Zəngəzur dəhlizi niyə “Tramp marşrutu” adlandırıldı?
Azərbaycan Prezidenti İlham Əliyev 26 avqust 2025-ci il tarixdə Səudiyyə Ərəbistanın Al Arabiya televiziya kanalına verdiyi müsahibədə Zəngəzur dəhlizinin “Tramp marşrutu” adlandırılmasının səbəblərini açıqlayıb.
Prezident bildirib ki, bu ad ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və layihənin beynəlxalq təhlükəsizlik zəmanətləri ilə təmin olunması səbəbindən verilib. Azərbaycan illərdir, Naxçıvan ilə materik hissəsini birləşdirən nəqliyyat-kommunikasiya xətlərini açmaq istəyirdi, lakin Ermənistan bu prosesdə konstruktiv yanaşma göstərmədi.
“TRIPP – Trump Route for International Peace and Prosperity (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) adı da məhz bu səbəbdən yaranıb. Prezident Tramp bu layihəyə öz adını verdi və mən əminəm ki, bu dəhliz çox tezliklə istifadəyə veriləcək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
O həmçinin Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıdığını qeyd edib. Dəhliz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqələrini gücləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını sürətləndirəcək və Ermənistan üçün tranzit gəlirləri yaradacaq.
Prezident İlham Əliyev müsahibəsində həm də Azərbaycan-İran münasibətlərinə toxunaraq bildirib ki, Zəngəzur dəhlizi İrana heç bir təhlükə yaratmır və regionda əməkdaşlıq üçün əlavə imkanlar açır.
Əhməd Əhmədov