NAXÇIVAN :

03 May 2026, Bazar

Prezidentin "Əl-Ərəbiyyə" telekanalına müsahibəsi Azərbaycanın strateji hədəflərini bir daha ortaya qoydu

...

"Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə regionda baş verən geosiyasi proseslərə aydınlıq gətirməklə yanaşı, Azərbaycanın strateji hədəflərini də bir daha ortaya qoydu".

Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevinc Həsənova deyib.

Deputatın sözlərinə görə, müsahibədə vurğulanan Zəngəzur dəhlizi layihəsi təkcə nəqliyyat dəhlizi deyil, həm də siyasi və iqtisadi münasibətlərin yeni mərhələsidir:
“Bu dəhliz Asiyadan Avropaya uzanan ən qısa yol olacaq. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan nəqliyyat-kommunikasiya mərkəzinə çevrilir. Ən əsası isə Naxçıvan qədim tarixində oynadığı missiyanı yenidən bərpa edəcək. Bir vaxtlar İpək Yolunun əsas dayanacağı olan bu diyar yaxın illərdə beynəlxalq ticarətin, iqtisadi əməkdaşlığın mühüm ünvanına çevriləcək”.

Deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşacaq layihə regiondakı bütün dövlətlərə fayda verəcək:
“Bu həm Ermənistan üçün tranzit imkanlarının açılması deməkdir, həm də bütün qonşu ölkələr üçün geniş əməkdaşlıq platformasıdır. Əslində, Zəngəzur dəhlizi barış və rifah yoludur. Ona görə də beynəlxalq dəstək qazanması tamamilə təbiidir”.

Deputatın fikrincə, Prezidentin “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlamalar Azərbaycanın qlobal siyasətdə artan rolunu bir daha sübut etdi: “Cənubi Qafqazın gələcəyi məhz əməkdaşlıq, qarşılıqlı iqtisadi maraqlar və beynəlxalq hüquqa hörmət əsasında formalaşır. Bu prosesdə Azərbaycanın mövqeyi həm regional, həm də qlobal miqyasda nümunə kimi qəbul olunur”.

Nəşr edilib : 28.08.2025 14:28