NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Zəfər Günü Azərbaycan xalqının milli qürurunun bərpa olunduğu gündür

...

Tarixboyu həmişə birləşməyi bacaran, həmrəylik nümayiş etdirən millətlər, xalqlar qələbəyə nail ola biliblər. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu diplomatiyası, müdrik, uzaqgörən siyasəti ətrafında birləşib “dəmir yumruğ”a çevrilən xalqımız məhz milli birliyi sayəsində böyük Zəfər qazandı. Qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarixboyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti,  beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Bu ifadələr 30 ilə yaxın düşmən tapdağında olan Qarabağımızın, ürəyi Qarabağ həsrəti ilə döyünən xalqımızın zəfər yürüşündə qalib sərkərdəsinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qələbə sevinci, ədalətin bərpa olduğu, illərlə beynəlxalq təşkilatların bacarmadığı qalibiyyət nitqindəndir.

1988-1994-cü illər ərzində Azərbaycanın 20 faiz torpaqlarını havadarlarının dəstəyi ilə işğal edən, dinc əhaliyə divan tutub, yaşayış məntəqələrini və mədəni irsimizi dağıdan, tar-mar edən mənfur ermənilərin düşüncələrinin alt-üst olduğu gün oldu 27 sentyabr 2020-ci il. Həmin gün şanlı Zəfər yolunda bütöv Azərbaycan xalqı həmişəki kimi öz sərkərdəsi ilə, igid, mərd, cəsur əsgər və zabitləri ilə birlik olub düşmənə qarşı amansız mübarizəyə başladı. Ermənilərin 30 illik yolunu 44 günə fəth etdi məğrur Azərbaycan Ordusu. Müzəffər Ali Baş Komandan hər gün kəndlərin, şəhərlərin, yüksəkliklərin düşməndən geri alınması xəbəri ilə xalqımıza yeni sevinc, müjdə bəxş etdi. Yurd həsrəti, torpaq həsrəti ilə yanan hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı sevinc göz yaşlarına boğuldu. Uzun illər BMT-nin, ATƏT-in bərpa edə bilmədiyi ədaləti bərpa etdi məğrur, yenilməz ordumuz. Zəfər yolunun yolçuları dünya hərb tarixində analoqu olmayan şücaət göstərərək xalqımızın yeni qəhrəmanlıq salnaməsini yazdı. Beləcə, “dəmir yumruq” düşmənə tarixboyu unuda bilməyəcəyi dərsini verdi. Cəmi 44 günə…Neçə-neçə qərinələr yaşanacaq, amma bu qəhrəmanlıq dastanı heç vaxt unudulmayacaq.

Dünya hərb tarixinə öz damğasını vuran Şuşa döyüşləri bir daha Ali Baş Komandanın qətiyyətli mövqeyini, Azərbaycan əsgərinin rəşadətini, şücaətini, xalqımızın birlik-bərabərliyini nümayiş etdirdi. Və nəhayət, 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsi ilə Odlar Yurdu Azərbaycanın şanlı tarixinə “Zəfər Günü” kimi yazıldı 8 noyabr tarixi.  2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Prezident cənab İlham Əliyev xalqımızın və dövlətimizin qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi üçün noyabrın 8-i tarixini respublikamızda Zəfər Günü elan etdi. Artıq həmin Zəfərdən dörd il ötür. Ölkəmizdə hər il Zəfər Günü tariximizin ən qürurlu, fəxarətli günü kimi möhtəşəm və coşqu ilə qeyd edilir.

44 günlük qələbə ilə bütün dünyaya öz gücünü sübut edən Azərbaycan beynəlxalq aləmdə yeni reallıqlar yaradıb. Və həmin reallıqlar beynəlxalq birlik tərəfindən qəbul edilir. Bu da davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir. Qətiyyətlə deyə bilərik ki, Şanlı Qələbəmizdən sonra respublikamızda yeni dövr başlayıb. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri uğurla icra olunur. Həyata keçirilən abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, vaxtilə mənfur ermənilər tərəfindən qəsb edilmiş, viranə qoyulmuş kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz və tarixi abidələrimiz tezliklə bərpa olunacaq, bütöv Qarabağımız çiçəklənəcək.

Dahi ingilis yazıçısı Uilyam Şekspir yazırdı: Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü həmin millətin gənclərinin alacaqları tərbiyədən asılı olur. Gənclik müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür. Bu gün Prezident cənab İlham Əliyevin yeni çalarla zənginləşdirdiyi Azərbaycançılıq ideologiyası ətrafında birləşən müasir Azərbaycan gəncliyinin üstün keyfiyyətlərindən biri də onların liberal baxışlara, yüksək tolerantlıq mədəniyyətinə malik olmaları, multikulturalizm ideyasına milli birliyi təmin edən mühüm vasitə kimi yanaşmalarıdır. Hər bir gənc dərk edir ki, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan burada yaşayan bütün vətəndaşların vahid və bölünməz Vətənidir.

Müasir gənclik dövlətçilik atributlarına hörmətlə yanaşır, tariximizin, milli-mənəvi dəyərlərimizin, dövlət sərhədlərimizin qorunmasını, Vətən, torpaq uğrunda mübarizəni özünün vətəndaşlıq borcu sayır. Sevindirici haldır ki, Vətən müharibəsinin tarixi Zəfərlə yekunlaşmasında xalq-hakimiyyət birliyi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, müdrik diplomatiyası və mükəmməl ordu quruculuğu strategiyası ilə yanaşı, gənclər siyasəti də həlledici rol oynayıb. Başqa sözlə, ölkə gənclərinin kamil milli ideologiya əsasında yetişdirilməsi Vətən müharibəsindəki layiqli Qələbəmizi təmin edib. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki bunu həmişə etmişik. Elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil, əlbəttə ki, bütün sahələrdə özünü göstərir.

Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində etnik mənsubiyyətindən, irqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən asılı olmayaraq, hər bir fərdin ərazi bütövlüyümüzün bərpasında fəal iştirak etməsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi bu ideologiyanın qüdrətini bütün dünyaya göstərib. 

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi çoxşaxəli layihələr Azərbaycançılıq ideologiyasının ictimai təfəkkürdə daha da möhkəmlənməsini təmin edib. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə müxtəlif sahələrdə reallaşdırılan layihələr cəmiyyətin mənəvi yüksəlişinə, sosial rifaha, insanlarda humanizm və insanpərvərlik hisslərinin güclənməsinə, ən başlıcası isə Azərbaycançılığın tam mahiyyəti üzrə dünyaya təqdimatına xidmət edir. “Şuşa ili”ndə Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyət paytaxtımız olan azad Şuşada keçirilməsi də bu baxımdan böyük siyasi əhəmiyyət kəsb etməklə yanaşı, həm də böyük rəmzi məna daşıyır. Adı tarixə Zəfər qurultayı kimi düşən bu forum bir tərəfdən Azərbaycan xalqının sarsılmaz birliyinin təcəssümü, digər tərəfdən isə Vətənini və xalqını canından artıq sevən Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə milli ehtiramın ifadəsidir.

Cəmiyyəti milli ideologiya ətrafında birləşdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev postmüharibə dövrü üçün müəyyən etdiyi milli hədəfləri – azad edilmiş ərazilərdə bərpa və quruculuq layihələrini, “Böyük Qayıdış” proqramını, Qarabağ ermənilərinin reinteqrasiyası prosesini uğurla reallaşdırır. Bu möhtəşəm hadisə bir daha göstərir ki, heç bir xarici təzyiq və təhdiddən çəkinməyən, qətiyyətli siyasət yürüdən Prezident cənab İlham Əliyev milli maraqlarımızın, ərazi bötövlüyümüzün, suverenliyimizin ən böyük qarantıdır. Son proseslər fonunda xalqımız bir daha əmin olub ki, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına güvənən dövlət başçısı Azərbaycanı yaxın illərdə nəinki regionun, ümumən, Avropanın ən qüdrətli dövlətlərindən birinə çevirəcək.

 Bu gün dövlətimiz qalib dövlət kimi yaşayır və bundan sonra da qalib dövlət kimi əbədi yaşayacaq. Təntənə ilə qeyd etdiyimiz Zəfər Günü xeyirin şər üzərində qələbəsi və ədalətin təcəssümüdür. Ali Baş Komandanın rəhbərliyi altında birləşən xalqın qəhrəmanlığı və əzmkarlığı, Vətən uğrunda şəhid olan övladlarımız əsla unudulmayacaq, çünki onlar müqəddəs amal uğrunda – Ana Vətən torpaqlarının düşmən tapdağından azad olunması yolunda canlarını fəda ediblər. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.

İlahi ABBASOV

Naxçıvan şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu

Nəşr edilib : 05.11.2024 12:29