NAXÇIVAN :

12 Sentyabr 2026, Şənbə

Azərbaycan elminin əqidə şəhidi Heydər Hüseynov

...

Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdən biri də akademik Heydər Hüseynov idi. Azərbaycan elmi mühiti bu şəxsiyyəti yaxşı tanıyır. Onun mənalı ömür yolu haqqında cild-cild əsərlər yazılıb, həyatı və fəaliyyəti geniş şəkildə araşdırılıb. Ancaq bir həqiqətdir ki, qısa ömür yolunda keşməkeşli bir həyat yaşayan, elm yolunda ürəyinin yağını əridən nümunəvi alim-vətəndaş haqqında nə qədər yazsaq və danışsaq, yenə də onun fədakar əməyinin qarşılığını verə bilmərik.

Akademik Heydər Hüseynov 1908-ci il aprelin 3-də qədim Azərbaycan şəhəri İrəvanda anadan olub. Cəmi 42 il ömür sürüb. Uşaqlıq və gənclik illəri kimi, sonrakı həyatı da çətin və mürəkkəb dövrlərdən keçib. Atası Nəcəf kişinin Gülsüm xanımla izdivacından beş uşaq dünyaya gəlib: Ruqiyyə, Yusif, Əkbər, Yaqub və sonbeşikləri Heydər.

Heydər Hüseynov hələ həyatın bərkinə-boşuna düşmədən ata qayğısından məhrum olub. 1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri qırğınlar zamanı böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülüb. Bundan sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olub. 1920-ci ildə ailə Bakıya köçərək İçərişəhərdə kirayə evdə məskunlaşıb. Bu vaxt Heydərin 12 yaşı var idi.

Heydər Hüseynov orta təhsilini Bakı şəhərindəki 18 nömrəli məktəbdə alıb. Həmin məktəbdə onunla yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdu. 1927-ci ildə məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsilini davam etdirib. Həmin illərdə komsomol sıralarına qəbul olunub.

Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədilə kitabxanada işləyən Heydər 16 yaşından fəhləlik edib. Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan alim 18 yaşında daha bir zərbə alıb, anası Gülsüm xanım 60 yaşında vəfat edib. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin şəraitdə işləməli olub. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Linqvistika ixtisasında təhsil alan Heydər ərəb və fars dillərinə mükəmməl yiyələnib.

Heydər Hüseynovun tədqiqatları, qələmə aldığı məqalələri bütün ittifaq məkanında oxunur, bir sıra tarixi həqiqətlərə işıq salırdı. Lakin 1937-ci ildən etibarən kütləvi xarakter alan Stalin repressiyaları onunda həyatından yan keçmədi. O, sinif yoldaşı Mikayıl Müşfiq kimi güllələnmədi, həyatda qalmışdı. Ancaq gələcəkdə Heydər Hüseynovu daha böyük və ağır bir faciə gözləyirdi.

Akademik Heydər Hüseynov tacir Süleyman Abdullayevin qızı Tale xanımla ailə həyatı qurmuşdu. Onların tanışlığı barədə alimin ikinci qızı Leyla xanım müsahibələrinin birində məlumat verirdi: “Atam Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim ilə dostluq edirdi. O, çox maraqlı insan idi, yumorlu, yüksək intellektli. Anam bizə ətraflı danışmırdı, ancaq bilirəm ki, onları Məmmədsəlim tanış etmişdi”.

Filologiya elmləri doktoru, ədəbiyyatşünas-alim Vilayət Quliyev akademik Heydər Hüseynov haqqında yazarkən onun elmi fəaliyyətinin miqyasını xüsusi vurğulayır: “Görkəmli alimin rəhbərliyi və redaktəsi altında fundamental nəşrlər hazırlanmış, “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyası çapdan çıxmışdı. Əsər nəşr olunanda Heydər Hüseynovun 41 yaşı vardı. Cəmiyyətimizdəki yaş kultu baxımından müəllif hətta “gənc alim” də adlandırıla bilərdi. Lakin həmin dövrdə o artıq Azərbaycanın humanitar elminin ağsaqqallarından sayılırdı. Amma elmi fikrə böyük töhfələr verəcək akademikin ən məhsuldar çağında faciəsi başladı. Səbəb müəllifin yuxarıda adıçəkilən “XIX əsrdə Azərbaycanda ictimai-fəlsəfi fikir tarixindən” monoqrafiyasında Mirzə Kazımbəyin “Müridizm və Şamil” əsərindən, eləcə də dağlı qəhrəmanı Şeyx Şamilin şəxsiyyəti, mübarizəsi və ideallarından bəhs etməsi, onu “qəhrəman və qəhrəmanların yaradıcısı” adlandırması idi. Bədbəxtlikdən bu elə vaxt idi ki, müridizm mürtəce hərəkat, Şeyx Şamil isə “ingilis və türk casusu” kimi qələmə verilirdi. Mir Cəfər Bağırovun və Moskva ideoloqlarının tarixi şəxsiyyətlərə münasibətdə əsaslandıqları şablondan kənara çıxması Heydər Hüseynovun yalnız Azərbaycan deyil, az qala bütün SSRİ miqyasında növbəti xalq düşməni kimi ittiham edilməsinə gətirib çıxardı.

Heydər Hüseynovun uğurları ona çoxlu dostlarla bərabər, düşmənlər də qazandırmışdı. Təsadüfi deyildi ki, alimin yuxarı vəzifələrə çəkiləcəyi ilə bağlı xəbərlər bir çoxlarına, xüsusən də onunla bərabər elm yolunda addımlayan paxıl və xəyanətkar “alimlərə” rahatlıq vermirdi. Onlar Heydər Hüseynovu Bağırovun gözündən salmaq üçün hər vasitəyə əl atırdılar. Ailəsi ilə bağlı faktlar dərindən araşdırılmağa, alimə qarşı kompromatlar yığılmağa başlanmışdı. Hətta Heydər Hüseynovun qardaşlarının Türkiyə vətəndaşı, qayınatasının “xalq düşməni” olmasını şişirdilmiş şəkildə Mir Cəfər Bağırova çatdırırdılar. Bu qarayaxma işləri çox keçmədən öz bəhrəsini verdi. Heydər Hüseynov guya əsərlərində tarixi həqiqətləri gizlətməkdə və təhrif etməkdə ittiham olundu.

Bir müddət sonra bu hücumlar kütləvi xarakter aldı. Görkəmli alimin elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərliyində dözümsüzlük başladı və şəxsən Mir Cəfər Bağırov tərəfindən kəskin tənqid edildi. Hətta Mir Cəfər Bağırov Azərbaycan KP MK-nın SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi barədə vəsatət qaldırdı və vəsatət təmin edildi.

Professor Fəridə Səfiyevanın yazdıqlarına görə, 1950-ci ilin fevralında Heydər Hüseynov Moskvaya, Ali Sovetin sessiyasına getməyə hazırlaşarkən MK-ya çağırılır. Onu Türkiyə və İngiltərənin casusu Şamil haqqında əsər yazmaqda ittiham edirlər. Ertəsi gün akademiyaya gələndə müavini Y. Tokarjevskinin onun yerində oturduğunu, seyfindən sənədlərinin, partiya biletinin götürüldüyünü görür. Alim başa düşür ki, “yuxarı”da artıq onun taleyini həll ediblər. Bu mənəvi basqılara tab gətirə bilməyən alim 1950-ci ilin mart ayının əvvəlində akademiyadakı iş otağında hər iki biləyinin damarlarını kəsir. Lakin professor, görkəmli cərrah Mustafa Topçubaşovun səyləri nəticəsində Heydər Hüseynovu xilas etmək mümkün olur.

Alimin qızı Sara xanım o günləri belə xatırlayır: “Atam tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onu son addımı atmasına səbəb oldu”.

Bəli, akademik Heydər Hüseynov 1950-ci il iyulun 14-də Filarmoniyanın yay salonunda ölkə ziyalılarının iştirakı ilə keçirilən plenumdan sonra ona qarşı başladılan amansız təqiblərə, təzyiqlərə və təhdidlərə tab gətirməyərək intihar etdi. O, avqustun 15-i yaşadığı mənzildə özünü asaraq həyatına son qoydu. Ailə üzvləri yaşadıqları mənzilin otağına daxil olduqda onun cansız bədəni ilə qarşılaşdılar. Lakin çox təəssüflər olsun ki, onların fəryadı qorxu və əsarətin kök saldığı cəmiyyətdə eşidilmədi.

Heydər Hüseynov ailəsini, övladlarını və ən əsası, onun elminə və işığına möhtac olan tələbələrini başsız qoyaraq həyatdan getdi. O gün alimin ölümü ilə bərabər haqq və ədalət, elm və mədəniyyət böhtanların, yalanların ayağına verildi. Görkəmli alim Birinci Fəxri xiyabanda dəfn olundu. Ümummilli Lider Heydər Əliyev onun haqqında danışarkən “əqidə şəhidi” ifadəsini işlədirdi. Bəli, Heydər Hüseynov nakam ömür yaşayan, həyatının ən məhsuldar çağında dünyadan köçən “əqidə şəhidi” idi.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 12.09.2026 17:00