Şimali Kipr sahillərində yüzlərlə sərnişin daşıyan...
16:22 30.08.2026
0
0
0
NAXÇIVAN :
30 Avqust 2026, Bazar
“Şərq qapısı”nın ilk peşəkar fotoqrafı Davud Kəngərli ilə müsahibə
…Zəng edib onunla görüşmək istədiyimizi bildirəndə xeyli sevindi. Bu görüşün təsadüfi olmadığını, “Şərq qapısı” qəzeti üçün müsahibə alacağımızı deyəndə isə xoşbəxtliyi daha da artdı. Çünki o, peşə fəaliyyətinin düz 18 ilini bu qəzetə həsr etmişdi. Səsinin titrəməsindən, ard-arda verdiyi səmimi suallardan sevincini hiss etmək çətin deyildi. Müsahibim ömrünün 20 ildən çoxunu doğma Naxçıvandan kənarda, paytaxt Bakıda keçirib. İndi ömür nərdivanının 80-ci pilləsinin yaxınlığında dayanıb. Keçmişə boylandıqca gözləri qarşısında uşaqlıq illəri, gəncliyi, sənət yoldaşları ilə keçirdiyi xoş günlər canlanır. Taleyin işinə bax ki onun sənət dünyası da ağ-qara kadrlardan ibarət olub. O bu sənəti ilə yalnız ötüb keçən zamanı əbədiləşdirməyib, həm də Naxçıvanın bir dövrünün tarixini yaddaşlara köçürüb. Onunla Yusif Məmmədəliyev küçəsində, hazırda yaşadığı mənzildə həmsöhbət olduq. Səmimi qarşılanmadan sonra həyat yoldaşı Nuridə xanımın hazırladığı çay süfrəsi ətrafında müsahibəyə başladıq. Məlumat üçün qeyd edək ki, Davud Kəngərli 1948-ci ildə Naxçıvan şəhərində doğulub. O, Azərbaycan tarixində mühüm yeri və xidmətləri olan Kəngərlilər nəslindəndir.
– Davud müəllim, xoş gördük sizi. İllər sonra ata yurdunuzda, bir zamanlar çalışdığınız qəzetə müsahibə vermək necə hissdir?
– Xoş gördük. 80 yaşın astanasında olmağıma baxmayaraq, özümü yaxşı hiss edirəm. Mən də doğma “Şərq qapısı”nın yaradıcı kollektivini və qəzetin oxucularını salamlayıram. Sağ olun ki, bizi yad etmisiniz… Zəng edib müsahibə üçün görüşmək istədiyinizi deyəndə xeyli sevindim. Bir neçə saniyəlik telefon danışığında sanki o illərə qayıtdım. Bilirsiniz, yaş irəlilədikcə insan unudulmaqdan qorxur. Deyəsən, qocalığın ilk əlaməti də elə budur – unudulmaq qorxusu.
– Bu illər ərzində çalışdığınız kollektivdən gəlib sizi ziyarət edən olmayıb?
– Mənim arzuladığım, darıxdığım insanlardan gəlib-gedən olmayıb. Bakıya köçəndən sonra Naxçıvanla əlaqəm tamam kəsildi. Zəng edib hal-əhval tutanların sayı azaldı. Hətta ötən gün köhnə dostlardan biri ikimizin xatirə fotosunu sosial şəbəkədə paylaşmışdı. Tanıyanlar şərhlərdə yazıblar ki, Allah Davud əmiyə rəhmət eləsin. Bu hadisə yoldaşımla mənə çox pis təsir etdi. Məyus halda öz-özümə dedim: “Axı mən ölməmişəm…”
– Soyadınızdan da məlum olur ki, Kəngərlilər nəslindənsiniz. Bu nəslə mənsub olmaq böyük məsuliyyətdir.
– Doğrudur. Ata-babamdan Kəngərlilər nəsli barədə çox eşitmişəm. Bu nəsil bizim üçün, sadəcə, bir soyad deyil, keçmişdən bu günə gələn bir ad, bir kök və bir ailə bağıdır. Bilirsiniz, Kəngərlilər qədimdən bəri bu torpaqlarda yaşayıb. Əvvəllər bu tayfa Azərbaycanda Kəngərlilər kimi tanınıb, daha sonra Naxçıvanski soyadını götürüblər. Deyilənlərə görə, XVII əsrdə Şah Abbasın əmri ilə Naxçıvan torpağına ayaq basmış, zamanla bu yerlərdə kök salmışıq. Böyüklərimizdən də eşitmişik ki, bu nəslin nümayəndələri hər zaman öz adını, adət-ənənəsini qoruyub saxlayan şəxsiyyətlər olublar…
– “Şərq qapısı” qəzeti ilə necə tanış oldunuz?
– 1968-ci ildən qəzetdə fəaliyyətə başladım. Adi günlərdən biri idi. “Şərq qapısı” redaksiyasının yanından keçərkən pəncərədən qəzetin ovaxtkı redaktoru Rəşid Qazıbəyovu gördüm. Mənə işarə etdi ki, qəzetə gəl. Getdim. Qarşıma bir vərəq və qələm qoydu, ərizə yazmağımı istədi. Ərizəni yazıb getdim. Həmin vaxt Naxçıvan Televiziyasında işləyirdim. Üç ay sonra redaksiyaya gəlib ərizənin aqibətini soruşdum. Məlumat verdilər ki, artıq üç aydır, qəzetin tam ştatlı fotomüxbiriyəm. Rəşid müəllim də dedi ki, yaxın günlərdə gəl və işinə başla. Beləliklə, televiziyadan öz ərizəmlə ayrılıb “Şərq qapısı”nda fəaliyyətə başladım.
– Televiziyadan ayrılmağınız rəhbərlikdə etiraz yaratmadı?
– Yaratdı. Televiziyanın ozamankı sədri Fərman Tağıyev “Şərq qapısı”na getdiyimi eşidib acıqlanmışdı. Hətta televiziyanın elan guşəsinə yazıb vurmuşdu ki, guya məni özü işdən qovub. Mən də etiraz etdim və bildirdim ki, televiziyadan öz ərizəm əsasında ayrılmışam.
– Qəzetə alışmaq çətin olmadı?
– Yox, olmadı. Çətin olan fotoların çəkilməsi, peşəkar səviyyədə qəzetə yerləşdirilməsi və vaxtında çapa verilməsi idi. Ümumiyyətlə, qəzetçilik çox çətin iş idi. Naxçıvandan rayonlara – hadisə yerlərinə getmək, operativ şəkildə fotolar çəkmək asan deyildi. Daim ayaq üstə, hadisələrin və insanların içində olmalı idin.
– Qəzetin o illərdə çap olunan nömrələrində tənqidi fotolar da görürük. Onları xüsusi tapşırıqla çəkirdiniz?
– Baş redaktor məni yanına çağırıb deyirdi ki, qəzetin “Xalq nəzarəti” səhifəsində tənqidi yazı getməlidir, bunun üçün maraqlı fotolar çəkilməlidir. Bundan sonra şəhərin müxtəlif yerlərindəki nöqsanları fotoaparatın yaddaşına köçürürdük. Mənim 18 illik fəaliyyətimin ən doğma xatirələri də məhz bu tənqidi fotolarla bağlıdır.
– Bəs tənqidi fotoların çəkilməsi, ictimai qınaq öz nəticəsini verirdi? Ən əsası, sizə qarşı təzyiqlər olmurdu ki?
– Əlbəttə, olurdu. Xüsusən yüksək statuslu dövlət idarələri haqqında tənqidi materiallar hazırlayanda aqressiv hallarla rastlaşırdıq.
Bir dəfə şəhərin mərkəzi meydanındakı fəvvarənin işləmədiyi barədə dostlardan biri mənə məlumat verdi. Həmin yerə getdim, çəkiliş apardım və qəzetdə buna münasibət bildirildi. Nəticədə, problem aradan qalxdı. Dost-tanışlar buna görə mənə təşəkkür edirdi. O illərdə ziyalı sözünə, tənqidə qiymət verənlər çox idi.
– 18 illik fəaliyyətiniz ərzində neçə baş redaktorla işləmisiniz?
– Rəşid Qazıbəyov, Vahid Bağırov və Sənubər Kərimova ilə. Hər üçü yaxşı insan idi. Rəşid müəllim tələbkar və əsəbi insan kimi yadımda qalıb. Vahid Bağırov alicənab və kübar şəxsiyyət idi. Sənubər xanım da təmkinli, təvazökar insan idi. Rəşid müəllimlə Vahid müəllim haqq dünyasındadır. Sənubər xanım – əmim qızı hazırda Bakıda yaşayır.
– Çəkdiyiniz fotoların, əlinizdə olan arxivlərin aqibəti necə oldu?
– Hamısını Bakıya köçərkən Naxçıvan Dövlət Arxiv İdarəsinə verdim. Yalnız şəxsi fotoları özümdə saxladım.
– Nə qədər foto təqdim etdiniz?
– 20 mindən artıq seçmə foto. Bu fotolar Naxçıvan şəhərinin görüntülərini, eləcə də 1960-1980-ci illər arasında muxtar respublikanın ümumi mənzərəsini əks etdirən qiymətli kadrlardır.
– Naxçıvanın yüksəklikdən çəkilmiş fotoları xüsusilə maraqlıdır. O dövrdə belə çəkilişləri necə edirdiniz?
– Söhbətin hansı kadrlardan getdiyini bilirəm. Həmin çəkilişlər xüsusi icazə ilə həyata keçirilirdi. Dövlət tərəfindən helikopterlər ayrılırdı. Muxtar Respublikanın yaranmasının 50 illik yubileyində Bakıdan fotomüxbir Hüseyn Hüseynzadə gəlmişdi. Naxçıvanın səmadan fotolarını çəkmək üçün ikimizi ayırmışdılar. İkimiz də hərbidən alınan helikopterlə Naxçıvanın səmadan maraqlı fotolarını çəkdik. Həmin fotolar da hazırda arxivdə qorunur. Onlar mənə çox doğmadır.
– Ulu Öndər Heydər Əliyevin Naxçıvana səfərlərində fotoları siz çəkirdiniz?
– Naxçıvan üçün fotoları mən çəkirdim. Ancaq Ümummilli Lider Bakıdan gələndə onunla birgə fotoqraf da gəlirdi. Həmin illərdə səfərləri Yaşar Xəlilov çəkirdi. Bakıdan gələn fotomüxbirləri hadisə yerlərinə aparmaq da mənim öhdəliyimdə idi.
– Texnikanın zəif olduğu bir vaxtda ani kadrları necə çəkirdiniz?
– Çox çətin olurdu. Xüsusən dövlət tədbirlərində. Aparatlar zəif idi, ani çəkilişlər aparmaq çətinləşirdi. Bir məqamı da qeyd edim. Görüşlər zamanı fotokameranın obyektivinə baxaraq gülümsəmək, çəkiliş zamanı səmimi atmosfer yaratmaq ənənəsini sənətimizə Heydər Əliyev gətirdi. Fotoqraflar bəzi məsul şəxslərin fotomüxbirlərlə işləyə bilmədiklərini söyləyəndə o bu məsələyə diqqət yetirirdi. Obyektivə baxır, fotoqrafı gözləyir və rahat işləməsinə şərait yaradırdı. Sonralar bu, bir ənənəyə çevrildi.
– Bəs fotoaparatın obyektivindən kənarda gördüyünüz Heydər Əliyev necə insan idi?
– Çox mədəni və alicənab şəxsiyyət idi. İş fəaliyyəti gərgin olsa da, xalqla daim iç-içə olurdu. Naxçıvana gələndə bölgələri gəzirdi, insanların qayğıları ilə maraqlanırdı. Gənclərə və uşaqlara xüsusi sevgisi var idi. Bir xatirəmi də danışım. Culfa rayonunun Yaycı kəndində Ulu Öndərin sakinlərlə görüşü zamanı balaca uşaqlar ön sıralara çıxıb səs-küy saldılar. Naxçıvanın daxili işlər naziri uşaqlara acıqlandı. Bu, Heydər Əliyevin nəzərindən qaçmadı. Hamının gözü qarşısında nazirə irad bildirdi və uşaqların Azərbaycanın gələcəyi olduğunu söylədi. Bu hadisə onun uşaqlara münasibətini göstərən yaddaqalan xatirələrimdəndir.
– Naxçıvanda ilk rəngli fotostudiyanı da siz açmısınız?
– Doğrudur. Naxçıvanda ilk rəngli foto yerini – “Foto Ayşə”ni 80-ci illərdə dostum Rasimlə birgə açmışdıq.
– Həmin fotostudiya indi qalırmı?
– Təəssüf ki, qalmır. Fotostudiyanı, bütövlükdə, buldozerlərin qabağına verdilər. Oranın mənim üçün necə əhəmiyyətli yer olduğunu bilirdilər. Ancaq indi bu mövzuları danışmağın əhəmiyyəti yoxdur. Olan olub, keçən keçib… Tariximizə, keçmişimizə biganə yanaşan insanların ucbatından mənim dəyərli fotolarım, uzun illər yol yoldaşlığı etdiyim, çörək pulu qazandığım fotoaparatlarım məhv oldu.
– Sizə binanın söküləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdilər?
– Sözdə xəbərdarlıq etdilər. Mənə bina sökülməmişdən bir gün əvvəl məlumat verdilər. Fotostudiyanı tam boşaltmağa imkan olmadı.
– Həqiqətən də, ağrılı hadisədir… Bəs ilk fotoaparatınızın markası nə idi?
– Mən qəzetdə işlədiyim 18 il ərzində ancaq “Kiev”lə çəkiliş etmişəm. O illərdə ən məşhur fotoaparat o idi.
– Bu il “Şərq qapısı” qəzeti 105 yaşını qeyd edir. Qəzetin vizual yaddaşını yaradan şəxslərdən biri kimi ürək sözlərinizi eşitmək istərdik.
– 105 il… Deməli, 105 il bundan əvvəl uzun illər çörəyini yediyimiz doğma qəzetimiz Naxçıvanımızı öz ziyası ilə nurlandırmağa başlayıb. Əlamətdar hadisədir. “Şərq qapısı” mənim üçün yalnız iş yeri deyildi. Bu qəzet yaxşı dostluqların, maraqlı və yaddaqalan xatirələrin ünvanı idi. Qürurluyam ki, ömrümün 18 ili bu qəzetdə keçib. Böyük qardaşım Səxavət Kəngərli də uzun illər bu qəzetin baş redaktoru olub. Bir sözlə, “Şərq qapısı” adı Kəngərli ailəsi üçün böyük məna daşıyır. Bu münasibətlə qəzetin rəhbərliyini və yaradıcı kollektivini səmimi-qəlbdən təbrik edirəm. Qələminiz iti, sözünüz kəsərli olsun.
– Təşəkkür edirik, Davud müəllim, göstərdiyiniz qonaqpərvərliyə, maraqlı müsahibəyə və səmimi təbrikə görə sizə minnətdarıq.
Müsahibimlə söhbət apararkən zamanın necə gəlib keçdiyinin fərqində olmadım. O danışdıqca sanki 18 illik sənət yolunda bir vaxtlar küçələrində addımladığımız, meydanlarında toplandığımız şəhərin, üzlərini tanıdığımız insanların, hadisələrin, məkanların yaddaşını görürük. Çünki fotoaparatının obyektivindən keçən hər görüntü zamanın qarşısında saxlanılmış bir an, unudulmağa qoyulmayan bir xatirədir. Bəlkə də, illər ötdükcə bu ağ-qara kadrlar yalnız keçmişin görüntüləri kimi deyil, bütöv bir tarixi yaşadan dəyərli epoxanın yaddaşına çevriləcək. Axı bəzi fotolar, sadəcə, bir anı əks etdirmir – bir dövrü yaşadır, bir şəhərin yaddaşını qoruyur, insan ömrünü tarixlə qovuşdurur…
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər