NAXÇIVAN :

09 Noyabr 2026, Bazar ertəsi

Vətənin daşını, ruhunu və azadlığını inşa edən şəhid memarlar

...

Hər daşın yaddaşında bir zaman yatır. Hər ucaldılan divar susaraq bir tarix danışır, hər abidə isə onu yaradan insanın düşüncəsini gələcəyə ötürür. Memar bu səssiz dili oxuya bilən sənətkardır. O yalnız məkan qurmur, insanın yaşayacağı mühiti, şəhərin simasını, gələcəyin görünüşünü də təsəvvür edir. Hər daşın, hər divarın, hər memarlıq abidəsinin bir ruhu var. Bu ruhu hiss edən, daşlara can verən insan memardır. O yalnız binanı deyil, zamanı da ucaldır.
Memarlıq ilk baxışda daşın, kərpicin və xətlərin sənəti kimi görünə bilər. Lakin onun görünməyən tərəfi daha böyükdür. Memarlıq xalqın yaddaşını məkanın yaddaşına çevirir. Bir şəhərin küçəsində, bir kəndin evində, bir məscidin günbəzində, bir məktəbin pəncərəsində həmin xalqın dünyaya baxışı yaşayır. Bu baxımdan, memarlıq həm də xalqın ruhunu daşıyan, zamanın səsinə çevrilən əbədi yaddaşdır.
Azərbaycan memarlıq məktəbi əsrlər boyu bu torpağın ruhunu, tarixini və kimliyini yaşadan dəyərli sənətkarlar yetişdirib. Lakin bu məktəb elə gənclər də yetişdirib ki, onlar çəkdikləri planları həyata keçirməyə, arzuladıqları binaları ucaltmağa macal tapmadan Vətən adlı ən uca abidənin memarlarına çevriliblər. Ramil Ağayev, Eltac Əlizadə kimi şəhid memarların həyat yolu yarımçıq qalmış layihəyə bənzəsə də, taleləri bütöv bir dastana çevrilib. Onlar yaşadıqları müddətcə müxtəlif layihələrə imza atıblar. Lakin tarix bəzən insanın qarşısına tamam başqa bir layihə qoyur. Onların qarşısına qoyulan layihənin adı isə Vətən oldu.
Bu qəhrəman igidlər həyatlarının ən gözəl çağında qələmi silahla, layihə cızdıqları masanı cəbhə xətti ilə əvəz etdilər. Universitet partasında eskiz çəkən, xəyalında doğma torpağın gələcəyini inşa edən bu gənclər döyüş meydanında əllərində xətkeş və karandaş deyil, silah tutdular. Eskiz kağızı üzərində qurulan xəyalların yerini Vətən torpağının müdafiəsi tutdu.
Onlar üçün bu, peşədən imtina deyildi. Əksinə, memarlığın ən ali mənasının başqa bir müstəvidə davamı idi. Çünki Vətənin daşı yurdun ruhu qədər müqəddəsdir. Torpaq azad deyilsə, onun üzərində ucalan heç bir bina da, həqiqi mənada, tamamlanmış sayıla bilməz. Buna görə də onlar memarlıq sənətini səngərdə qəhrəmanlığa çevirdilər. Qələmlə qurmaq istədikləri gələcəyi silahla qorudular.
Bu gənclər layihələrində milliliyi, qədim abidələrin ruhunu yaşatmaq istəyirdilər. Azərbaycanın hər daşının, qayasının altında gizlənmiş tarixə heyran idilər. Vətən sevgisi onların yaradıcılıq istedadı ilə iç-içə idi. Bəlkə də, taleləri elə buna görə belə gətirdi ki, daşı tanıyan və qoruyan insanlar torpağı da qorumağa qalxdılar.
Şəhid memarların çəkə bilmədiyi layihələr, tamamlaya bilmədiyi eskizlər, həyata keçirə bilmədiyi ideyalar vardı. Amma yarımçıq qalan layihələrin fövqündə tamamlanan bir amal dayanırdı. Onlar öz həyatlarını Vətənin bütövlüyünə həsr etdilər.
Beləcə, memarlıq təhsili almış bu gənclərin taleyində “qurmaq” anlayışı tamam başqa məna qazandı. Onlar artıq yalnız bina deyil, azad gələcək üçün dayaq qururdular. Bəlkə də, memarlığın ən böyük paradokslarından biri budur: memar gələcəkdə yaşayacaq insan üçün bu gün məkan yaradır. Şəhid memarlar isə gələcək nəsillərin azad yaşaması üçün öz həyatlarından keçdilər.
Şəhid memarların hər birinin xəyalında başqa bir şəhər, başqa bir küçə, başqa bir bina ola bilərdi. Kimisi qədim abidələrin sirrini öyrənmək, kimisi müasir şəhərin simasını dəyişmək, kimisi yeni yaşayış məkanları yaratmaq istəyirdi. Lakin onların bütün arzularının fövqündə dəyişməyən bir məkan vardı – azad Azərbaycan.
Bu gün onların ruhu yenidən qurulan Qarabağda, dirçələn şəhərlərdə yaşayır. Hər yeni təməl qoyulanda sanki yarımçıq qalmış bir arzunun üstünə yeni bir cümlə yazılır. Hər yeni bina yüksəldikcə vaxtilə bu torpaqların gələcəyini xəyal edən gənclərin arzularına bir addım da yaxınlaşılır. 
Azad edilmiş ərazilərdə tikilən məktəblər, məscidlər, muzeylər, mədəniyyət mərkəzləri onların arzularının da davamıdır. Onların xəyal etdiyi azad Azərbaycan artıq reallığa çevrilir. Bu yalnız bərpa və quruculuq prosesi deyil, həm də şəhidlərin ruhuna göstərilən ehtiramın ifadəsidir. Hər daş qoyduqca, hər bina ucaltdıqca, hər şəhəri yenidən qurduqca onları xatırlayırıq.
Bu gün şəhid memarların adları universitetlərin xatirə guşələrində, fakültə divarlarında, müəllimlərin və tələbələrin yaddaşında yaşayır. Gənc memarlar onların şəkillərinə baxıb anlayırlar ki, memarlıq yalnız gözəl bina yaratmaq bacarığı deyil. Bu peşənin arxasında məsuliyyət, vətəndaşlıq və mənəvi mövqe də dayanır. 
Bizim vəzifəmiz isə şəhid memarların qəhrəmanlıqlarının yazıldığı səhifələri unutdurmamaqdır. Onların xatirəsini yaşatmaq yalnız adlarını çəkməkdən ibarət deyil. Onların arzuladığı qurucu, yaradıcı və milli memarlıq düşüncəsini davam etdirmək, Vətənin şəhərlərini və kəndlərini daha gözəl, daha mənalı və daha yaşanılan məkanlara çevirmək də həmin xatirəyə ehtiramın bir formasıdır.
Şəhid memarların xatirəsi, sadəcə, keçmişə aid bir yadigar deyil. O, gələcəyə baxan bir pəncərədir. Həmin pəncərədən baxanda görünən Azərbaycan onların yarımçıq qalmış arzularının deyil, davam edən əməllərinin ölkəsidir. Çünki bəzi memarlar öz yaşamlarında əlləri ilə bina tikə bilmədilər, amma şəhadətləri ilə gələcəyin təməlini qoydular.
Şəhid memarlar Vətənin daşını qorudular, onun ruhunu yaşatdılar və azadlığının memarlarına çevrildilər.

Brilyant CƏFƏRLİ
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Nəşr edilib : 09.11.2026 20:10