Vətənin daşını, ruhunu və azadlığını inşa edən şəh...
20:10 09.11.2026
0
0
0
NAXÇIVAN :
09 Noyabr 2026, Bazar ertəsi
Şuşadayam. 2020-ci il, noyabrın 8-i. Dağın zirvəsində dayanmışam. Əllərim hələ də silahın soyuqluğunu sıxır, amma barmaqlarım artıq titrəmir. Ətrafda dağlar, aşağıda dərələr görünür. Şuşa sakit və yorğundur, sanki illərlə tutduğu nəfəsini, nəhayət, buraxıb. Başımın üstündə isə üçrəngli bayrağımız küləklə dalğalanır. Ona baxıram və hər şey gözümün önündən keçməyə başlayır. Deyirlər, insanın həyatı ölüm anında gözünün önündən gəlib keçər. Məndə isə zəfər anında geridə qoyduğum bütün yol bir yuxu kimi gözlərim önündə canlanır…
Əvvəlcə kəndimizin yolu gəlir gözümün önünə. Toza batmış, qoyun-quzuların izi qalmış bu yolla anam hər səhər bulağa gedərdi. Sonra bizim həyət: divarın dibində qurumuş tənək, taxta qapının cırıltısı, uşaqlığımda yıxılıb dizimi yaraladığım daş pilləkən. Babam isə hər axşam eyvanda oturub dağlara baxardı. Onun otağından həmişə nanə və tüstü qoxusu gələrdi. Yadımdadır, bir dəfə mənə demişdi: “Torpaq gözdən uzaq düşəndə, insanın ürəyinə köçüb orada döyünməyə başlayır”. O vaxt bu sözlərin mənasını anlamırdım. İndi isə anlayıram.
Sonra 2020-ci il sentyabr ayının son günləri gəlir gözümün önünə. Hər şey bir səhər başladı. Anam təndirdən təzə çıxartdığı isti çörəkləri ocağın yanına düzürdü. Elə bu an telefon zəng çaldı. Zəngdə uzun söhbət olmadı, bircə cümlə eşidildi: “Çağırırlar.” Anam əlindəki isti çörəyi yerə qoymadı, eləcə donub qaldı. Sadəcə mənə baxdı. Mən o baxışı ömrüm boyu unutmayacağam. Orada nə qorxu vardı, nə də bir kəlmə yalvarış. O baxışda ananın övladına duyduğu sonsuz sevgi, sükuta bürünmüş gizli dualar və səssiz intizar vardı.
Yola düşəndə mənə kiçik bir bağlama verdi. İçində çörək, bir az pendir, bir də əlləri ilə tikdiyi dəsmal vardı. Heç nə demədi. Yalnız qapıdan çıxanda arxamca su atdı. Kəndin ağsaqqalları yolun kənarında dayanmışdılar. Heç kəs ucadan danışmırdı. Yalnız bir qoca əlini çiynimə qoyub dedi: “Get oğul, torpaq səni gözləyir”. Avtomobil tərpənəndə güzgüdən anamı gördüm. Astanada tənha qalmışdı, illərdir, məni qoruyan o böyük dağ avtomobil irəlilədikcə kiçildi, kiçildi və nəhayət, gözdən itdi…
Cəbhənin ilk günü gəlir ağlıma. 27 sentyabr idi. Biz Cəbrayıl istiqamətində səngərə girdik. Qulaqlarım atəş səslərindən tutulmuşdu, havada barıt və yanmış torpaq qoxusu vardı. Səngər dar idi, yağış isə dayanmırdı. Palçıq çəkmələrimin içinə dolmuşdu, hər addımda elə bil torpaq məni özünə çəkirdi. Gecələr soyuq sümüklərimizə işləyirdi. Dişlərimiz bir-birinə dəyir, əllərimiz hissini itirirdi. Yuxu yox idi, yalnız yarıyuxulu anlar yaşayırdıq. Gözlərini bir anlığa yumursan, dərhal yenidən açırsan, çünki ətrafda hər şey bir saniyənin içində dəyişə bilərdi.
Çətin olan yalnız soyuq və aclıq deyildi. Ən çətini gözləmək idi. İrəli getməyi, əmri, sabahı, evdən gələcək xəbəri gözləyirdik. Telefon bəzən günlərlə işləmirdi. Mən anamın səsini xatırlamağa çalışırdım və qorxurdum ki, bir gün onu xatırlaya bilməyəcəyəm. Gecələr gözümü yumub kəndimizi təsəvvür edirdim: bulağı, tənəyi, eyvanı... Bəzən bu təsəvvür o qədər canlı olurdu ki, yağışın səsi qulağımda evdəki ocağın, çaydanın qaynama səsinə çevrilirdi.
Yanımda bir dostum da vardı. Bir-birimizi elə orada tanımışdıq, amma sanki on illərdir, bir-birimizi tanıyırdıq. Müharibədə dostluq belə yaranır, sən bir tikə çörəyi yarıya bölürsən və bu bütün yaxınlığın başlanğıcı olur. Gecələr səngərdə yan-yana oturub öz kəndlərimizdən danışırdıq. O, ata bağındakı tut ağacından, yay axşamlarının sakitliyindən, gələcəkdə tikəcəyi evdən söz açırdı. Mən isə çox vaxt heç nə demədən, sadəcə, qulaq asırdım. Onun səsi mənə evimizi xatırladırdı.
Bir gün Füzuli istiqamətində irəliləyirdik. Atəş səsləri bir-birinə qarışmışdı. Dostumu tapanda artıq gec idi. Yanına qaçdım, başını dizimin üstünə qoyub, üzünə baxdım. Sakit idi, sanki yatmışdı. Bircə cümlə dedi, güclə eşidilən səslə: “Bayrağı mənim əvəzimə də qaldır”. Sonra gözləri yavaşca yumuldu. Mən o gün ağlamadım, çünki ağlamağa vaxt yox idi. Dişlərimi sıxdım, silahı götürdüm və irəli getdim. Amma həmin an içimdə elə bir şey qırıldı ki, bir daha heç vaxt əvvəlki kimi ola bilmədim.
Sonrakı günlər dumanın içində keçdi. Cəbrayıl, Füzuli, Hadrut… Hər addımda torpaq bizə müqavimət göstərirdi, amma biz getdikcə irəliləyirdik. Qorxu var idi, əlbəttə ki, var idi. Qorxmadığını deyən ya yalan danışır, ya da heç vaxt orada olmayıb. Amma qorxudan da uca bir duyğu var idi. Arxamızda bizi gözləyən böyük bir dünya dayanmışdı – anam, babam, doğma kəndimiz, kəndin ağsaqqalları və dostlarımın gözü yolda qalan ailələri... Düşünürdüm ki, bir addım belə geri çəkilsəm, onlar yenidən illərin ağrısına, bitməyən həsrətinə bürünəcəklər. Məhz bu fikir qorxumu boğur, mənə tükənməz güc verirdi.
Günlər keçdikcə Şuşaya yaxınlaşırdıq. Noyabrın əvvəlləri idi. Qarşımızda sıldırım qayalar, çətin keçidlər və bizi gözləyən ağır döyüşlər vardı. Hər addımda dostumun son sözləri qulağımda səslənirdi.
Bir gecə yuxuda babamı gördüm. Yenə eyvanda oturmuşdu, dağlara baxırdı. Mənə sarı dönüb gülümsəyib dedi: “Bu dəfə geri dönmək yoxdur, oğul. Get və haqqın olan o zirvəyə çat”.
Noyabrın 8-i. Nəhayət, o zirvədəyəm. Şuşanın üstündəyəm. Başımın üstündə üçrəngli bayrağımız küləklə döyüşür, bükülüb-açılaraq dalğalanır. Dizlərim öz-özünə qatlanır, necə yerə çökdüyümü belə hiss etmirəm. Əllərimi sərt, lakin isti torpağa basıram, elə bil illərdir, yorğun düşmüş, torpaq, nəhayət, rahat nəfəs alır. Gözlərimdən axan yaş içimdəki bütün donmuş illəri əridir. Bu gözyaşları həm də çiyinlərimdəki ağır yükdən, dostumun əmanətini yerinə yetirməyin məsuliyyətindən qurtulmağın rahatlığıdır. Qulağımda onun səsi cingildəyir: “Bayrağı mənim əvəzimə də qaldır”. Başımı qaldırıb dalğalanan bayrağa baxıram, dodaqlarım titrəyə-titrəyə pıçıldayıram: “Qaldırdım, qardaşım. Çatdıq”.
Nəhayət, evə qayıdıram. Yol yenə o köhnə yoldur. Toz-torpaqlı yol, mal-qaranın izləri, uzaqdan boylanan əzəmətli dağlar... Anam həmişəki kimi qapının ağzında dayanıb. Nə o danışır, nə mən. Səssizcə, bir-birimizin gözlərinin içinə baxırıq. Çünki bəzən ən ağır, ən böyük həqiqətlər elə susqunluqda gizlənir. O, əlini ehtiyatla üzümə toxundurur, barmaqları ilə sanki yuxuda olmadığını, həqiqətən, qayıtdığımı yoxlayır. Sonra içəridən təndirdən təzə çıxmış, o tanış qoxulu isti çörəyi gətirir. Çörəyi əlimə alan kimi başa düşürəm ki, o uzun yolda mənə güc verən təkcə silahım, iradəm və qələbəyə inamım deyilmiş. Həm də bir isti çörək, anamın qırışlı əlləri və evdə məni gözləyən bir ürək imiş.
Bu gün – noyabrın 8-i Zəfər Günüdür. Meydanlarda bayraqlar dalğalanır, şeirlər oxunur, qələbə sevinci yaşanır. Bunların hamısı gözəldir və haqqımızdır. Amma bu möhtəşəm günün arxasında yağış altında yazılan qəhrəmanlıq dastanı, döyüş yoldaşı ilə bölünən çörək, qürurla irəli atılan addımlar, evdə gözü yolda, duası dilində qalan mərd analar dayanır. Zəfər minlərlə igidin misilsiz şücaətinin, iradəsinin, sarsılmaz qardaşlığının və Vətənə verdiyi sözə sədaqətinin şanlı yekunudur. Hər yeni səhərimizin kimlərinsə canı bahasına qazandığımız “bu gün”ün hesabına olduğunu unutmamalıyıq. Bunu bilmək hər birimizin qarşısında bir mənəvi borc qoyur: Zəfərə layiq olmaq! Torpağı sevməklə yanaşı, onun uğrunda ödənilən bədəli də unutmamaq. Çünki bayraq yalnız zirvədə qaldırılmır. O hər kəsin qəlbində, hər evdə, hər ananın duasında dalğalanır.
Dağın zirvəsində dayanıb aşağıya, azad torpaqlarımıza baxanda bir həqiqəti daha dərindən anlamışdım. Biz heç vaxt tək deyildik. Hər addımda bizimlə çiyin-çiyinə addımlayanlar vardı – yanımızda olanlar və ruhu ilə bizi qoruyanlar, gözə görünənlər və görünməz olanlar...
Bəlkə də, elə buna görə o zirvəyə təkcə öz adımızdan deyil, arxada qoyduğumuz bütün doğmalarımızın, şəhidlərimizin və Vətən həsrəti ilə yaşayanların adından yüksəlmişdik.
Elnurə CƏFƏROVA
Digər xəbərlər