NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Zəngilan Şəhəri Günü: tarixin dərinliklərindən Böyük Qayıdışa

...

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si “Zəngilan Şəhəri Günü” kimi qeyd olunur. Zəngilanın azad edilməsi yalnız hərbi qələbə deyil, həm də tarixi ədalətin bərpası, milli iradənin təntənəsi və doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsi deməkdir.

Azərbaycanın cənub-qərbində, Araz çayının sahilində yerləşən Zəngilan zəngin tarixi, füsunkar təbiəti və strateji coğrafi mövqeyi ilə seçilən qədim yurd yerlərimizdəndir. Əsrlər boyu xalqımızın tarixi-mədəni irsinin mühüm bir hissəsi olan bu torpaq bu gün həm Vətən müharibəsində qazanılmış Zəfərin, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın rəmzlərindən birinə çevrilib.

Tarixi keçmişdən müasir inkişaf yoluna

Zəngilan əlverişli coğrafi mövqeyi, təbii sərvətləri, meşələri, münbit torpaqları və su ehtiyatları ilə seçilir. Araz, Həkəri, Oxçuçay və Bəsitçay kimi çaylar ərazinin təbii xüsusiyyətlərinin formalaşmasında, kənd təsərrüfatının inkişafında və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Faydalı qazıntı yataqları, aqrar istehsal imkanları və nəqliyyat yollarına çıxış da rayonun iqtisadi potensialını müəyyənləşdirən başlıca amillərdəndir.

İşğaldan əvvəl Zəngilanın iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tuturdu. Əkinçilik və heyvandarlıq əhalinin əsas məşğulluq sahələri sırasında idi. Dəmir yolu infrastrukturu isə rayonun ölkənin digər bölgələri ilə iqtisadi əlaqələrinin inkişafına imkan yaradırdı. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun işğal edilməsi bu inkişafı dayandırdı, əhali doğma yurdlarından didərgin düşdü, yaşayış məntəqələri və iqtisadi infrastruktur dağıntılara məruz qaldı.

1993-cü ilin payızında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan ağır mühasirə şəraitində qaldı. Rayon sakinləri doğma torpaqlarını tərk etmək məcburiyyətində qalaraq uzun illər məcburi köçkün həyatı yaşadılar. Bu hadisələr zəngilanlıların yaddaşında silinməz izlər buraxdı. Doğma yurda qayıtmaq arzusu isə illər boyu onların Vətənə bağlılığını, milli iradəsini və tarixi yaddaşını yaşadan əsas mənəvi dayaqlardan biri oldu.

İşğal dövründə rayonun tarixi-mədəni irsinə də ciddi ziyan dəydi. Məscidlər, türbələr, ziyarətgahlar, qədim yaşayış yerləri, körpülər və digər memarlıq abidələri dağıntılara məruz qaldı. Bu irsin qorunması və bərpası bu gün Zəngilanda həyata keçirilən quruculuq işlərinin mühüm istiqamətlərindəndir. Çünki doğma torpaqların dirçəldilməsi təkcə yeni evlərin tikilməsi və infrastrukturun qurulması deyil, həm də tarixi yaddaşın, milli-mədəni dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması deməkdir.

Zəfərlə başlayan yeni mərhələ

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda tarixi mərhələ oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində işğal altındakı ərazilər azad edildi. Oktyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndlərinin işğaldan azad edildiyini elan etdi. Bu xəbər uzun illər doğma yurdlarının həsrəti ilə yaşayan zəngilanlılar üçün böyük sevinc və qürur mənbəyinə çevrildi.

Zəngilanın azad edilməsi ilə rayonun tarixində yeni səhifə açıldı. Lakin qarşıda duran vəzifə yalnız ərazi bütövlüyünün bərpası ilə yekunlaşmırdı. İllərlə dağıntılara məruz qalmış yaşayış məntəqələrində həyatın yenidən canlandırılması, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması və insanların doğma yurdlarına qayıdışı üçün zəruri şəraitin yaradılması tələb olunurdu.

Zəfərdən sonra bu istiqamətlərdə ardıcıl işlərə başlanıldı. Yollar çəkildi, elektrik, su və rabitə infrastrukturu quruldu, yaşayış məntəqələrinin bərpası və yenidən qurulması istiqamətində layihələr həyata keçirildi. Zəngilan həm bu prosesin mühüm mərkəzlərindən birinə, həm də Azərbaycanın gələcək iqtisadi və nəqliyyat əlaqələri baxımından əhəmiyyətli əraziyə çevrildi.

Böyük Qayıdış: doğma yurda həyat qayıdır

İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Zəngilanda həyata keçirilən layihələr də bu məqsədə xidmət edir. Burada müasir yaşayış məntəqələri salınır, sosial obyektlər inşa olunur, məşğulluq imkanları yaradılır və insanların rahat yaşayışı üçün zəruri şərait formalaşdırılır.

Bu baxımdan, Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi xüsusi əhəmiyyət daşıyır. Müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsal xidmətlərin təşkili və dayanıqlı yaşayış mühitinin yaradılması layihənin əsas xüsusiyyətlərindəndir. İnformasiya texnologiyalarından istifadə, alternativ enerji mənbələrinin tətbiqi və kommunal xidmətlərin müasir prinsiplərlə təşkili Ağalının yeni inkişaf modelini səciyyələndirir.

Ağalıda başlanan qayıdış prosesi sonrakı mərhələlərdə rayonun digər yaşayış məntəqələrini də əhatə edib. 2025-ci il oktyabrın 28-də Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışları keçirilib, sakinlərə mənzillərin açarları təqdim olunub. Ağalı kəndinin ikinci mərhələsi üzrə 103 evin istifadəyə verilməsi nəzərdə tutulub, Məmmədbəyli kəndində isə 188 fərdi ev inşa edilib.

2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Bu rəqəmlər doğma yurda qayıdışın mərhələli şəkildə davam etdiyini göstərməklə yanaşı, illərlə həsrətlə gözlənilən arzunun real həyata çevrildiyini də ifadə edir.

Böyük Qayıdışın mahiyyəti yalnız insanların öz evlərinə dönməsi ilə məhdudlaşmır. Bu, ailələrin yenidən doğma torpaqda məskunlaşması, sosial həyatın canlanması, uşaqların burada təhsil alması, insanların əmək fəaliyyəti ilə məşğul olması və gələcəyə inamın möhkəmlənməsi deməkdir. Buna görə də yaşayış evlərinin inşası ilə yanaşı, təhsil və səhiyyə müəssisələrinin yaradılması, kommunal xidmətlərin təşkili, yeni iş yerlərinin açılması xüsusi əhəmiyyət daşıyır. Doğma yurda qayıdış o zaman tam məna qazanır ki, insanlar burada yalnız yaşamaq deyil, həm də işləmək, yaratmaq və gələcək qurmaq imkanı əldə etsinlər.

Nəqliyyat qovşağı və iqtisadi inkişaf perspektivləri

Zəngilanın gələcək inkişafında əlverişli coğrafi mövqeyi və nəqliyyat-kommunikasiya imkanları mühüm rol oynayır. Rayonun beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması və yeni iqtisadi əlaqələrin qurulması üçün əhəmiyyətli potensialı var. 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı bu istiqamətdə atılan mühüm addımlardan biri oldu. Hava limanı bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi, iqtisadi fəallığın artırılması və turizm əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu layihələri də rayonun nəqliyyat infrastrukturunun inkişafında mühüm yer tutur. Bu layihələr bölgənin ölkənin digər əraziləri ilə əlaqələrinin gücləndirilməsinə, yük və sərnişin daşımalarının genişləndirilməsinə, ticarət və logistika imkanlarının artırılmasına xidmət edir. Zəngilanın regional nəqliyyat əlaqələrində rolunun artması onun iqtisadi potensialının reallaşdırılması üçün yeni imkanlar yaradır.

Zəngilanın strateji əhəmiyyətini artıran əsas amillərdən biri də onun Naxçıvanla gələcək nəqliyyat bağlantısında mühüm mövqeyə malik olmasıdır. Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqəsinin qurulmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə və regionda yeni iqtisadi əməkdaşlıq perspektivlərinin yaranmasına xidmət edəcək. Bu layihə çərçivəsində Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolu infrastrukturu qurulur, Naxçıvanda isə dəmir yolu xəttinin yenidən qurulması istiqamətində işlər aparılır. Beləliklə, Zəngilan gələcəkdə yalnız Böyük Qayıdışın mühüm ünvanlarından biri deyil, həm də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqəni təmin edən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin imkanlarını genişləndirən mühüm logistik mərkəz kimi çıxış edə bilər.

Rayonun iqtisadi inkişafında kənd təsərrüfatı və aqrar sənaye də mühüm istiqamətlərdəndir. Azərbaycan və Türkiyə şirkətlərinin iştirakı ilə yaradılan “Dost Aqropark” bu sahədə əməkdaşlığın və müasir istehsal yanaşmalarının nümunəsidir. Aqroparkın fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və məşğulluğun artırılması baxımından əhəmiyyətlidir.

Turizm də Zəngilanın perspektivli inkişaf istiqamətlərindən biridir. Rayonun zəngin təbiəti, meşələri, çayları, tarixi abidələri və əlverişli coğrafi mövqeyi ekoturizm, mədəni turizm və istirahət imkanlarının inkişafı üçün geniş potensial yaradır. Bu potensialdan səmərəli istifadə olunması üçün təbii sərvətlərin qorunması, tarixi abidələrin bərpası və müasir turizm infrastrukturunun yaradılması vacibdir.

Dirçəlişin rəmzi

Prezident İlham Əliyevin Zəngilan rayonuna səfərləri, burada həyata keçirilən layihələrin təməlqoyma və açılış mərasimlərində iştirakı, sakinlərlə görüşləri bölgənin inkişafının dövlət səviyyəsində diqqət mərkəzində olduğunu göstərir. Bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri davamlı inkişafa çevirmək, yeni iş yerləri yaratmaq, iqtisadi fəallığı artırmaq və sakinlər üçün təhlükəsiz, rahat yaşayış mühiti formalaşdırmaqdır. Rayonun zəngin təbiətinin və tarixi-mədəni irsinin qorunması da bu inkişafın ayrılmaz hissəsi olmalıdır.

20 oktyabr – Zəngilan Şəhəri Günü keçmişə ehtiramın, qazanılmış Zəfərin qürurunun və gələcəyə inamın ifadəsidir. Bir zamanlar işğalın ağır nəticələrini yaşamış bu torpaqda indi yeni evlər tikilir, yollar salınır, sosial obyektlər istifadəyə verilir, iqtisadi layihələr həyata keçirilir və həyat yenidən canlanır. Bütün bunlar azadlığın yalnız torpaqların düşməndən təmizlənməsi ilə məhdudlaşmadığını, onun həm də həmin torpaqlarda həyatın bərpası ilə tamamlandığını göstərir.

Zəngilanın dirçəlişi Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyduğu quruculuq məqsədlərinin real nəticələrini əks etdirir. Doğma yurda qayıdan insanların səsi, yenidən qurulan kəndlər və şəhər, inkişaf edən nəqliyyat infrastrukturu bu torpağın yeni həyata qovuşduğunu göstərir. Zəngilan artıq yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil, həm də milli iradənin, dövlət quruculuğunun və Böyük Qayıdışın canlı rəmzidir.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 20.10.2026 16:36