NAXÇIVAN :

09 Noyabr 2026, Bazar ertəsi

Bütöv Azərbaycanda dalğalanan Zəfər rəmzi – üçrəngli Dövlət Bayrağı

...

Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzusunun, milli dövlətçilik iradəsinin və müstəqillik uğrunda mübarizəsinin rəmzidir. Onun tarixi taleyi Azərbaycanın mürəkkəb siyasi proseslərdən keçərək müstəqil dövlət kimi formalaşmasının mühüm səhifələrini özündə əks etdirir. Bu bayraq zaman-zaman xalqımızın milli kimliyini, birliyini və sarsılmaz iradəsini təcəssüm etdirərək bu gün suverenliyimizin və tarixi Zəfərimizin ən böyük simvollarından birinə çevrilib.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Qərarı ilə qəbul edilən üçrəngli bayraq xalqımızın milli istiqlal ideallarının rəmzinə çevrildi. Türkçülük, islamçılıq və müasirlik prinsiplərini özündə birləşdirən bu bayrağın ideoloji əsasları görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü düşüncələrə söykənirdi. Lakin 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu ilə üçrəngli bayrağımız da endirildi. Bununla belə xalqın yaddaşında yaşayan müstəqillik ideyası və dövlətçilik arzusu heç vaxt sönmədi. 
Naxçıvanda qəbul edilən qərar milli dövlətçilik 
tariximizin dönüş nöqtəsi oldu
Üçrəngli bayrağımızın yenidən ucaldılması Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisədir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli Dövlət Bayrağımızın yenidən qaldırılması haqqında Qərar qəbul edildi. Həmin vaxt Azərbaycan hələ sovet hakimiyyətinin tərkibində olsa da, Naxçıvanda atılan bu addım milli müstəqillik düşüncəsinin əməli ifadəsinə çevrildi. Bu qərar, sadəcə, dövlət rəmzinin dəyişdirilməsi deyildi. Bu, Azərbaycanın gələcək müstəqilliyinə, milli dövlətçilik ənənələrinə və tarixi varisliyinə verilən siyasi qiymət idi. 
Ulu Öndər Heydər Əliyev bununla xalqın yaddaşında yaşayan istiqlal ideyasını yenidən dövlət səviyyəsinə yüksəltdi. Məhz Naxçıvanda başlanan bu tarixi proses 1991-ci il fevralın 5-də üçrəngli Bayrağımızın Azərbaycan Ali Soveti tərəfindən Dövlət Bayrağı kimi qəbul edilməsi ilə davam etdirildi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə hüquqi-siyasi varisliyin təsdiqi oldu. Beləliklə, üçrəngli bayrağımız yenidən müstəqil Azərbaycanın başlıca dövlət rəmzinə çevrildi. 
Bayrağın mənəvi dəyərindən ərazi bütövlüyünün rəmzinə
Ulu Öndər Heydər Əliyev Dövlət Bayrağımızın mahiyyətini yüksək qiymətləndirərək onun dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olduğunu bildirirdi. Dahi şəxsiyyətin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin” fikri bu müqəddəs rəmzin xalqımız üçün daşıdığı mənəvi yükü aydın ifadə edir. 
Bu siyasi və mənəvi xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələyə qədəm qoyub. Dövlət başçısının dövlət rəmzlərinə münasibəti, bayrağımızın beynəlxalq tədbirlərdə, diplomatik nümayəndəliklərdə və ölkəmizin bütün guşələrində ucaldılmasına verdiyi önəm milli qürur hissinin daha da güclənməsinə xidmət edib. Prezidentin “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir” sözləri də bu münasibətin mahiyyətini ifadə edir.
Azərbaycan bayrağının tarixində ən əlamətdar məqamlardan biri Vətən müharibəsi ilə bağlıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Uzun illər düşmən işğalı altında qalan şəhər və kəndlərimizdə üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı. 2020-ci il noyabrın 8-də Şuşada Dövlət Bayrağımızın ucaldılması xəbəri xalqımızın yaddaşında xüsusi yer tutdu. Bu hadisə təkcə hərbi Qələbənin deyil, milli iradənin, tarixi ədalətin və mənəvi qayıdışın təntənəsi idi. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı həm torpaqlarına, həm də tarixi-mədəni irsinə qovuşdu. Bayrağımızın Şuşada dalğalanması isə 30 illik həsrətin sona çatmasının ən təsirli rəmzlərindən birinə çevrildi.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Bu prosesin ardınca oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltması dövlətçilik tariximizin unudulmaz anları sırasına daxil oldu. Beləliklə, vaxtilə Naxçıvanda ucaldılan üçrəngli bayrağımız uzun və çətin tarixi yol keçərək Azərbaycanın bütün ərazisində suverenliyin rəmzinə çevrildi. Bu, yalnız hərbi-siyasi uğurun deyil, həm də milli dövlətçilik ideyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsi idi. 
Dövlət Bayrağı Günü artıq Azərbaycan xalqı üçün yalnız tarixi bir hadisənin qeyd olunduğu gün deyil. Bu gün həm də müstəqilliyimizin, milli birliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsidir. 2020-ci ilin Zəfəri və 2023-cü ildə suverenliyimizin tam bərpası bu bayramın məzmununa yeni tarixi çalarlar əlavə edib. 
Bu gün üçrəngli bayrağımız dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binalarında, beynəlxalq tədbirlərdə, idman arenalarında və ölkəmizin ən yüksək zirvələrində qürurla dalğalanır. Onun hər dalğalanması xalqımızın müstəqillik əzmini, dövlətinə bağlılığını və gələcəyə inamını nümayiş etdirir. Bayrağın ucalığı yalnız onun dalğalandığı dirəyin hündürlüyü ilə ölçülmür. Əsl ucalıq həmin bayrağın təmsil etdiyi dövlətin gücündə, xalqın birliyində, milli iradəsində və müstəqilliyini qorumaq əzmindədir. Azərbaycan bayrağının keçdiyi tarixi yol da məhz bu həqiqəti təsdiqləyir. Bu bayrağın hər rəngində tariximiz, hər dalğasında müstəqilliyimiz, hər ucaldığı zirvədə isə xalqımızın qüruru yaşayır. Dövlət Bayrağı Gününü bu il də böyük fəxarətlə qeyd edən Azərbaycan xalqı üçün üçrəngli bayraq dünənin mübarizəsinin, bu günün Zəfərinin və sabahın ümidlərinin dəyişməz rəmzidir. 

Sevinc HƏSƏNOVA 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 09.11.2026 15:10