NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Zəlzələlər və onların dağıdıcı təsirlərindən qorunma yolları və işlənmə mexanizmi

...

Sivilizasiyanın inkişaf tarixinə nəzər saldıqda yaşadığımız planetin daim təbii fəlakətlərlə üzləşdiyini və nəticə etibarilə, müxtəlif faciələrə yol açdığını və yer səthində müxtəlif təzahürlər fonunda özünü göstərməsinin şahidi oluruq. Müasir dilimizdə bu kimi hadisələr fövqəladə hallar adlandırılır. Təbii texnogen amillərin yaratdığı qorxunc və dəhşətli hadisələr insanların düşəncələrində dərin izlər salaraq qorxunc hadisələrin yaşam və həyat tərzinə emosional şəkildə nüfuz etmiş olduğunu görürük. Hər bir texnogen hadisənin inkişaf mərhələsi tədricən və ani olaraq baş verir və onun fəsadları milyonlarla insanların həyatına son qoyur, iqtisadiyyata külli miqdarda ziyan dəyir və onun bərpası üçün böyük maliyyə imkanları tələb edir. Təbii fəlakətlər dedikdə bizim düşüncəmizdə dağıdıcı fəsadlarına görə ilk yerdə zəlzələ dayanır ki, bu da özündən sonra qorxunc görüntülərlə minlərlə insanların yaddaşlarında dərin izlər salır. Zəlzələlər nəticəsində dəyən ziyanın miqdarı yer səthində seysmik dalğaların gücündən, titrəyişlərin davametmə müddətindən, tezliyindən, tipindən, həmçinin bina və tikintilərin konstruktiv xüsusiyyətlərindən və qruntun yerləşmə vəziyyətindən asılı olaraq dəyişir. Dünyada baş verən zəlzələlərin statistik məlumatlarına əsaslanaraq onu, demək olar ki, hər il minlərlə zəlzələ baş verir. Zəlzələ nəticəsində onun törədə biləcəyi dağıntı və təlafatın miqyası əsas iki mühüm faktordan asılı olaraq dəyişir. Birinci xarici faktor kimi iri şəhərləri, tikilən hündürmərtəbəli infrastrukturları, xüsusi mühafizə olunan qurğuları və həssas obyektləri gözləyən təhlükə sayılır. İkinci faktor isə ziyanı yaradan amillər də nəzərə alınmaqla təsir obyektinin daxili quruluşu ilə müəyyən edilir və təsirlərə necə müqavimət göstərir, hadisəyə necə reaksiya verdiyini nümayiş etdirir. Qısa zaman kəsiyində zəlzələlərin vaxtını, yerini və gücünü qiymətləndirmək mümkün deyil. Zəlzələlərin proqnozunun düzgün qiymətləndirilməsi üçün seysmoloji metod əsasında müəyyənləşən seysmik rejimin dəyişməzliyi hipotezi durur. Lakin zəlzələlər fiziki-geoloji proseslərdir belə proseslər. Yerdə stasionar (sabit) deyil, qeyri-iradidir. Yaponiya və Orta Şərq üçün 2000 il ərzindəki, Çin üçün isə 3000 il ərzindəki zəlzələlərin statistik məlumatlarına əsaslanaraq onu demək mümkündür ki, seysmik rejim hər bir region üçün son dərəcə dəyişkəndir. Seysmoloji nöqteyi-nəzərdən zəlzələlərin yeri və vaxtı haqqında dəqiq proqnozların verilməsi ümidsiz olaraq qalır. Güman etmək olar ki, proqnozların verilməsi getdikcə təkmilləşəcək, lakin heç zaman qəti olmayacaqdır.

Bəs zəlzələnin törədə biləcəyi dağıntılardan, insanları bu təbiət hadisəsindən mühafizə etmək və necə qorumaq mümkündür?

Bu sualın cavabını insanların özləri tapmalı və məsuliyyət daşımalıdırlar. Bunun üçün, ilk növbədə, həmin təbii hadisələrə hazır olmalı, yaşadıqları ərazinin seysmikliyini bilməli və təbiətin ən qorxunc hadisəsi olan zəlzələyə hazırlıq mərhələlərini nəzərdən keçirməlidirlər. Əgər insanlar yaşadıqları mənzillərin seysmik norma standartlarına cavab verən hüquqi sənədləri ilə tanış olsalar, o zaman heç bir psixoloji sarsıntı keçirməzlər və rahat mənzillərində yaşaya bilərlər. İlk növbədə, zəlzələ kimi fövqəladə hallarda insanlara təsir edən əsas amillər qorxu və təşvişdir. Bu psixoloji gərginlik insanlar arasında müxtəlif emosional reaksiyalara, düşüncə pozğunluqlarına və ani həyəcan dalğalanmalarına səbəb olur. Belə vəziyyətlərdə şüuraltında dərin izlər buraxan bu emosiyalar çox zaman düşünülməmiş, tələsik qərarların verilməsinə yol açır ki, bunun da nəticəsi ağır fəsadlar və bəzən faciələrlə müşayiət oluna bilir.

2023-cü il fevralın 6-da baş verən zəlzələ, zamanın donduğu 80 saniyə kimi dünya tarixində iz buraxdı. Yalnız 80 saniyəlik zaman aralığında baş verən bu hadisə, yüz ilin ən dəhşətli təbii fəlakəti kimi tarixə düşdü. 2004-cü il Sumatra zəlzələsindən sonra XXI əsrdə ən çox insan itkisinə səbəb olan bu hadisə dünyanın diqqətini bir daha seysmik təhlükəyə yönəltdi. Sarsıdıcı təkanlar fay xəttinin üstündə tikilmiş ümidləri bir an içində yerlə bir etdi. Təqribən 500 kilometr uzunluğundakı aktiv fay xətti boyunca yerləşən şəhərlər 80 saniyə ərzində tamamilə dağıldı. Tikilən bina və iaşə obyektlərinin iri fay xəttinin üzərində inşa olunması, həmçinin torpaq örtüyünün xüsusiyyətlərinin nəzərə alınmaması faciənin miqyasını daha da artırdı. Nəticədə, acının ağırlığını bu gün Türk dünyasının hər bir vətəndaşı hiss edir. Bu dağıntının əsas səbəblərindən biri gecə gələn fəlakət oldu. İlk zəlzələ təkandan 180 kilometr uzunluğunda fayın qırılması, iri şəhər mərkəzlərinin məhz bu xətt boyunca yerləşməsi, 110 min kvadrat kilometrə yaxın sahənin tamamilə təsirə məruz qalmasına səbəb oldu. Ən acı məqam isə zəlzələnin gecə saatlarında – insanların evlərində olduğu bir vaxtda baş verməsi idi. Araşdırmalar göstərir ki, günlərlə deyil, saniyələrlə baş verən ölüm, xüsusən gecə vaxtı daha çox insan itkisi ilə nəticələnir. Elmi təhlillərə əsaslansaq, əhalisi sıx tikinti standartlarına tam əməl olunmayan şəhərlərdə gecə saatlarında baş verən zəlzələlərdə insan itkisi gündüz vaxtı baş verən analoji hadisələrdən 2,5 dəfə çox olur. Bu dəfə də fərqli olmadı: Qardaş ölkənin yarası, yəni bir çox şəhərləri, ilk güclü təkanın gecə, ikinci güclü təkanın isə gündüz saatlarında baş verməsi səbəbilə daha da ağır zərər gördü. İnsanlar birinci təkandan sonra zədələnmiş binalara daxil olduqları üçün ikinci təkan zamanı daha çox tələf oldular. Zəlzələnin dağıdıcı təsirini fəlakətin səssiz şahidləri – beton və metal açıq şəkildə nümayiş etdirir. Qəhrəmanmaraşda 1000-ə yaxın yaşayış binasının tamamilə dağılması, 34 minə yaxın ciddi zədələnmiş infrastruktur obyektinin qeydə alınması bunun bariz sübutudur. Xüsusilə çökmüş binaların içərisində üst-üstə yığılmış beton plitələrin mənzərəsi, əsas seysmik yükü daşıyan sütunların keyfiyyətsiz materialdan hazırlanması və arakəsmələrin düzgün bağlanmaması kimi ciddi tikinti qüsurlarını ortaya çıxardı. Belə faciələrin gələcəkdə təkrarlanmaması üçün səhvlər təkrarlanmamalıdır: tikintidə geoloji məsuliyyət prinsipi əsas götürülməlidir. Ərazinin seysmik şəraiti geoloji və geofiziki tədqiqatlar əsasında qiymətləndirilmədən heç bir tikinti işinə başlanmamalıdır. Hər bir tikinti layihəsi mütəxəssis rəyi ilə təsdiqlənməli, geoloji risklər nəzərə alınmalıdır. Unutmayaq ki, mütəxəssis rəyi həyat qurtarır. Güclü zəlzələlərdən sonra zədələnmiş binalara mütəxəssislərin icazəsi olmadan girmək qəti şəkildə qadağan edilməlidir. Çünki əsas təkanlardan sonra çoxsaylı kiçik və ortaölçülü afterşoklar qeydə alınır və bu da artıq zəifləmiş binaların tamamilə uçmasına səbəb ola bilər. Nəticə etibarilə, sarsıdıcı dərs bizə bir daha sübut etdi ki, təbiətə qarşı yalnız düşünülmüş tədbirlərlə, elmi əsaslı tikinti işləri ilə müqavimət göstərmək mümkündür. Təhlükəni azaltmaq üçün gələcəkdə tikinti normalarına ciddi əməl edilməli, şəhərsalma planlarında geoloji amillər əsas yer tutmalıdır.

Əlli ildən artıqdır ki, ölkəmizin müxtəlif bölgələrində inşa olunmuş çoxmərtəbəli yaşayış binaları bu gün də aktiv istifadə edilməkdədir. Həmin tikililərin əksəriyyəti keçmiş SSRİ dövründə – 1960-cı illərdən sonra salınmış və o dövrün texniki normalarına uyğun şəkildə layihələndirilmişdir. O zaman mövcud olan seysmik rayonlaşdırma xəritələrinə əsasən ərazilərin bir çoxu maksimum 7 ballıq zəlzələlər üçün hesablanmışdı. Bu isə həmin binaların yalnız orta səviyyəli seysmik hadisələrə qarşı dayanıqlı olmasını təmin edirdi. Lakin zaman keçdikcə regionun seysmik aktivliyi ilə bağlı yeni məlumatlar ortaya çıxdı və bəzi ərazilər daha yüksək seysmik risk zonalarına aid edilməyə başlanıldı. 1978-ci ildən etibarən bəzi bölgələrdə zəlzələ riski 8 ballıq, 1988-ci ildə isə baş verən güclü zəlzələ fonunda artıq 9 ballıq zona kimi dəyərləndirildi. Bu dəyişikliklər istər layihələndirmə, istərsə də tikinti prosesində daha sərt normaların tətbiqini zəruri edirdi. Tarix isə acı təcrübələrlə sübut edir ki, seysmik təhlükənin düzgün qiymətləndirilməməsi insan tələfatı ilə nəticələnən faciələrə səbəb ola bilər. Keçmişdə baş vermiş bəzi zəlzələlər zamanı dağılan tikililər, əslində, gələcəyə yönəlmiş xəbərdarlıqdır – həm tikinti sektoruna, həm də cəmiyyətə. Son illərdə isə vəziyyət dəyişməkdədir. Şəhərsalma və infrastruktur sahəsində aparılan genişmiqyaslı yenidənqurma və möhkəmləndirmə işləri nəticəsində bir çox yaşayış və ictimai binaların seysmik dayanıqlığı xeyli artırılmışdır. Bununla belə mövcud riskləri azaltmaq üçün görüləcək işlər hələ də çoxdur. İlk növbədə, çoxmərtəbəli yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının və ictimai obyektlərin seysmik baxımdan təkrar qiymətləndirilməsi vacibdir. Binaların daşıyıcı konstruksiyalarına edilən istənilən müdaxilə – arakəsmələrin sökülməsi, sütunların zəiflədilməsi və ya binanın ilk mərtəbəsində dizayn məqsədilə konstruksiyaların dəyişdirilməsi – zəlzələ zamanı ciddi təhlükə yaradır. Təcrübə göstərir ki, bu cür dəyişikliklər bəzi ölkələrdə baş vermiş zəlzələlərdə bina çökmələrinin əsas səbəblərindən biri olmuşdur. Eyni zamanda sadə görünən, lakin fövqəladə hallar zamanı ölümcül nəticələrə səbəb ola biləcək məişət vərdişlərinə də diqqət yetirilməlidir. Binaların eyvanlarında və pəncərə kənarlarında saxlanılan şüşə qablar, gül dibçəkləri, qaz xəttinə yaxın əşyalar – bütün bunlar zəlzələ zamanı ikinci dərəcəli, lakin ağır nəticələrə səbəb ola biləcək təhlükə mənbəyidir. İnfrastruktur planlamasında bu cür risklər nəzərə alınmalı, mühəndis layihələrində onların qarşısının alınması təmin edilməlidir. Bütün bu tədbirlərin effektivliyi isə birbaşa olaraq fərdi və ictimai məsuliyyət hissindən asılıdır. Dövlət və yerli idarəetmə orqanları ilə yanaşı, hər bir sakin də seysmik təhlükə mövzusunda maarifləndirilməli, fərdi dəyişikliklərin yaratdığı risklər barədə məlumatlandırılmalıdır. Tikinti normalarına riayət, nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaşların bu prosesdə fəal iştirakı olmadan tam təhlükəsiz yaşayış mühiti yaratmaq mümkün deyil. Unutmamalıyıq ki, yerin altındakı enerji insana xəbər vermədən azad olur. Lakin onun fəsadlarını nə qədər azaldacağımız öz əlimizdədir. Təhlükəsiz gələcək – yalnız möhkəm divarlar deyil, eyni zamanda güclü şüur, düzgün planlama və ortaq məsuliyyət deməkdir.

İlkin VƏLİBƏYOV

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

   Təbii Ehtiyatlar İnstitutu Seysmoloji xidmət

                                 şöbəsinin müdiri 

Nəşr edilib : 19.06.2025 15:18