NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Torpaqla, təbiətlə iç-içə

...

Kənd təsərrüfatına xidmət edərkən təbiəti incitməyin, zərər verməyin, müşahidə edin. Ondan öyrənməli olduğumuz çox dərs və faydalar var. Başqasının fəlakəti üstündə səadət qurmaq olmaz. İnsanoğlu çox uzun zaman təbiətin fəlakəti üzərində səadət qurmağa çalışıb. Yaşadığımız pandemiya tam da bizim demək istədiyimizi dedi. 

Təbiətə ziyan verməməyi öyrənməlidir insan. Sadəcə, bir qida mənbəyi var; torpaq. Bu mənbəni təkcə insanlar istifadə etmir. İnsan mövcud ehtiyatların hamısını özü üçün istifadə etməyə çalışsa, təbiətdə yaşayan digər canlıların – heyvanların, quşların, böcəklərin qida mənbələrini məhv edər. Canlıların təbii qida ehtiyatları tükəndiyi zaman isə yaşadıqları əraziləri tərk edib insan məskənlərinə gəlirlər və bir çox xəstəlikləri insanlara yoluxduraraq epidemiyalar yaradırlar. 
Son 50-60 ildir ki, Yer kürəsinin ritmi dəyişir. İnsanoğlunun seçdiyi həyat tərzindən, istehsal formasından, istehsal və istehlak modelindən qaynaqlanaraq qlobal istiləşmə, ozon qatı problemi, karbon qazının çoxalması, quraqlıq, eroziya çoxalır. Daha önəmlisi, Yer kürəsinin nemətləri, imkanları, ya da materialları – faydalı qazıntıları, təbii ehtiyatları, canlı növləri azalır. Çünki insanlıq həm istehsala, həm də istehlaka kobudca davam edir. İnsan təbiətlə sülh imzalayıb geri çəkilməlidir. Bəzən insan, təbiətin içində o qədər çox təhdidkar şəkildə irəliləyir ki, bu, çox böyük ekoloji fəlakətlərə səbəb ola bilər. 
Təbiət özünü təmir edir, bərpa edir. Təbiət istehsal edir, inkişaf etdirir, böyüdür və digər canlılarla bölüşür. Amma heç bir zaman qazanca adaptasiya olmayıb. Təbiət bütün canlıların bir yerdə yaşamasına imkan verəcək şəkildə bir sistem yaradır və buna uyğun fəaliyyət göstərir. İnsan təbiəti təkrar etsə, problemləri də həll edər...
Hər istehsal müəssisəsi sərmayəyə ehtiyac duyduğu kimi, kənd təsərrüfatının da ehtiyac duyduğu sərmayələr var: torpaq, hava, su. Bunlar isə əbədi mənbə deyil, tükənə bilən təbii sərvətlərdir. Sərmayə nə qədər çox məhv olsa, insanları məchul bir gələcəyə doğru aparar. Dolayısıyla, biz bu günün mənbələrini bu gün sərf etsək, davamlılığı təmin edərik. Biz gələcək nəsillərin mənbələrini bu gündən sərf etməyə başlasaq, o zaman davamlılıqdan danışmağa dəyməz. Sərmayədən də danışmağa dəyməz. Həyatımızın hər günü, hər saniyəsi onları qorumalıyıq. Bunu, sadəcə, özümüz üçün deyil, gələcək nəsillərimiz üçün də etməliyik. Çünki torpaq və su bizim həyat qaynağımızdır. Kənd təsərrüfatı ilə məşğul olanların ən böyük sərmayəsidir. Hər ikisi də itirildiyində geri gətirilməsi, bərpa olunması, demək olar ki, mümkün olmayan elementlərdir.
Hamımız torpağa, suya bağlıyıq, onlarla birlikdə yaşayırıq. Su kənd təsərrüfatı məhsulları istehsalının ruhu, bu torpaqların şah damarıdır. Yoxa çıxarsa, geriyə, sadəcə, quraq, bərəkətsiz və sahibsiz ərazilər qalacaq. Bilməli olduğumuz ən önəmli şey şirin suyun təbiətdə çox az olan bir ünsür olmasıdır. Suyu ən doğru və qənaətcil şəkildə istifadə etməklə qoruya bilərik. Hədəf, sadəcə, daha məhsuldar bir kənd təsərrüfatı deyil, eyni zamanda suyun daha yaxşı qorunduğu bir kənd təsərrüfatı yaratmaqdır. Naxçıvanın geniş əkinəyararlı torpaq sahələrində qurulan qapalı suvarma şəbəkələri də məhz bu amala xidmət edir. Bu yolla suya qənaət, su itkisinin azaldılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və məhsuldarlığın artırılmasına dəstək verilir. 
Torpaq, yaşayan bir dünya, içində yaşatdığı saysız-hesabsız üzvi maddə sayəsində bitkiləri qidalandıran, suyu süzən və mühafizə edən həyat mənbəyidir. Torpağı, suyu və sahib olduğumuz təbiəti daha yaxşı qoruyaraq istehsal potensialını gələcəyə etibarlı şəkildə apara bilmək mümkündür. Ancaq bunu bacarmaq, sadəcə, təsərrüfatçılara deyil, bu torpaqlarda yaşayan bütün sakinlərin ortaq əməyinə bağlıdır. 
(ardı var)

 Məmməd BABAYEV 
 

Nəşr edilib : 30.09.2024 09:49