NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Zəriflik mücəssəməsi

...

O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi. Ömrünü sənətinə, ailəsinə, xalqına, vətəninə sevgiyə həsr edən böyük oftalmoloq, Azərbaycanın Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva məhz belə şəxsiyyət idi.

Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım qadın, həyat yoldaşı, ana, həkim, alim, ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib. Güclü xarakteri, əzmkarlığı, iradəsi və xeyirxahlığı sayəsində sağlığında  ikən özünə canlı abidə ucaltmağı bacaran Zərifə 
Əliyeva Tanrının bu dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri idi. Nəcib, zərif xüsusiyyətli bu azərbaycanlı qadın bütün ömrünü insanları sevməyə, onların xoşbəxt, sağlam olması yolunda fədakarlıqla pərvanəyə çevrilməyə həsr etdi. Yaşadığı qısa, lakin şərəfli həyat yolunda humanizm, mərhəmət, şəfqət, qayğı daim bələdçisi oldu. Zərifə xanım, sözün əsl mənasında, insanlara nur bəxş etmək kimi müqəddəs missiyanı uğurla icra edərək neçə-neçə zülmət dünyalara işıq bəxş etdi.
Eləcə də bütün insanların, iş yoldaşlarından tutmuş alimlərə, mütəxəssislərə və sadə zəhmətkeşlərə qədər hər kəsin xoş sözlərlə, minnətdarlıq hissi ilə xatırladığı sevimli bəndəyə, Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətlərindən birinə çevrildi.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. 
Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. 
Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Oftalmologiya sahəsində ən mötəbər mükafat olan M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın alim idi. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb. 
Zərifə xanım nursuz gözlərə işıq paylamaq, insanlara həyat eşqini qaytarmaq arzusunda idi. Görkəmli alimin parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.

Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 15.04.2025 12:23