NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Bolqar tələbələr Azərbaycanın xarici siyasəti və müasir tarixi barədə məlumatlandırılıb

...

18 Oktyabr –Dövlət Müstəqilliyinin Bərpası Gününün 35-ci ildönümü münasibətilə Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov Sofiyada yerləşən bu ölkənin Milli və Dünya İqtisadiyyatı Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının tələbələri üçün mühazirə ilə çıxış edib.

Mühazirə zamanı Azərbaycanın xarici siyasəti, müasir tarixinin əsas mərhələləri, 1918-ci ildə Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşılaşdığı çağırışlar, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il ərzində işğal altında saxlanılması və bu dövrdə ölkəmizin üzləşdiyi çətinliklər barədə ətraflı məlumat verilib.

Səfir Azərbaycanın müasir inkişafının əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini, habelə ölkəmizin orta güc kimi artan beynəlxalq nüfuzunu və təsir imkanlarını xüsusi vurğulayıb.

Çıxışda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, müstəqil və çoxşaxəli xarici siyasəti, iqtisadi diplomatiyası, eləcə də regional və qlobal proseslərdə fəal iştirakı diqqətə çatdırılıb.

Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın son 11 il ərzində uğurla inkişaf etdiyi xüsusi qeyd olunub.

Tədbirdə Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin rektoru professor Dimitar Dimitrov və Beynəlxalq Münasibətlər kafedrasının müdiri professor Plamen Ralçev də çıxış ediblər.

Rektor professor Dimitar Dimitrov çıxışında Azərbaycan ilə Bolqarıstan arasında uğurla inkişaf edən strateji tərəfdaşlığı vurğulayıb. O, Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini və qlobal proseslərə əhəmiyyətli töhfələr verdiyini qeyd edib. Həmçinin 2005-ci ildə Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universitetinin Elmi Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyevə universitetin fəxri professoru adının verilməsini xatırladaraq, universitetin bu qərarla qürur duyduğunu bildirib.

Professor Plamen Ralçev isə çıxışında Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında Orta Dəhliz üzərində strateji mövqeyini, Bolqarıstanın isə Avropa bazarlarına çıxış baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu geostrateji mövqelər iki ölkə arasında enerji, nəqliyyat və rəqəmsal bağlantılar sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm perspektivlər yaradır. Professor, həmçinin Azərbaycan və Bolqarıstan universitetləri arasında təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın inkişafının ikitərəfli strateji tərəfdaşlığa mühüm töhfə verə biləcəyini qeyd edib.

Mühazirə Universitetin Beynəlxalq Münasibətlər üzrə Tədqiqatçı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, tədbir Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi, gənclər arasında qarşılıqlı anlaşmanın təşviqi və iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli olub.

Nəşr edilib : 20.10.2026 16:43