağı xeyli aşağıda, yaşayış evlərinin arası ilə axırmış. Danışır ki: “Məhəmməd əmigilin evinin qarşısında idi bulaq. Üç metr enində axan bulağın suyu ağappaq və çox soyuq idi. Bulağın üzərində də bir dəyirman fəaliyyət göstərirdi”.
Bir anlıq susur. Sanki yenidən həmin illərə qayıdıb nəyisə tam dəqiqliklə xatırlamaq istəyir. Gözlərini qıyıb nəzərlərini qarşıya – danışdığı xatirələrdəki insanların vaxtilə yaşadığı köhnə məhəlləyə tərəf dikir. Xatirələrini yenidən dilə gətirir: “Sonradan dəmiryol vağzalı tərəfdə ət kombinatı tikildi. Qızlar bulağının suyu da borularla həmin kombinata çəkilib aparıldı. Sakinlərin istifadəsi üçün isə, sadəcə, bir su kranı saxlanıldı. Həmin vaxtdan sonra bulağın üstündə əsgərlər nəzarətçi durmağa başladılar. Buna görə artıq dəyirman da işini dayandırdı. Ondan sonra isə bulağın suyu tamamilə çəkilib aparıldığına görə orada heç bir iz qalmayıb”.
Nənəm onu da deyir ki, indi Bazar gölü olan ərazidə Came məscidi ilə üzbəüz yerləşən dayanacağın altında “Lülə” deyilən kəhriz axırdı. Sakinlər oradan içməli su götürür, paltarlarını orada yuyurdular, kəhriz həddindən artıq bolsulu idi.
Nənəmin danışdığı ən maraqlı xatirələrdən biri də Xan sarayı və Möminə xatın türbəsi haqqındadır: Möminə xatın türbəsinin ətrafında Xan sarayına yaxın yerlərdə zamanında xanın tikdirdiyi evlər var idi. Əvvəllər bu evlərdə xanın sarayında, həyətində işləyənlər yaşayırdı. Cərgə ilə düzülmüş bu evlərdə sonradan şəhər sakinlərindən yaşayanlar çox idi. Həmin evlərin birində də uşaq bağçası fəaliyyət göstərirdi. Nənəm də elə orada işləyirdi.
Nənəm bu yerləri gəzib xatirələrini danışdıqca sanki yenidən köhnə illərə qayıtdı. Uşaqlığının, gəncliyinin keçdiyi yerləri gəzdikcə çözələnən xatirələr, indi həyatda olmayan yaxınları ilə keçirdiyi qayğısız illər sanki yenidən gözündə canlandı. Böyük bir gənclik həvəsi ilə ötən günləri bizim üçün yenidən xatırladı və yenidən gəncləşdi. O, hər daşında, hər küçəsində uşaqlıq xatirələri olan “dədə məhəlləsi”ni vəsf etdikcə mən də “Naxçıvanın 7 incisi”ni nənəmin danışdıqları ilə sizin üçün qələmə aldım. Xatirələr isə bitmədi, tükənmədi, sağlıq olsun...
Məmməd BABAYEV
Digər xəbərlər