Nurəli Yusifbəyli: NASCO29 gənc alimlərin formalaş...
23:26 30.10.2026
0
0
0
NAXÇIVAN :
31 Oktyabr 2026, Şənbə
Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29)” müxtəlif elm sahələrində çalışan gənclərin elmi mübadiləsi, təcrübə paylaşımı və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Konfransda iştirak edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov tədbirin əhəmiyyətindən, aqrar sahədə aparılan elmi araşdırmalardan və gənc tədqiqatçıların rolundan danışıb.
Rektor bildirib ki, belə elmi konfransların keçirilməsi həm alimlər, həm də gənc tədqiqatçılar üçün yeni imkanlar yaradır: “İlk növbədə, qeyd etmək istəyirəm ki, son illərdə möhtərəm Prezidentimizin Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirdiyi müxtəlif layihələr və Dövlət proqramları alimlərin, eləcə də gənc tədqiqatçıların üzərinə ciddi məsuliyyət qoyur. Bu gün qürurla qeyd edə bilərik ki, ölkəmizdə həm doktorantlar, həm də gənc tədqiqatçılar aqrar sahədə elmi və tədqiqat fəaliyyətinə böyük maraq göstərirlər. Hesab edirik ki, gənc tədqiqatçılarda formalaşan bu maraq, eyni zamanda belə mötəbər elmi konfransların təşkili onların elmi fəaliyyətinə əlavə stimul verir. İnanıram ki, burada aparılan müzakirələr, təqdim olunan elmi tədqiqatlar gələcəkdə Azərbaycanın aqrar sahəsinin inkişafına müstəsna töhfələr verəcək”.
Rəhbərlik etdiyi universitetin konfransda təmsil olunmasına da toxunan Zəfər Qurbanov qeyd edib ki, Azərbaycan Dövlət Aqrar Universitetindən 20-yə yaxın tədqiqatçı tədbirdə iştirak edir. O, gələcəkdə universitet alimlərinin və gənc tədqiqatçılarının belə elmi platformalarda daha geniş təmsil olunacağına ümidvar olduğunu bildirib.
Konfransda təqdim edilən elmi işlərin mövzu müxtəlifliyinə diqqətçəkən rektor aqrar sektor üçün aktual olan istiqamətləri də vurğulayıb: “Bu gün burada olduqca maraqlı mövzular təqdim olunur. Aqrar sektorda, xüsusilə aktual əhəmiyyət daşıyan iqlim dəyişiklikləri ilə bağlı tədqiqatlar diqqət çəkir. Bununla yanaşı, müasir suvarma sistemləri, kənd təsərrüfatının inkişafına və səmərəliliyinin artırılmasına xidmət edən digər istiqamətlər üzrə araşdırmalar da mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, bu mövzuların elmi müzakirəsi və əldə olunan nəticələrin praktikada tətbiqi aqrar sektorun qarşısında duran məsələlərin həllinə kömək edəcək”.
Zəfər Qurbanovun sözlərinə görə, NASCO29 kimi genişmiqyaslı elmi tədbirlər gənc alimlərin potensialının üzə çıxarılması, onların elmi fəaliyyətə marağının artırılması və universitetlər arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir.
Digər xəbərlər