Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
09:04 09.08.2026
0
0
0
NAXÇIVAN :
09 Avqust 2026, Bazar
Yayın isti günlərində yaşıl rəngə bürünən qarğıdalı sahələri kəndin mənzərəsinə xüsusi gözəllik bəxş edir. Torpağa səpilən kiçik toxum aylar ərzində zəhmət, düzgün qulluq və təbiətin bəxş etdiyi imkanlarla bol məhsula çevrilir. Bu gün qədim Naxçıvanın Şərur və Babək rayonlarında da təsərrüfatçılar qarğıdalı əkininə maraq göstərərək həm ərzaq təminatına, həm də kənd təsərrüfatının inkişafına öz töhfələrini verirlər.
Kənd təsərrüfatı istehsalının inkişafı, əkin sahələrindən səmərəli istifadə və məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər təsərrüfatın müxtəlif sahələrini əhatə edir. Qarğıdalı istehsalının genişləndirilməsi də aqrar sahədə qarşıya qoyulan əsas məqsədlərdən biri olmaqla fermerlərin fəaliyyətinin dəstəklənməsinə və yerli istehsalın artırılmasına xidmət edir. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahədə istehsal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və emal potensialının gücləndirilməsi baxımından mühüm istiqamətləri müəyyənləşdirir. Hazırda muxtar respublikada qarğıdalı əkin sahələri də bu hədəflərin yerlərdə uğurla həyata keçirilməsinin bariz nümunələrindən biridir.
Qarğıdalı sahələrində zəhmətin bəhrəsini yaxından görmək üçün yolumuzu Şərur rayonuna saldıq. Yay küləyinin yırğaladığı yaşıl əkinlər arasında bizi Xanlıqlar kənd sakini, uzun illərdir, əkinçiliklə məşğul olan Emin Salmanov qarşılayır. O, söhbətə təsərrüfatı haqqında məlumat verməklə başlayır. Bildirir ki, artıq 10 ilə yaxındır, qarğıdalı əkini ilə məşğuldur. Bu müddət ərzində qazandığı təcrübə ona hər il əkinlərini daha səmərəli təşkil etməyə imkan verib.
Təsərrüfatçının sözlərinə görə, bu il 8 hektar sahədə qarğıdalı əkilib. Əkin sahələrinin hər il bir qədər də genişləndirildiyini deyən Emin Salmanov hazırda qarğıdalını, əsasən, dən məqsədilə becərdiklərini bildirir. Düzgün aqrotexniki qulluq, vaxtında aparılan becərmə işləri və suvarma məhsuldarlığın yüksəlməsində mühüm rol oynayır.
Emin Salmanovun sözlərinə görə, təsərrüfatlarında hər hektardan orta hesabla 13-14 ton məhsul əldə olunur. Bu il hava şəraitinin əlverişli keçməsi də məhsuldarlığa müsbət təsir göstərib. Yağıntıların kifayət qədər olması və suvarma suyunun vaxtında təmin edilməsi qarğıdalının normal inkişafına şərait yaradıb. Bütün bunlar məhsulun keyfiyyətində və məhsuldarlıq göstəricilərində özünü aydın şəkildə göstərir.
Təsərrüfatçı sonda vurğulayır ki, əkinçilik zəhmət tələb edən sahədir və mövsüm ərzində müəyyən çətinliklərlə də qarşılaşırlar. Buna baxmayaraq, görülən işin nəticəsi onları daha həvəslə çalışmağa sövq edir. Onun əsas məqsədi məhsuldarlığı daha da artırmaq, mövcud təsərrüfatı genişləndirmək və gələcək illərdə qarğıdalı əkin sahələrinin həcmini artıraraq istehsalı daha da inkişaf etdirməkdir.
Şərurun yaşıl sahələrindən ayrılaraq yolumuzu Babək rayonunun Cəhri qəsəbəsinə salırıq. Əkinçiliyin inkişafı istiqamətində görülən işlərlə bu dəfə də burada tanış oluruq.
Qəsəbə sakini Şirxan Rüstəmov bu il ilk dəfə qarğıdalı əkini aparıb. Təxminən, bir hektara yaxın sahədə əkin işi aparan fermer bildirir ki, yüksək məhsuldarlıq əldə etmək üçün aqrotexniki qaydalara ciddi əməl etmək əsas şərtdir.
Qarğıdalı heyvandarlıqda istifadə olunan əsas yem məhsuludur. Yetişdirilən qarğıdalının əsas hissəsi yemlik məqsədilə istifadə olunacaq. Məhsulun bir hissəsinin isə yerli bazara çıxarılması planlaşdırılır. Bu həm təsərrüfatın gəlirlərinin artmasına, həm də bazarın yerli məhsulla təmin olunmasına töhfə verəcək.
İlk əkin təcrübəsindən razı qalan fermer gələcəkdə qarğıdalı sahələrini daha da genişləndirməyi düşünür. O hesab edir ki, torpaqdan səmərəli istifadə, düzgün qulluq və zəhmət sayəsində daha yüksək məhsuldarlığa nail olmaq mümkündür.
Beləliklə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafına dəstək verməklə yanaşı, eyni zamanda sənaye istehsalının da artırılmasına öz töhfəsini verəcək. Qarğıdalı istehsalı həm mal-qaranın və quşçuluğun yem bazası, həm də yağ emalı istiqamətində yeni addımlara şərait yaradır. Bu isə dayanıqlı inkişaf və keyfiyyətli yerli məhsul bolluğu yaratmağa təminatdır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər