NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsi təklif olunub

...

Türkiyənin İstanbul şəhərində davam edən “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Kino Zirvəsi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, 10 ölkə və 10 muxtariyyatı təmsil edən kino xadimlərinin bu sahədəki mövcud əlaqələrinin vəziyyətinin müzakirə edildiyi tədbirdə Türk dünyasının kino sahəsindəki yaradıcı potensialını birləşdirmək və ortaq layihələrin icrası istiqamətində əməkdaşlıq imkanları araşdırılıb.
Tədbir iştirakçıları türk dövlətləri üçün Avropa Şurasının kinonu dəstəkləməyə xidmət edən “Eurimages” proqramına bənzər formatın yaradılması imkanlarını nəzərdən keçiriblər.
Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Audiovizual və yaradıcı sənayelər şöbəsinin müdiri Turan Məmmədli son üç il ərzində ölkəmizdə kino sənayesinin inkişafı ilə bağlı məlumat verib. O bildirib ki, təmsil etdiyi qurum 2023–2026-cı illər ərzində ümumilikdə 130 film layihəsinə maliyyə dəstəyi göstərib. Bu layihələrdən 73-nün istehsalı başa çatdırılıb, 57 filmin istehsalı hələ davam edir.
Turan Məmmədli rejissor Vaqif Mustafayevin altı türk dövlətinin dəstəyi ilə çəkilən "Nasreddin Hoca" (“Molla Nəsrəddin: Çətin günlərimin dostu”) tammetrajlı bədii filminin kino sahəsində əməkdaşlığın uğurlu nümunəsi olduğunu vurğulayıb.
O, birgə tədbirlərin təşkili və əməkdaşlığın genişləndirilməsi, eləcə də ortaq film layihələrinin maliyyələşdirilməsi üçün xüsusi fondun yaradılmasının zəruriliyini vurğulayıb.
Turan Məmmədli türkdilli ölkələrin uşaq auditoriyası üçün animasiya filmlərinin birgə istehsalı sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, dekabr ayında Bakıda Türk Dünyası Animasiya Gününün keçirilməsini təklif edib.

Nəşr edilib : 04.11.2026 21:45