Qurbanqulu Berdiməhəmmədov: İƏT üzv dövlətlərinin ...
12:19 16.07.2025
0
0
0
NAXÇIVAN :
16 Iyul 2025, Çərşənbə
"İyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü regionun həm siyasi, həm də iqtisadi mənzərəsinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. İqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların açıldığı sammitin Qarabağda, Xankəndidə təşkili həm də gələcəkdə bu bölgəyə investisiyaların axınına xidmət edir".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Teymur Rzayev deyib.
Deputat qeyd edib ki, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb kimi mühüm nəqliyyat qovşaqlarında yerləşməsi İƏT ölkələri üçün respublikamızın iqtisadi, sərmayə cazibədarlığını artırır. Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, digər bir deyişlə Orta Dəhlizin imkanlarını yüksək qiymətləndirmək olar. Orta Dəhlizin mühüm hissəsi kimi bu gün Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat körpüsü salmaqla paralel ECO-ya üzv ölkələri arasında iqtisadi əməkdaşlığı da gücləndirir. Bundan başqa, respublikamızın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi də bu gün region, o cümlədən də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmini baxımından mühüm layihə kimi dəyər qazanıb. Hər ötən il bu dəhlizin imkanları xeyli genişlənir, yeni interkonnektorlar vasitəsilə qoşulma təşəbbüsləri çoxalır. Müqayisə üçün bildirmək olar ki, ötən ilin bu vaxtı respublikamız səkkiz ölkəyə təbii qaz ixrac edirdisə, hazırda həmin ölkələrin sayı 12-yə çatıb və yeni təşəbbüslər bu sayın son hədd olmadığını deyir. Həmin 12 ölkədən 10-u Avropa məkanında yerləşir, 8-i isə Avropa İttifaqının üzvüdür. Azərbaycan qazına artan tələbatın nəticəsidir ki, 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac edilmişdirsə, bu rəqəm 2022-ci ildə 11,4 milyard, 2023-cü ildə, təxminən, 12 milyard, 2024-cü ildə isə 13 milyard kubmetr təşkil edib. Ümumilikdə, 2024-cü ildə ölkəmiz xarici bazarlara 25 milyard kubmetr qaz ötürüb.
"Həm nəqliyyat, neft-qaz, "yaşıl enerji" layihələri, eyni zamanda elm, təhsil, innovasiya, rabitə, kənd təsərrüfatı sahələri üzrə hər il Azərbaycana sərmayə yatırımları artır, iqtisadi rentabellik təmin olunur. Xankəndidəki Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi toxunaraq bildirdi ki, iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir". Bir daha əminliklə demək olar ki, İƏT-in Zirvə görüşünün Xankəndidə keçirilməsi gələcəkdə azad olunan torpaqlarımıza da kifayət qədər xarici sərmayə yatırımlarına yol açacaq. Bu da Qarabağda, Şərqi Zəngəzurda qeyri-neft sektoruna dair yeni müəssisələrin qurulmasına, "yaşıl enerji" layihələrinin əhatə dairəsinin genişlənməsinə imkan verəcək. Son nəticədə, soydaşlarımızın qayıdışı daha da sürətlənəcək, işğaldan azad olunan ərazilərdə əhali məşğulluğu artacaq. Və beləliklə, ötən əsrdə olduğu kimi, Qarabağ Azərbaycan iqtisadiyyatında xüsusi paya və rola sahib olacaq", – deyə Teymur Rzayev əlavə edib.
Digər xəbərlər