NAXÇIVAN :

03 May 2026, Bazar

Zəngəzur dəhlizi Naxçıvanın tarixi missiyasının bərpasına xidmət edəcək

...

Azərbaycan liderinin uğurlu xarici siyasət doktrinası, məharətli diplomatiyası ilə paralel dünyada və regionda baş verən hadisələrə praqmatik yanaşma tərzi, məsələlərə səlis məntiqlə şərh verməsi aparıcı media orqanlarının da diqqətinə, gündəminə hakim kəsilir. Təsadüfi deyildir ki, beynəlxalq əhəmiyyətli görüşlərin, tədbirlərin ardından ölkə başçımızdan geniş müsahibələr alınır, dediyi fikirlər xarici mediada əsas manşetə çevrilir. Bu baxımdan Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi də regiondakı mövcud ictimai-siyasi mənzərəyə aydınlıq gətirdi, siyasi dairələrə düzgün istiqamət göstərən tezisləri ilə yadda qaldı. Müsahibədə avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin nəticələri, Azərbaycanın Şərq ilə Qərb arasındakı, eləcə də Cənubi Qafqazdakı roluna toxunuldu, Türkiyə-İsrail, İsrail-Suriya, Rusiya-Ukrayna münasibətlərinin mövcud vəziyyəti və hadisələrin gedişatı təhlil edildi, dünya nizamının formalaşmasına dair vacib mesajlar səsləndirildi.

Göründüyü kimi, Azərbaycan diplomatiyasının dünyanın bir nömrəli siyasi ofisi – Ağ evdəki tarixi nailiyyəti uzaq coğrafiyanı yaxınlaşdırmaq, ticarət və iqtisadi körpü salmaq baxımından Asiya, Avropa, Körfəz də daxil olmaqla bütün dövlətlər tərəfindən birmənalı şəkildə güclü dəstəyini alır, təqdir edilir. Beləliklə, Cənubi Qafqazın lideri 5 il öncə 44 günlük Vətən müharibəsi ilə ədaləti, beynəlxalq hüququ təmin etdiyi kimi, bu gün də regional və qlobal əməkdaşlıq platformasında daha ədalətli nizamı yaratmaqdadır. Yeni reallıq nəinki Türkiyə, Özbəkistan, Türkmənistan, Çin kimi dost, qardaş ölkələr üçün geniş imkanlar açacaq, hətta otuz il Azərbaycan xalqına düşmən mövqedə dayanan, sözügedən layihənin reallaşmasına hər vəchlə maneə olmağa çalışan respublikaların da beynəlxalq iqtisadi əlaqələr sistemində mövqeyinin güclənməsində böyük rol oynayacaq. Bir sözlə, TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) adlandırılan Zəngəzur dəhlizi dövlətlərarası münasibətlərin həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən tənzimlənməsi işinə əhəmiyyətli töhfələr verəcək. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində layihənin potensialını bir daha yüksək qiymətləndirdi, onun qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacağını vurğuladı: “Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə, onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq”.

Prezident İlham Əliyevin müsahibədə toxunduğu mühüm məsələlərdən biri də Azərbaycanın barışdırıcı mövqeyi ilə bağlıdır. Bu xüsusda diqqətə çəkmək olar ki, respublikamız dəfələrlə Türkiyə-İsrail, Rusiya-Ukrayna, İsrail-Suriya münasibətlərinin tənzimlənməsi, yoluna qoyulması üçün vasitəçilik missiyasını üzərinə götürməyə çalışıb, mühüm təşəbbüslər irəli sürüb. Bütün münaqişə və müharibələrdə ölkələrin ərazi bütövlüyü və suverenliyinə dəstək dövlətimizin əsas prioritetlərindən hesab olunur, bu dövlət başçımız tərəfindən dəfələrlə bəyan edilib. Azərbaycan köməyə ehtiyacı olan ölkələrə humanitar yardımını heç vaxt əsirgəməyib. İstər Ukrayna, istərsə də Suriya olsun. Avqustun 2-də Suriyaya qaz nəqli də məhz bu ölkənin öz ərazi bütövlüyü və suverenliyini təmin etmək, hərtərəfli inkişafına töhfələr vermək baxımından olduqca önəmli faktordur. Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bütün bu və digər məsələləri diqqətə çatdırdı, separatizmdən əziyyət çəkən ölkə kimi Azərbaycanın bu cür qəbuledilməz halların qəti əleyhinə olduğunu vurğuladı: “Əlbəttə ki, Suriyanın birliyi və ərazi bütövlüyü hər hansı münasibətlər üçün bir nömrəli ilkin şərtdir. Söhbət təkcə hüquqi baxımdan bütövlükdən və sərhədlərə nəzarətdən getmir, söhbət fiziki birlikdən gedir. Ölkənin mərkəzləşdirilmiş sistemi, yaxud ən azından siyasi təsisatlarla bağlı fəaliyyət göstərən bir sistemi olmalıdır. Biz separatizmin istənilən təzahürlərinə qarşıyıq – istər Qarabağda, istər Suriyada, istərsə də dünyanın hər hansı bir digər yerində olsun”.

Ümumilikdə, onu deyə bilərik ki, Prezident İlham Əliyevin digər müsahibələri kimi, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi də regiondakı dəyişikliklərə, ayrı-ayrı bölgələrdə hökm sürən mürəkkəb geosiyasi mənzərələrə tam şəkildə işıq saldı, ölkəmizin dünya nizamının formalaşdırılmasındakı mövqeyini ortaya qoydu. Bir daha əminlik yarandı ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər həm Azərbaycana, həm də yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrə böyük iqtisadi fayda, siyasi imic qazandıracaq. Qətiyyətlə demək olar ki, Zəngəzur dəhlizi Pekindən Londonadək uzanan ticarət körpüsünün – Böyük İpək Yolunun tam bərpasına xidmət etməklə vaxtilə karvan yolları üzərində yerləşən Naxçıvanın əvvəlki tarixi missiyasını, şöhrətini özünə qazandıracaq.

Xəzəngül Orucova 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 28.08.2025 14:15