NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Həkim, müəllim, dövlət xadimi, mədəniyyət hamisi – xatirələrdə yaşayan Əziz Əliyev

...

Həyatda tutduğu mövqedən, qazandığı statusdan asılı olmayaraq, məramı xoş niyyət, insanlara hörmət, məqsədi xalqa və millətə təmənnasız sevgi olan şəxsiyyətlər, illər keçdikcə daha çox sevilir, xidmətləri ilə daha da ucalırlar. Çünki tutduğun peşənin məsuliyyətini dərk etmək, cəmiyyətə nəcib əməllərlə, təmənnasız yaxşılıqlarla fayda verəcəyini anlamaq, bunu bütün varlığınla duymaq böyük missiyadır. Ömür yolu xalqın taleyi ilə bütövləşən, insanların məhəbbəti ilə məna tapan, həyatı və fəaliyyəti ilə milli ziyalılıq ənənəmizin ən parlaq nümunəsini yaradan belə şəxsiyyətlərdən biri də Azərbaycan səhiyyəsinin və ictimai-siyasi həyatının görkəmli nümayəndəsi, həkim, müəllim, dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevdir.

1897-ci ildə İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açan Əzizin çətinliklərlə, məhrumiyyətlərlə dolu uşaqlıq, yeniyetməlik və gənclik illəri doğma İrəvanla bağlı olmuşdu. Şəhərin ziyalı mühiti, qaynar ictimai-siyasi, sosial həyatı, elmi-mədəni ab-havası görkəmli şəxsiyyətin gələcəkdə nümunəvi alim, həkim və dövlət xadimi kimi formalaşmasında mühüm rol oynamışdı. Ancaq tale elə gətirmişdi ki, Əziz Əliyevin həyatı yalnız doğluduğu İrəvanı əhatə etməmişdi. 65 illik həyat hekayəsinin “ön sözü” İrəvanla başlamış, keşməkeşli olduğu qədər məhsuldar bir yol qət edərək Cənubi Azərbaycanı, Dağıstanı, Naxçıvan Muxtar Respublikasını dolaşaraq tarixi bir şəxsiyyətin bütöv bir fəaliyyətini əhatə edən zəngin epoxaya çevrilmişdi.

İlk təhsilini İrəvandakı “Rus-tatar” məktəbində alan Əziz Əliyev 1917-ci ildə İrəvan gimnaziyasını qızıl medalla bitirmişdi. Uşaqlıqdan həkim olmaq arzusu ilə yaşayan gəncin qarşısında böyük bir yol açılırdı. Lakin bunun üçün istedad və əzmlə yanaşı, maddi dəstəyə də ehtiyacı vardı. Məhz həmin dövrdə Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin istedadlı gənclərin təhsilinə göstərdiyi diqqət Əziz Əliyevin taleyində mühüm dönüş nöqtəsinə çevrildi. Belə ki, 1917-ci ildə Tağıyevin maddi yardımı sayəsində Əziz Əliyev Petroqrada – indiki Sankt-Peterburqa gedərək dünyanın ən məşhur tibb ocaqlarından biri sayılan Hərbi Tibb Akademiyasına daxil oldu. Bu fakt illər sonra Prezident İlham Əliyevin Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı mərasimindəki çıxışında da xüsusi qeyd edilmişdir: “...Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu, təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o həm gözəl həkim, eyni zamanda böyük dövlət xadimi olmuşdur”.

1918-ci ildə doğma İrəvana qayıdan Əziz Əliyev burada dəhşətli mənzərə ilə üzləşmişdi. Ermənilərin törətdiyi qırğınlar nəticəsində İrəvan azərbaycanlılar üçün yaşanılması mümkün olmayan bir yerə çevrilmişdi. Bu faciələr qarşısında doğmalarını qorumaq məcburiyyətində qalan gənc Əziz ailəsini böyük çətinliklə Naxçıvanın Şərur bölgəsinə gətirmiş, bir müddət burada məskunlaşdıqdan sonra Şahtaxtı kəndinə köçmüşdü. Lakin tale elə gətirir ki, Andranikin başçılığı ilə silahlanmış erməni quldur dəstələri Naxçıvana da silahlı basqınlar etməyə, müsəlman əhalini kütləvi şəkildə məhv etməyə başlayır. Ailə buna görə Şahtaxtı kəndində məskunlaşa bilmir və Arazın o tayına pənah aparır. Bir neçə ay Cənubi Azərbaycanın Ərəblər kəndində məskunlaşdıqdan sonra ailə yenidən Naxçıvana qayıdır.

1921-ci ildə yenidən Şahtaxtıya qayıdan və 2 ilə yaxın bir müddətdə orta tibb işçisi və həkim köməkçisi kimi fəaliyyət göstərən Əziz Əliyev 1923-cü ildə ailəsi ilə birlikdə Naxçıvandan Bakıya gələrək qəbul imtahanlarını uğurla verib Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil oldu. 1927-ci ildə ali tibb təhsilini əla qiymətlərlə başa vuraraq Xalq Komissarları Şurasının göndərişi ilə elmi-pedaqoji fəaliyyətə başladı. Beləcə, İrəvanın ziyalı mühitində formalaşan, erkən yaşlarından həyatın ağır sınaqları ilə üzləşən Əziz Əliyev bütün bu çətinliklərdən keçərək böyük elm və tibb yoluna qədəm qoydu. Qarşıda onu yalnız uğurlu həkimlik və elmi fəaliyyət deyil, həm də Azərbaycanın ictimai-siyasi həyatında mühüm iz buraxacaq böyük dövlətçilik yolu gözləyirdi.

Hansı sahədə işləməsindən asılı olmayaraq, gördüyü işə böyük məsuliyyət və uzaqgörənliklə yanaşan Əziz Əliyev 65 illik ömür yolunda xalqın yaralarına məlhəm olan fədakar təbib olmaqla bərabər, həm də görkəmli dövlət xadimi, elm və təhsilin inkişafına böyük önəm verən ziyalı, mədəniyyətə və incəsənətə sevgi ilə yanaşan nümunəvi bir şəxsiyyət kimi yaddaşlarda iz qoyub. Onunla eyni dövrdə yaşamış, fəaliyyətini yaxından müşahidə etmiş görkəmli ziyalıların xatirələrindən belə aydın olur ki, Əziz Əliyev tutduğu vəzifələrdən daha çox qətiyyətli addımları, insanlara münasibəti və çətin vəziyyətlərdə qəbul etdiyi qərarları ilə böyük cəsarət və fədakarlıq nümayiş etdirən bütöv bir şəxsiyyət idi.

Professor Mustafa Topçubaşov “Səməndər quşu” adlı xatirələrində dostu Əziz Əliyevdən bəhs edərək, yazırdı ki, o, respublikanın hansı sahəsində problem yaranırdısa bütün enerjisi ilə həmin məsələnin həllinə çalışırdı. Belə fədakar əməyinə görə səhiyyə işçiləri Əzizə “təcili yardım” ləqəbi vermişdilər. İşində peşəkar olduğu qədər dostluq münasibətlərinin yaranmasında, işgüzar görüşlərin və söhbətlərin aparılmasında da Əzizin böyük səriştəsi var idi. Onun qonaqları ilə yaratdığı ünsiyyət, o cümlədən mütəxəssislərlə apardığı fikir mübadiləsi məni hər zaman valeh edirdi. Əzizin ali təhsilli olmasına heç kəs şübhə etməzdi. Ancaq hansı ali məktəbi bitirdiyini müəyyənləşdirmək müşkül məsələ idi. Çünki o, Aşıq Ələsgər demişkən: “Hər elmdən hali” idi.

Mustafa Topçubaşov xatirələrində səhiyyə məsələlərinin müzakirə olunduğu bir kollegiya iclasından da söz açaraq Əziz Əliyevin göstərdiyi fədakarlığı və nümunəvi addımı diqqətə çəkir: “Ucqar rayon kəndində əməliyyat zamanı artıq qan itirmiş hamilə qadın dünyasını dəyişmişdi. Əsas səbəb isə xəstəxanada qan əvəzedicisinin olmaması idi. İclas zamanı Əziz müttəhim kürsüsündə dayanan həkimə üzünü tutaraq ondan bu vaxta qədər xəstələrə kömək məqsədilə qan verib vermədiyini soruşdu. O bu sual qarşısında özünü itirdi və bu zamana qədər donor olmadığını, heç bir zaman qan vermədiyini dilə gətirdi. Əziz Əliyev onun bu addımını qəti şəkildə pislədi və məsələnin həllinə nail olmaq üçün həmin cərrahı özü ilə Qanköçürmə Mərkəzinə apardı. Burada onun ehtiramla qarşılanmasından və həkimlərlə aralarında olan münasibətdən belə aydın oldu ki, sən demə, Əziz Əliyev illərdir, həmin mərkəzdə donor imiş. O, mütəmadi olaraq burada ehtiyacı olan xəstələrə qan verir, bu addımı ilə bütün peşə yoldaşlarına nümunə olmağa çalışırdı. Hətta Əziz həmin həkimin timsalında bütün peşə yoldaşlarına üzünü tutaraq deyirdi ki: “Xalq səhiyyəsində işləyən adam yeri gələndə xəstələri yolunda qanından keçməyi də bacarmalıdır”.

Əziz Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm səhifələrindən biri də Dağıstanla bağlıdır. O, 1942-ci ildə Dağıstana rəhbər təyin olunanda respublika həm müharibənin ağır yükü altında idi, həm də siyasi və sosial baxımdan ciddi təhlükələrlə üz-üzə qalmışdı. Belə bir şəraitdə qarşısında yalnız dövlət idarəçiliyini həyata keçirmək deyil, dağlı xalqları vahid məqsəd ətrafında birləşdirmək, arxa cəbhəni möhkəmləndirmək və respublikanın gələcəyini qorumaq vəzifəsi dayanırdı. Dağıstanlıların xatirələrdə yaşayan yaddaş tarixçəsi sübut etdi ki, Əziz Əliyev bu ağır və məşəqqətli işin öhdəsindən uğurla gələrək adını tarixə həkk etməyi bacardı. Əziz Əliyev Dağıstanda yerli əhaliyə qarşı həyata keçirilən siyasi repressiyalara son qoyulmasına, dağıstanlılardan ibarət milli hərbi hissələrin təşkil olunmasına, yerli hakimiyyət orqanlarına dağıstanlıların təyin edilməsinə nail oldu. Görkəmli dövlət xadiminin siyasi biliyi və uzaqgörənliyi sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmaqdan xilas ola bildilər.

Filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli “Dağıstanın, dağlıların xilaskarı Əziz Əliyev” adlı məqaləsində yazır: “Əziz Əliyevin dağlar diyarına gəlişi Dağıstanın mərd, cəsur, müdrik insanlarının üstündən şərin pərdəsini qaldırır, sosial-iqtisadi inkişafının təməlini qoyur. Dağıstan repressiya, deportasiya burulğanından xilas olur, sənətin, mədəniyyətin, cəsarətin və ləyaqətin paytaxtına çevrilir. Qəhrəmanlar və qəhrəmanlıqlar diyarı kimi tarix içərisində tarix yaradır”.

Təsadüfi deyil ki, Dağıstanın Xalq şairi Rəsul Həmzətov öz xatirələrində Əziz Əliyevin Dağıstan həyatından, o cümlədən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edərək yazırdı: “O vaxtları mənim ilk şeir kitabçam çapdan çıxmışdı. Əziz Əliyev bundan xəbərdar idi. İştirak etdiyimiz bir məclisdə məni təbrik etdi. Onun xahişi ilə bir dağlı rəqsi oynadım; məmnun qaldı, şeir oxutdu – təriflədi”. Bu münasibət Əziz Əliyevin yalnız dövlət idarəçiliyinə deyil, gənclərin formalaşmasına, elmin və mədəniyyətin inkişafına da xüsusi diqqət göstərdiyinin ən bariz nümunəsidir.

İncəsənəti və mədəniyyəti ruhun qidası, sağlamlığın mayası hesab edən Əziz Əliyev haqqında yaxın dostu Xalq şairi Süleyman Rüstəmin də olduqca maraqlı bir xatirəsi var. Süleyman Rüstəm yazırdı ki, Əziz Əliyev Cənubi Azərbaycanda olduğu illərdə mədəniyyət sahəsinə böyük diqqət göstərir, Bakıda nümayiş olunan filmlərin İranda göstərilməsinə şərait yaradırdı. O çalışırdı ki, bir dildə danışan, bir soy-kökə mənsub olan həmvətənlər doğma adət-ənənələrindən ayrı düşməsin. Bu, hər şeydən əvvəl dövlət xadimi kimi Əziz Əliyevin xalqın milli-mənəvi yaddaşının formalaşmasına, milli özünüdərk prosesinin inkişaf etməsinə verdiyi dəyərin ən bariz nümunələrindən biri idi...

Adətən, həyatda uğur qazanmış kişilər haqqında danışarkən onların daim arxa-dayağı olan, hər qərarına anlayışla yanaşan, çətinliklər qarşısında onunla çiyin-çiyinə addımlayan qadınların da olduğunu görürük. Əziz Əliyev, bu mənada, bəlkə də, ən xoşbəxt şəxsiyyətlərdən idi ki, həyatını kübar və zərif bir qadınla – Leyla xanımla birləşdirmişdi. Dostlarının xatirələrindən qeyd olunur ki, Leyla xanım Əziz Əliyevin xidmətlərində daim yanında olan sadiq silahdaş, sevincində və qəmində ona həmdəm olan qayğıkeş həyat yoldaşı idi. 1920-ci ildə təməli qoyulan bu ailə illər ərzində öz isti ocağında altı övlad böyütdü. Bu ailənin hər bir övladı sonralar özünəməxsus həyat yolu ilə seçilsə də, onların taleyində ata ocağından gələn bir xüsusiyyət – elmə, zəhmətə və insanlara xidmətə bağlılıq özünü göstərirdi.

Fəaliyyəti və həyat kredosu ilə Azərbaycan ziyalılıq məktəbində böyük izlər qoyan, peşəsinə və xalqına olan sədaqəti ilə sevilib-seçilən Əziz Əliyevin zəngin irsi dövlətimizin diqqətindən kənarda qalmayıb, onun fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu il avqustun 20-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir”.

Əziz Əliyevin ömür yoluna nəzər saldıqca, bir həqiqət daha aydın görünür: onun irsini yaşadan yalnız gördüyü işlər və qazandığı nailiyyətlər deyil, həm də insanlara göstərdiyi diqqət, etimad və qayğı, xalqına və Vətəninə xidmətə söykənən həyat mövqeyidir. Bu səbəbdən Əziz Əliyevin adı zaman keçdikcə yalnız bir tarixi şəxsiyyət kimi deyil, əməlləri və insani keyfiyyətləri ilə yaddaşlarda yaşayan bir şəxsiyyət kimi xatırlanır.

Əziz Əliyev 1962-ci ildə, 65 yaşında dünyasını dəyişdi. Bu gün onun I Fəxri Xiyabanda yerləşən məzarı ailə üzvləri, doğmaları ilə yanaşı, onu sevən yüzlərlə Vətən övladının ziyarət yerinə çevrilib. Həkim, müəllim, dövlət xadimi, mədəniyyət hamisi – Əziz Əliyevin adı artıq yalnız bir ömrün deyil, xalqa xidmət nümunəsinin yaddaşdakı ifadəsidir.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 09.09.2026 12:00