NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Torpaqla, təbiətlə iç-içə

...

Zəngin və müdrik torpaqlarda yaşayırıq. Nuhun binə saldığı bu müqəddəs məkan hər tərəfdən hündür dağlarla əhatələnmiş dərəni xatırladır. Ətrafımızda gördüyümüz göz işlədikcə uzanıb gedən görkəmli dağlar və torpaqlara canverən güclü çaylar xeyli zamandır buranı özlərinə məskən ediblər. Onlar bizdən çox qədimdirlər. Təbiət milyonlarla ildə səbirlə, əzmlə yaşadığımız ekosistemi formalaşdırıb. Yaşadığımız təbiət bizə – yəni insana ana şəfqəti ilə yanaşaraq hər keçən gün yeni bir şey öyrədir. Min illər əvvəl insan bu torpaqlarda taxıl istehsalını kəşf etdi. Elə hər şey də bununla başladı... Kənd təsərrüfatının inkişafı ilə bu torpaqlar mədəniyyətin inkişaf beşiyinə çevrildi. 

İnsan ilk dəfə buğdanı emal etməyi öyrənən əcdadına görə artıq daha çox inkişaf edib. Həyatı boyunca aclıq nədir bilməyən bu torpaqların insanları bu gün bilik ehtiyatını da, istehsal təcrübələrini də, məhsul çeşidlərini də artırıb. Təbiətlə işləməyin, həyat qaynağı olan bitkiləri istehsal etməyin, heyvanlardan fayda əldə etməyin min bir yolunu kəşf edib. Yaşadığımız məmləkətin hər yerindən axan saf sular insanların əkib-biçməyi öyrəndiyi bapbalaca toxumları, kiçicik fidanları adam boyunu keçən tarlalar, bağlar halına gətirir. İndi insan istehsal etdiyi məhsulu qoruyan, qayğısına qalan, çoxaldan müdrik bir varlıqdır. Özünə əkinçi, heyvandar, fermer, ailə təsərrüfatçısı, kənd təsərrüfatı məhsulları istehsalçısı deyir. Sahib olduqlarını dərk edir və daha artığını istehsal etməyə çalışır.
Kənd təsərrüfatı, sadəcə, bir sənaye, bir iş növü, məşğuliyyət, ya da hobbi deyil, bundan daha artıqdır. Bir yaşam tərzi, bir həyat fəlsəfəsi, köklərimizdən gələn bir məfhumdur. Təsərrüfatçılarla maraqlansanız onlardan bir şeyi eşidib öyrənərsiniz; bu insanlar səhər tezdən oyanıb gedib bitkiləriylə, heyvanlarıyla söhbətləşirlər. İstini hiss edirlər, soyuğu hiss edirlər, yağışı, küləyi hiss edirlər hər gün. Bunları yaşamayan, təcrübədən keçirməyən birinə bunu izah etmək çox çətindir. 
Təsərrüfatçı olmaq bir peşədir, desək, yanılmarıq, bəlkə də. Hamımız təsərrüfatçı ola bilmərik. Təsərrüfatçı ola bilmək üçün torpağı sevmək, torpaqla ünsiyyət qurmağı bacarmaq, keçmişin təcrübələrindən yararlanmaq və onları gələcək nəsillərə ötürməyi bacarmaq lazımdır. Hər sonrakı nəsil torpağı əmanət aldığını və bu torpaqların hamımızın olduğunu dərk edərək hərəkət etməlidir. 
Yaşadığımız bu torpaqların bir məziyyəti var; olduqca rəngli bir torpaq formasına, torpaq keyfiyyətinə və coğrafiyasına sahibdir. Bu torpaqlarda, bu iqlimdə yetişməyən çox az məhsul var. Min illərdir ki, insanların tər tökdüyü bu torpaq heç vaxt zəhməti qarşılıqsız, əziyyəti bəhərsiz, torpağa tökülən təri zərsiz qoymayıb. Görülən hər bir işin qarşılığını qat-qat artıqlaması ilə geri ödəyib: sözün hər iki mənasında. Ona görə də bu yerlərin insanları həmişə torpağa, zəhmətə bağlı olub. Əkib-becərib, yetişdirib, çoxaldıb və istehsal etdiyi məhsulla həm özünü, həm də məhsul istehsal edə bilməyənləri təmin edib.
Toplayıcılıqdan əl çəkib özünü öz istehsalı olan məhsulla təmin etmək, kənd təsərrüfatı ilə məşğul olmaq arzusu insanları köçərilikdən oturaq həyata bağladı. Bu zərif sərmayə insanların gələcəyini təminat altına ala biləcək ən dəyərli xəzinədir. Zamanın bizə gətirdiyi yeni imtahanlardan sonra – pandemiya dövründə biz yenidən və daha yaxşı anladıq ki, ona gözümüz kimi baxmalıyıq. Heç gözləmədiyimiz bir anda gələcəyimizin havaya, torpağa, suya, təsərrüfatçılarımıza, qısacası kənd təsərrüfatına nə qədər bağlı olduğunu bir daha dərindən hiss etdik. Baş verənlər belə bir nəticəyə gəlməyə imkan verir: bəlkə, qocaman və müdrik təbiət bizə nə isə danışmaq istəyir? 

(ardı var)
Məmməd BABAYEV 

Nəşr edilib : 10.09.2024 15:15