NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

Zərifə xanımın həyat yolu kamillik və müdriklik məktəbidir

...

Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Zaman keçdikcə  onların bu zəhməti  böyük bir elmiməktəbin əsasını təşkil edir.Fəxr edirik ki, belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur.Yüksək intellektual  potensiala malik olan bu  xanımların hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə elmdə dərin izlər qoyublar. İllər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu  görkəmli simalardan biri də ictimai xadim,akademik Zərifə xanım Əliyevadır.

 Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində  ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmış, gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstək olurdu. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rolu olmuşdur. Zərifə xanım Əliyeva atasının – görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təcəssümünü tapmışdı.

Zərifə xanım, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. İncə təbiətli bu kövrək qadın öz zərif çiyinlərində dünyaşöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, Onun dayağına çevrilmişdi. 

Hippokratın “Gözəl davranış haqqında” əsərində “insana sevgi olan yerdə sənətə də məhəbbət vardır”fikirləri qeyd olunur.Akademik Zərifə xanım Əliyeva həkim kimi təkcə Hippokratın andına yox, həm də onun qoyduğu əxlaqi dəyərlərə sadiq qalmış, bu təlimi yeni bir elmi istiqamət səviyyəsində davam etdirmişdir. Görkəmli səhiyyə təşkilatçısı tibbi təcrübədə belə bir əxlaqi prinsipdən çıxış edirdi ki, xəstəliyi müalicə etmək hələ son məqsəd deyil, həkimin başlıca məramı xəstəni şəxsiyyət kimi həyata qaytarmaqdır. Nümunəvi elmi və həkimlik fəaliyyəti ilə öz təcrübəsində tibbi deontologiyanın əsaslarını yaradan Zərifə xanım Əliyeva əsl həkim necə olmalıdır sualını belə cavablandırmışdır: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda və ən xoş saatımızda o bizimlə üzbəüz durub soruşacaq: sənin ağ xalat geyməyə haqqın varmı?”

          Akademik Zərifə xanım Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri və çıxışları, məhz bu məsələyə həsr olunmuş “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir. Bu böyük alimin, həkimin, pedaqoqun, ictimai xadimin bütün həyatı və fəaliyyəti mənsub olduğu xalqa təmənnasız xidmət nümunəsidir. Onun Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərini yüksək qiymətləndirən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəliklərdən xilas etsin, sağlamlaşdırsın”.

          Zərifə xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb bu gün də öz mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən biri olaraq qalır. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır.

Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi lider bəxş edən Ana kimi də unudulmazdır. Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini hər zaman əziz tutur. Bu, böyük xalq sevgisinin ifadəsidir.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 15.04.2025 09:40